Dmitri Savelyev: “Bu insident Rusiya-Azərbaycan dostluq münasibətlərinin inkişafı tempinin yavaşlamasında maraqlı olan şəxslərin təxribatıdır”

 

Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Dövlət Dumasının deputatı Dmitri Savelyev Moskvada azərbaycanlılar çeçenlər arasında səs-küyə səbəb olmuş hadisəyə birmənalı qiymət verib: "Bu insident Rusiya-Azərbaycan dostluq münasibətlərinin inkişafı tempinin yavaşlamasında maraqlı olan şəxslərin təxribatıdır”.

AZƏRTAC xəbər verir ki, D.Savelyev jurnalistlərlə söhbətində deyib: "Rusiya Federasiyası, o cümlədən onun tərkibinə daxil olan Çeçenistan Respublikası üçün Azərbaycanla münasibətlər strateji xarakter daşıyır və ölkələrimiz arasında dostluq əlaqələri ildən-ilə möhkəmlənir. Xatırladıram ki, 2018-ci il bu mənada iqtisadiyyat, siyasət və mədəniyyətdə bütün göstəricilər üzrə rekord ili olub. Ötən il əsrin dörddə biri ərzində müzakirə olunan Xəzər dənizinin statusunun, nəhayət ki, müəyyən edilməsini xatırlatmaq kifayətdir. Dövlətlərimizin liderlərinin müəyyən etdikləri əlaqələrin inkişafı kursunun üfüqi müstəvidə, insani münasibətlər səviyyəsində tamamilə dəstəklənməsi və məhz regionların hesabına Rusiya və Azərbaycan arasında çoxəsrlik qardaşlıq əlaqələrinin möhkəmlənməsi də böyük əhəmiyyət kəsb edir. Azərbaycanla Çeçenistanın çoxşaxəli əlaqələri isə iqtisadi sahədə Rusiya-Azərbaycan birgə layihələrinin inkişafının perspektivli istiqamətlərindən biridir.

Şəksizdir ki, ölkələrimizin mövqelərinin güclənməsi üçüncü qüvvələri narahat edir. Həmin epizodun KİV-də bu cür əks-səda doğurması məhz onların təsirinin nəticəsidir. Şübhə yoxdur ki, həmin insidentin hüquq mühafizə orqanları tərəfindən təhqiqatına ehtiyac var. Eyni zamanda, hökumətlərarası strukturlar bu epizodun KİV-də bu qədər şişirdilməsinin səbəbini araşdırmalıdır”.

 

Azərbaycan.- 2019.- 17 fevral.- S.6.