Sahibkarlara daim diqqət göstərilir

 

Fevralın 16-da Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüşü olub, muxtar respublikanın investisiya reytinqində qalib olması ilə bağlı təqdimat keçirilib. Ali Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Vasif Talıbov çıxışında deyib: "Ölkəmizdə yaradılan əlverişli biznes mühiti və özəl sektora göstərilən diqqət sahibkarlığın inkişafı üçün geniş imkanlar açıb. Ölkə Prezidenti cənab İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransda demişdir ki, "Sahibkarlıqla bağlı siyasətimiz davam etdiriləcək. Sahibkarlara dövlət tərəfindən böyük dəstək verilir - həm mənəvi dəstək, siyasi dəstək, həm də maddi dəstək. Azərbaycan nadir ölkələrdəndir ki, öz sahibkarına bu qədər diqqət göstərir”.

Ali Məclisin Sədri deyib: "Naxçıvan Muxtar Respublikasında sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, ümumi daxili məhsulda özəl bölmənin xüsusi çəkisi artaraq 88 faizi ötmüşdür. Hazırda muxtar respublikada 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir. Bu gün muxtar respublikada istər sənayenin, istərsə də kənd təsərrüfatının inkişafı sahibkarlıq fəaliyyəti üçün yaradılan şərait nəticəsində mümkün olmuşdur. Bir faktı qeyd etmək yerinə düşər ki, hazırda muxtar respublikada məşğul əhalinin 83 faizə yaxını özəl sektorda çalışır. Sənaye sahəsində məhsul istehsalının 94 faizi, tikintidə görülən işlərin və nəqliyyat xidmətinin 78 faizi, rabitə xidmətinin 82 faizi, kənd təsərrüfatı, ticarət və ictimai-iaşə xidmətlərinin isə 100 faizi özəl bölmənin payına düşür ki, bu da çox yüksək göstəricilərdir”.

Ali Məclisin Sədri sağlam rəqabət mühiti formalaşdırdığına görə "Caspian European Clubun rəhbərliyinə, eləcə də ölkəmizin və muxtar respublikanın sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasında əməyi olan bütün sahibkarlara təşəkkür edib.

"Sahibkarlığın inkişafında məqsəd ondan ibarətdir ki, daha çox məhsul istehsal olunsun, daha çox yeni yerləri açılsın, sahibkarlıq subyektlərinin ixrac imkanları artsın, ailə təsərrüfatları genişlənsin. Bunun üçün muxtar respublikada hər cür imkan və şərait yaradılıb. Qalır təşəbbüs göstərmək, fəaliyyəti genişləndirmək, rəqabətədavamlı məhsul istehsal etmək və ölkəmizin ümumi inkişafına töhfə vermək”, - deyən Ali Məclisin Sədri ümummilli lider Heydər Əliyevin "Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur” fikirlərini xatırladıb, bu yolda sahibkarlara və tədbir iştirakçılarına uğurlar arzulayıb.

Tədbirdə "Caspian European Clubun 2018-ci il üçün Azərbaycanın iqtisadi regionlarının 18 parametr üzrə hazırlanmış illik investisiya reytinqində Naxçıvan Muxtar Respublikasının ən yüksək ümumi bal toplayaraq ardıcıl ikinci dəfə lider olması ilə bağlı təqdimat keçirilib.

"Caspian European Clubun sədrinin birinci müavinibaş icraçı direktoru Telman Əliyev dünyanın 70 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən "Caspian European Clubun 2018-ci ildə ölkəmizin 10 iqtisadi regionu üzrə hazırlanan illik investisiya reytinqində Naxçıvan Muxtar Respublikasının ikinci dəfə lider olması və muxtar respublikanın yaranmasının 95-ci ildönümü münasibətilə təbriklərini çatdırıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının investisiya reytinqində qalib olması artıq bir ənənəyə çevrilib. Bu da ulu öndər Heydər Əliyevin vətəni Naxçıvan Muxtar Respublikasında yaradılmış sabitliyin, özəl sektorun inkişafına göstərilən qayğının, açılan yeni yerlərinin və rəqabətədavamlı məhsul istehsalının nəticəsidir.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri, "Cahan HoldinqKommersiya Şirkətləri İttifaqının direktoru Vüqar Abbasov, "Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru Kamil Yusifov, "Zümrüd Geyim” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, qadın sahibkar Mehrəngiz Əkbərova, Babək rayonunun Hacıvar kəndində fəaliyyət göstərən heyvandarlıq təsərrüfatı və süd məhsullarının istehsalçısı İlqar Mirzəyev çıxış edərək Naxçıvanda sahibkarlara adamlarına yaradılmış şəraitə görə dövlətə minnətdarlıqlarını bildiriblər.

Sonra Ali Məclisin Sədri yeni istehsal və xidmət sahələrinin yaradılması üçün 14 sahibkara güzəştli kreditlərin çeklərini təqdim edib. Bu kreditlər ərzaq məhsulunun istehsalına, quşçuluq təsərrüfatının yumurtalıq sahəsinin yenidən qurulmasına, birdəfəlik istifadə üçün kağız stəkan istehsalı, ətlik istiqamətində heyvandarlıq, damazlıq arı təsərrüfatlarının və balın emalı sahələrinin, arıçılıq təsərrüfatlarının genişləndirilməsinə, meyvə-tərəvəz məhsullarının, yabanı növ bitkilərin tədarükü və konservləşdirilməsinə, limon istixana təsərrüfatının, eləcə də soyuducu anbarın yaradılmasına sərf olunacaqdır.

Tədbirdə 2018-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafından bəhs edən film nümayiş etdirilib.

Ali Məclisin Sədri Naxçıvan Biznes Mərkəzinin sərgi salonunda muxtar respublikada istehsal olunan məhsullardan ibarət sərgiyə baxıb.

 

Azərbaycan.- 2019.- 17 fevral.- S.5.