Əddis-Əbəbə Universitetinin kitabxanasına Xocalı soyqırımına, ölkəmizin tarixi və mədəniyyətinə dair kitablar təqdim edilib

 

Efiopiyanın və ümumiyyətlə, Şərqi Afrikanın ən böyük universitetlərindən biri hesab olunan Əddis-Əbəbə Universitetinin C.Kennedi adına kitabxanasına Azərbaycan Respublikasının Əddis-Əbəbədəki səfirliyi tərəfindən Xocalı soyqırımı, eləcə də ölkəmizin tarixi və mədəniyyəti barədə kitablar təqdim edilib.

AZƏRTAC xəbər verir ki, səfir Elman Abdullayev kitabxananın müdiri Mesfin Gezahegn Abera ilə görüşdə ölkəmizin müstəqilliyinin bərpasından başlayaraq bugünədək keçdiyi tarix barədə məlumat verib. O, 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərinin dinc sakinlərinə qarşı soyqırımı törətdiklərini vurğulayıb. Kitabxananın müdiri M.G.Abera Azərbaycan səfirliyinin təqdim etdiyi bu kitabların ölkəmiz haqqında önəmli məlumatları öyrənmək baxımından həm Efiopiyanın, həm də universitetdə təhsil alan digər Afrika ölkələrinin tələbələri üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirib. O, bu kitabların yaxın zamanda artıq 1 milyon 200 min kitabın yerləşdirildiyi universitetin elektron kitabxanasına yüklənəcəyini və tələbələrin həm kitabxana, həm də internet vasitəsilə bu kitablarla tanış olmaq imkanını əldə edəcəklərini söyləyib.

 

Azərbaycan.- 2019.- 17 fevral.- S.6.