Azərbaycanın xarici işlər
nazirinin Münxendə bir
sıra görüşləri olub
Fevralın 16-da Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Qırğız Respublikasının xarici işlər naziri Çingiz Aydarbekov ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tərəflər Azərbaycan ilə Qırğızıstan arasında mövcud olan əməkdaşlıq münasibətlərini müzakirə edib, ikitərəfli əlaqələrin bütün istiqamətlər üzrə daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Nazirlər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) çərçivəsində əməkdaşlıq məsələlərinə toxunaraq, iştirakçı ölkələr arasında iqtisadi-ticarət və turizm sahələrində əlaqələrin daha da inkişafının önəmini qeyd ediblər. Həmçinin Türk Şurasının növbəti zirvə görüşünə hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə regional məsələlər və qarşılıqlı maraq doğuran digər mövzular müzakirə edilib.
* * *
Fevralın 16-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Xorvatiyanın Baş nazirinin müavini, xarici və Avropa işləri üzrə naziri Mariya Buriç ilə görüşü olub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə nazirlər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərini müzakirə edərək ikitərəfli strateji əlaqələrin hazırkı səviyyəsini məmnunluqla qeyd ediblər.
Tərəflər bir sıra sahələrdə əlaqələrin daha irəli aparılması, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
* * *
Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyada səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Milli Təhlükəsizlik Şurasının baş direktoru Fiona Hill ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tərəflər Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında ikitərəfli dialoq və əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparıblar. Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin hazırkı vəziyyəti barədə ABŞ rəsmisini məlumatlandırıb. Münaqişənin həllinin bölgədə dayanıqlı inkişaf və əmin-amanlığı təmin edəcəyi vurğulanıb.
Görüş
zamanı tərəflər arasında, həmçinin
qarşılıqlı maraq doğuran regional və
beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Azərbaycan.-
2019.- 17 fevral.- S.3.