Mil düzü nura qərq olmuşdu

 

Prezident İlham Əliyevin Beyləqan səfərinin yaratdığı xoş ovqat yaddaşların şirinunudulmaz xatirəsinə çevrilib

 

Elə bil o gün Beyləqana yaz gəlmiş, qışın soyuğunu, şaxtasını qovmuş, Mil düzündə hər yan nura qərq olmuşdu. Gözlərdəki sevinc, üzlərdəki təbəssüm səmimiyyətdən qaynaqlanırdı. İnsanlar adətən doğmaları, əzizləri ilə görüşdən şadlanar, sevinərlər. Prezident İlham Əliyevlə növbəti görüş beyləqanlılara unudulmaz anlar, xoş ovqat yaşatdı.

Fevralın 13-də keçirilən bu görüş tarixə çevrilsə də, Beyləqanda hələ bayram ab-havası davam edir. Prezidentlə təmasda olan insanlar görüşdən aldıqları sevinclərini paylaşmaqdan zövq alırlar.

Biz də Beyləqanda sakinlərlə söhbət edərkən bunun şahidi olduq. Sürətlə inkişaf edən, dəyişib yeniləşən Beyləqanda diqqət çəkən digər cəhətlər də var. Dövlətin dəstəyindən güc alıb tikinti, abadlıq, quruculuq, kənd təsərrüfatı sahələrində qazanılan uğurlar, yeniliklər insanlarda məmnunluq yaradır. Bu gün beyləqanlıların fəal vətəndaş mövqeyi, yüksək vətənpərvərlik hissi, dövlət təəssübkeşliyi hər kəsdə razılıq doğurur.

Dövlət başçısının unudulmaz tarixi görüşünün yaratdığı xoş təəssürat barədə şəhər sakini Əntiqə Həsənova belə dedi:

- O gün həyatımın ən xoş anlarını yaşadım. Dəfələrlə eşitmişik ki, Prezident İlham Əliyev məmurlara tapşırır ki, vətəndaşlara hörmətlə yanaşsınlar, xalqa vicdanla xidmət etsinlər. Ölkə rəhbərinin Beyləqana səfəri zamanı biz bunun bir daha şahidi olduq. Gördük ki, Prezidentin xalqımıza məhəbbəti, hörməti və ehtiramı sonsuzdur. Görüşdə ailəmizin üzləşdiyi problemlə bağlı müraciət etdim. Dedim ki, cənab Prezident, evimizi təmir etdirməyə maddi imkanımız yoxdur. Elə oradaca problemin aradan qaldırılması ilə bağlı konkret tapşırıqlarını verdi. Mənim gücüm isə səmimi minnətdarlığa çatırdı. Dedim ki, sağ olun, Siz bizə yaşamaq həvəsi verirsiniz.

Beyləqan rayon Ağsaqqallar Şurasının sədri Ələmşah Məmmədquliyev də görüş iştirakçılarındandır. Onun təəssüratları belədir:

- Ömrümün ixtiyar çağında dövlət başçısı ilə görüş mənə çox mətləbləri anlatdı. Bir daha əmin oldum ki, Prezident İlham Əliyevin ən böyük amalı xalqa xidmət etməkdir. Onu bağrına basıb üz-gözündən öpənlərin, alqışlar, dualar edənlərin əhatəsində özünü necə də xoşbəxt hiss edirdi. Güvəndiyi, arxalandığı, etibar etdiyi xalqı ona məhəbbətlə qucaq açırdı. Onu da deyim ki, dövlət başçılarının bir çox görüşlərində iştirak etmişəm. Bu görüşün fərqi onda idi ki, adamlar sərbəst şəkildə istək və arzularını dövlət başçısına çatdırır, dövlət başçısının cavabından məmnun qalırdılar. Görüşün ana xətti doğmalıq və səmimiyyət idi. Bu görüşdə xalq-dövlət birliyi öz parlaq təcəssümünü tapmışdı. Xalq sevinirdi ki, belə mehriban qayğıkeş, hər bir ölkə vətəndaşının Prezidenti, güclü rəhbəri var. Prezidentqüruriftixar hissi keçirirdi ki, güvəndiyi xalq müdrik və qədirbiləndir.

Bu tarixi səfərin hər məqamı unudulmazdır və son dərəcə əhəmiyyətlidir. Heç bir ssenarisi olmayan, hər şeyin təbii alındığı bu görüşün hər xırda detalında belə xalq-dövlət birliyinin təntənəsi boy verir. Səmimi notlara köklənən bu görüşdə beyləqanlı Babək Hacıyev əməkhaqlarının artırılmasına görə Prezidentə minnətdarlığını bildirib sözünü məşhur "Azərbaycanım” mahnısı ilə yekunlaşdırdı.

Çox təsirli məqam idi ki, bu nəğmənin nəqarətini izdihamla birlikdə Prezidentoxudu.

Beyləqan rayonuna budəfəki səfərin proqramı da kifayət qədər zəngin idi. Dövlət başçısı Mİngəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun açılışını etdi. Bu yol 26 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirir. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq ölkədə və eyni zamanda, bölgələrdə yol infrastrukturu sürətlə yaxşılaşdırılır. Beyləqan rayonunun Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli avtomobil yolunun yenidən qurulması layihəsinə yaxın günlərdə start veriləcəkdir. Bu yol iyirmi iki min nəfər əhalinin yaşadığı səkkiz yaşayış məntəqəsini əhatə edəcəkdir.

Prezident Beyləqan Olimpiya İdman Kompleksinin açılış mərasimində də iştirak etdi. İdmançılarla, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə dedi: "Bu mərkəzin yaradılması bizim idman siyasətimizin təzahürüdür, onu göstərir ki, doğrudan da, Azərbaycan idman dövlətidir. Biz çalışırıq ki, bütün bölgələrdə, hər bir rayonda müasir idman kompleksləri tikilsin ki, gənclər, uşaqlar, yeniyetmələr idmanla məşğul olsunlar. Bu şəraiti biz yaradırıq. Deyə bilərəm ki, bu olimpiya idman kompleksi ən yüksək dünya standartlarına cavab verir. Burada bizim gənc idmançılarımız məşq edəcəklər, yarışacaqlar və beləliklə, ölkəmizin idman şöhrətini yüksəklərə qaldıracaqlar”.

Beyləqanlı gənclər bu dəyərli töhfəyə görə dövlət başçısına hədsiz minnətdarlıqlarını bildirdilər.

Əsaslı şəkildə yenidən qurulan Beyləqan Tarix-Diyarşünaslıq Muzeyinin və "Beyləqan-1” yarımstansiyasının açılışları da Prezident İlham Əliyevin iştirakı ilə oldu.

Səfər çərçivəsində rayon ərazisində yeni inşa edilmiş "N” saylı hərbi hissədə yaradılan şəraitlə tanış olan Ali Baş Komandan əsgərlərlə birgə nahar da etdi. Düşmənlə təmas xəttinə yaxın bir ərazidə müasirmodern güclü maddi texniki bazaya malik hərbi hissənin mövcudluğu ordumuzun qüdrətindən xəbər verir. Dövlət iqtisadi imkanlarından istifadə edərək dünyanın inkişaf etmiş ölkələrindən müasir hərbi texnikanın alınıb gətirilməsinə nail olub. Orduda döyüş ruhunun daim yüksək səviyyədə olması üçün zəruri tədbirlər görülüb. Əsgəri balası kimi sevən Ali Baş Komandan onlarla bir süfrədə əyləşməklə orduda xidmət edən hər bir zabitə əsgəri sevmək, onun qayğısına qalmaq, ehtiyacları ilə yaxından maraqlanmaq nümunəsi göstərir. Bu həm də o deməkdir ki, valideynlər orduda xidmət edən övladlarından nigaran qalmırlar, çünki əsgərin həyati təhlükəsizliyi və təminatı dövlət üçün hər şeydən üstündür.

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2019.- 19 fevral.- S.6.