Azərbaycan Niderlanddan necə görünür?
Vüqar Abbasov:
"İnkişafımızın yolu təhsildən,
düşməni yaxşı tanımaqdan, inteqrasiya
və milli kimliyimizə
bağlılıqdan keçir”
Diaspor fəaliyyəti Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Son illərin reallıqları ondan ibarətdir ki, Azərbaycan diasporu Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrdən irəli gələrək həm öz fəaliyyətini yeni mərhələyə yüksəldib, həm də xarici ölkələrin ictimai-siyasi həyatında fəallaşıb.
11 ildir Niderlandda yaşayan Vüqar Abbasov da Azərbaycanın bu ölkədə tanınması istiqamətində mühüm işlər görüb. Azərbaycanla Niderland Krallığı arasında qarşılıqlı hörmət prinsiplərinə əsaslanan dostluq əlaqələri var. Azərbaycan və Niderland Jurnalistlər Birliklərinin (AJB və NJB) üzvü olan və 2008-ci ildən ailəsi ilə birlikdə Niderlandda yaşayan Vüqar Abbasov diaspor fəaliyyətində gördüyü işlərdən söz açır.
Azərbaycanın təbliği üçün
bacardığım qədər çalışıram
- 1974-cü ildə
Beyləqan rayonunda anadan olmuşam. Qərb Universitetində politologiya
ixtisası üzrə
təhsil almışam.
1993-2008-ci illərdə Azərbaycan Dövlət Televiziyasında jurnalist işlədim. Hazırda
Niderlandda Qaçqınlarla
İş Üzrə
İdarədə çalışır,
eyni zamanda "Connect”
təşkilatına sədrlik
edirəm. Təşkilatı 2015-ci ildə həmkarım
Vim van Embdenlə (Wim
van Embden) birlikdə yaratdıq. Hədəfimiz Azərbaycanla Niderland
arasında işgüzar
əlaqələrin artmasına
töhfə verməkdir.
Ölkəmizi burada daha çox tanıtmaq və Ermənistanın işğalçılıq siyasətini,
Xocalı soyqırımını
yerli insanlara, eləcə də siyasət adamlarına çatdırmaq əsas hədəfimizdir. Həm də
Azərbaycan və Niderland jurnalistlər birliyinin üzvüyəm.
Birliyin üzvü olmaq mənə yerli siyasət adamları ilə görüşmək,
onlardan müsahibələr
almaq imkanı yaradır. Niderland parlamentinin deputatları,
nazir, bələdiyyə
başçıları, jurnalistlər
və digər siyasilərlə görüşlərim
olub. Yerli mətbuatda Azərbaycanla
bağlı çoxsaylı
məqalələrim dərc
edilib.
Elə bu yaxınlarda yerli radiolardan birində qonaq oldum. Proqram canlı idi
və bir saat çəkdi. Proqram boyunca həm Azərbaycandan, işğal
olunmuş torpaqlarımızdan,
turizm imkanlarımızdan
danışdıq, həm
də altı xalq musiqimiz səsləndirildi. Hesab edirəm
ki, bu, Azərbaycanın
təbliği üçün
çox faydalı oldu. Xoş olan məqamlardan biri də o oldu ki, verilişdən
öncə proqramın
aparıcısı Cənubi
Azərbaycandan olan soydaşımız Parisa Arslaninin ifasında "Sarı gəlin” mahnısını şəxsi
"facebook” səhifəsində
paylaşaraq növbəti
proqramının Azərbaycana
həsr olunacağını
yazmışdı. Proqramdan sonra
niderlandlı tanışlarım
fikirlərini bölüşdülər.
Bir neçə jurnalist dostumuz, elə aparıcı da Azərbaycanı görmək
istədiklərini dilə
gətirdilər. İmkanlaşdıra bilsəm, o jurnalistlərin
ölkəmizə səfərlərini
təşkil edəcəyəm.
Niderland məsəli
- "hər vaxt daha yaxşısı mümkündür”
- Niderlanddakı təşkilatların hər
biri bacardıqları
qədər fəaliyyət
göstərməyə çalışırlar.
Problemlər var və nə qədər yaxşı fəaliyyət
olsa da, problemlər yenə də olacaq. Çünki iş olan yerdə çatışmazlıqlar da
mütləq olmalıdır.
Sadəcə olaraq bütün
bunlara dözümlü
yanaşmaq lazımdır.
Niderlandlıların bir
sözü var: "Hər vaxt daha
yaxşısı mümkündür”.
Düşünürəm ki, "ən yaxşı müdafiə
hücumdur” misalı çox doğrudur və öz tərəfimdən bunu etməyə çalışıram. Heç vaxt
gözləmirəm ki,
erməni diasporu hansısa tədbir keçirəcək və
mən sonra onlara cavab verim.
İmkan
etdiyim qədər qəzetlərdə, radioda
çıxışlar etməyə
çalışır, ikitərəfli
və çoxtərəfli
görüşlər keçirirəm.
Erməni təşkilatlarının saytlarını mümkün
qədər nəzarətdə
saxlamağa çalışıram.
Ən əsası isə çalışıram ki,
haqlı olduğumuz məqamları niderlandlı
dostlarıma, yerli insanlara onların dili ilə çatdıram.
2016-cı ildə
həmkarım Vim van Embdenlə
birlikdə Azərbaycanda
Dünya Azərbaycanlılarının
IV Qurultayında iştirak
etmişdik. Azərbaycanı öz gözləri
ilə görəndən
sonra Vim ölkəmizlə
bağlı daha çox danışmağa
başladı. Məsələn, dəfələrlə yerli
qəzetlərə müsahibələrində,
radiolarda çıxışlarında
Ermənistanın Azərbaycan
torpaqlarını işğalından
danışıb, Azərbaycan
haqqında söz açıb. Müşahidələrimə görə, bu
kimi addımlar daha effektiv təsir
göstərə bilir.
Odur ki, jurnalist dostlarımı
da Azərbaycana gətirməkdə maraqlıyam.
Qoy, öz gözləri ilə həqiqətlərimizi
görsünlər və
o zaman burada daha rahatlıqla sözlərini deyə bilərlər. Bunlar təşkilatımızın
ermənilərə qarşı
görmüş olduğu,
görmək istədiyi
işlərin bir hissəsidir.
İstədiyim odur ki, ölkəmiz
sözün həqiqi
mənasında qazansın. Çalışırıq ki, biz kimdənsə
zəif olmayaq, elə diaspor kimi də. ABŞ-dakı erməni
diasporu uzun bir yol keçdikdən
sonra güclənib.
Ermənilərin Amerikaya ilk köçü
XX əsrin əvvəllərində
olub, əsas fəaliyyətləri isə
həmin əsrin yetmişinci illərindən
başlayıb. ASALA-nı da həmin
illərdə yaradıblar
və ilk işləri
də dünyadakı
türk diplomatları
qətlə yetirmək
olub.
Güclənmək üçün zaman lazımdır, ancaq zamanı da boşuna xərcləməli,
özümüzü aldatmalı
deyilik. İyirminci əsrin əvvəllərinə
kimi tarixdə erməni dövləti olmadığı üçün
onlar hər yerdə, diaspor kimi yaşayıb, fəaliyyət göstəriblər.
XIX əsrin əvvəllərində
ABŞ-dan Osmanlıya
gələn missionerlər
ermənilərlə iş
aparmağa başlayıblar
və sözsüz ki, məqsədləri Osmanlıya, türkə qarşı düşmən
hazırlamaq idi. Nəhayət, ilk erməni təşkilatı
XIX əsrin səksəninci
illərinin sonlarında
yaradıldı. Onlar mübarizələrini
hər zaman himayədarlarının dəstəyi
ilə aparıblar.
İndi
biz birdən-birə, həm
də təkbaşına
gəlib erməni diasporuna çata bilmərik. Ancaq mübarizə aparmaq,
güclənmək lazımdır.
Üzeyir Hacıbəylinin dili ilə desək,
birdən-birə fildən
yapışmaq lazım
deyil.
Düşməninlə mübarizə
aparmaq üçün
onu yaxından tanımalısan
- Düşməninlə mübarizə aparmaq üçün onun fəaliyyəti ilə bağlı çox oxumalı, öyrənməli və onu yaxından tanımalısan. Çalışıram ki, barələrində məlumatları tapım, düşmənimizi daha yaxşı tanıyım. Çox istərdim ki, xaricdəki təşkilatlarımız bir-biriləri ilə yox, düşmənə qarşı mübarizə aparsınlar. Dost olmaq, birləşmək vacib deyil, yetər ki, qarşılıqlı münasibətlər gərgin olmasın.
Diaspor geniş anlayışdır. Hərə bunu bir cür anlayır. Tərəfdarıyam ki, diaspor fəaliyyətinə də bir qədər savadlı yanaşma olsun. Anım və tanıtım tədbirlərinin keçirilməsini, müxtəlif bayramlarımızın təşkilini əhəmiyyətli sayıram. Bu cür tədbirlər diaspor üzvləri arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. Bir-birimizə qaynayıb-qarışmalıyıq. Fikir ayrılıqlarımız şəxsi münasibətlərə təsir etməməlidir. Əbu Turxanın bir sözü burada yerinə düşər: "Bütövləşmək əzmində olan yarımçıq dağılmaq ərəfəsində olan bütövdən daha dəyərlidir”.
Güclənmək üçün tədbirlərlə paralel başqa işlər də görülməlidir. Məsələn, mətbuatla, müxtəlif institut və universitetlərlə, digər xalqların diaspor təşkilatları ilə və s. işləmək lazımdır. Ancaq bunları edərkən öz ölkən barədə yetərincə məlumatlı olmalısan.
Azərbaycan diasporu ölkəmiz üçün strateji əhəmiyyət daşıyan ölkələrdə daha da güclənərsə, dövlətimizin xarici siyasətində uğurların əldə olunmasına öz töhfələrini verə bilər. Əminik ki, Vüqar Abbasovun timsalında digər təmsilçilərimiz də bundan sonra da Prezident İlham Əliyevin Azərbaycan diasporu qarşısında müəyyən etdiyi vəzifələrin həyata keçirilməsində layiqincə iştirak edəcək.
Fərizə ƏHMƏDOVA
Azərbaycan.- 2019.- 17 fevral.-
S.7.