Heydər Əliyev Mərkəzində rus
avanqard rəssamlarının nadir əsərlərindən ibarət sərgi
açılıb
Heydər Əliyev Mərkəzində
"Zamanında. Rusiya regional muzeylərinin
1900-1930-cu illərə aid rus
avanqardı kolleksiyaları. Üçüncü hissə” adlı sərgi açılıb.
AZƏRTAC xəbər
verir ki, ekspozisiyada Rusiyanın 17 şəhərindəki regional muzeylərdən toplanmış
nadir avanqard kolleksiya nümayiş olunur.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılış mərasimində
iştirak edib.
Mərasimdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov çıxış edərək
sərgi ilə bağlı fikirlərini bölüşüb. Ölkəmizin mədəni həyatında
bir çox tədbirlərin keçirildiyini
deyən Anar Ələkbərov bildirib
ki, Heydər Əliyev Mərkəzi ənənəvi olaraq bu cür tədbirlərin
təşkil edildiyi məkana çevrilib.
Burada keçirilən tədbirlər
hər zaman yüksək qiymətləndirilir.
Bu layihənin üzərində
uzun zamandır iş aparıldığını
deyən direktor sərginin ərsəyə
gəlməsindən məmnunluğunu
bildirib. O, sərginin ölkəmizdə ilk dəfə
keçirildiyini diqqətə
çatdıraraq layihənin
reallaşmasında göstərdikləri
dəstəyə görə
Azərbaycanın Birinci
vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Fondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığını bildirib.
Sərginin fevralda açılmasının təsadüfi
olmadığını vurğulayan
Anar Ələkbərov
bildirib ki, bu ay tanınmış avanqard klassiki, sərgidə əsərləri
nümayiş olunan Kazimir Maleviçin anadan olmasının 140 illik yubileyi qeyd edilir.
Heydər Əliyev
Mərkəzinin direktoru
layihənin reallaşmasında
Rusiya Yəhudi İcmaları Federasiyasının
prezidenti, Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinin
baş direktoru Aleksandr Borodanın və sərginin kuratoru, incəsənət
tarixçisi Andrey Sarabyanovun da xidmətlərini xüsusi
vurğulayıb.
Rusiya Yəhudi
İcmaları Federasiyasının
prezidenti, Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinin
baş direktoru Aleksandr Boroda deyib ki, Rusiyanın
regional muzeylərindən toplanan
bu əsərlərin
nümayişi Heydər
Əliyev Mərkəzi,
Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzi, Moskva Müasir İncəsənət
Muzeyinin birgə səyləri nəticəsində
mümkün olub. Aleksandr Boroda rəhbərlik etdiyi mərkəzin uzun illərdir Heydər Əliyev Mərkəzi ilə səmərəli əməkdaşlıq qurduğunu
diqqətə çatdıraraq
deyib: "Biz Heydər
Əliyev Fondunun rəhbərliyinin qarşılıqlı
hörmət və tolerantlıq prinsiplərini
tam dəstəkləyirik. Azərbaycan Prezidentinin
həyata keçirdiyi
tolerantlıq siyasətinə
hər zaman böyük hörmətlə
yanaşılır. Bu
cür layihələrin
gələcəkdə də
reallaşacağına əminik”.
"Çox
sevinirəm ki, bu gün rus
avanqardı Bakıya gəlib”, - deyən sərginin kuratoru, incəsənət tarixçisi
Andrey Sarabyanov vurğulayıb ki, sərginin Bakıda keçirilməsi təsadüfi
deyil. Bu sərginin özünəməxsusluğu ondadır ki, burada az
tanınan rəssamların
da əsərləri nümayiş olunur. O, sərginin təşkilatçılarına
minnətdarlığını bildirib.
Çıxışlardan sonra qonaqlar sərgidə nümayiş etdirilən əsərlərlə tanış olublar.
Ekspozisiyada avanqard incəsənət tarixinə
mühüm töhfələr
vermiş klassiklərin
- Kazimir Maleviç, Vasili Kandinski, Aleksandr Rodçenko,
Vladimir Tatlin, Aleksandr Ekster, Mark Şaqal ilə yanaşı, Viktor
Bart, Aleksey Qrişenko, Aleksey Morqunov, Sergey Romanoviç,
Pavel Mansurov və digərlərinin yaradıcılığından nümunələr təqdim
olunub. Ümumilikdə 60 əsərin yer
aldığı ekspozisiya
özündə 2016-cı və 2017-ci illərdə
Moskvada nümayiş olunan "Zamanında.
Birinci hissə” və "Zamanında. İkinci hissə”
sərgilərinin eksponatlarını
birləşdirir və
rus avanqardının
1900-cü illərin ortalarında
formalaşmasından başlayaraq
1930-cu illərin əvvəllərindəki
tənəzzülünə qədər olan dövrü əhatə edir. Layihənin əsas ideyası məşhur, az
tanınmış və
ümumiyyətlə tanınmamış
avanqard rəssamların
Rusiya regional muzeylərinin
kolleksiyalarında qorunan
əsərlərini təqdim
etmək, XX əsrin
ilk 30 ilində rus incəsənətindəki əsas
üslubları sərgiləməkdir.
Ekspozisiya Heydər Əliyev Mərkəzində mayın
5-dək açıq olacaq.
Azərbaycan.- 2019.- 19 fevral.- S.6.