Xocalıda sönən ocaqlar
Vətənimizin hər guşəsinin əsrarəngiz gözəllikləri daim vəsf edilib. Şairlərin şeirlərində, yazıçıların əsərlərində, bəstəkarların mahnılarında, müğənnilərin muğam və segahlarında, rəssamların bənzərsiz tablolarında müqəddəs bir obraz yaradılıb, adına Ana Vətən deyilib. Bu diyara yadların könlü yox, gözü düşüb. Belə gözəgəlimli, tarixi minilliklərə qədər gedən yurd yerlərindən biri də, təəssüf ki, taleyi əvvəldən gətirməyən Xocalıdır. O Xocalı ki, 27 il öncə erməni vandallarının növbəti təcavüzünün qurbanlarından biri kimi yandırıldı, əhalisi soyqırımına məruz qaldı. Xocalının dillər əzbəri olması onun qədimliyi və ya qaçqın-köçkünlərin sığınacaq yerinə çevrilməsi, yaxud maddi-mədəniyyət nümunələri ilə yanaşı, həm də XX əsrin ən dəhşətli faciəsini yaşaması, sakinlərinin bir gecədə ermənilər tərəfindən işgəncələrə məruz qalmaları, amansızcasına qətlə yetirilmələridir.
27 il öncə…
...Bir vaxtlar xocalılıların səsi Qırxqız dağının ətəklərindən gələrdi, əkib-becərər, qayğısız, dərd-sərsiz ömür sürərdilər. Zaman necə dəyişdisə, hər şey alt-üst oldu. İllərdir ki, xocalılıların dərdindən, kədərindən söz açılır, terrorun qurbanlarına çevrilmələrindən danışılır, o qanlı-qadalı günlər xatırlanır. Dağlıq Qarabağda erməni terrorunun ilk qurbanlarından biri olan Miryusif Orucov Meşəlidən idi. 1991-ci il dekabrın 23-də 500 nəfərdən artıq sovet-erməni quldur birləşməsi 300 nəfərlik əhalisi olan Meşəlini mühasirəyə aldı. Onlara köməyə gələn kosalılıların da ciddi müqavimət göstərməsinə baxmayaraq, qaniçənlər kəndi yerlə yeksan etdilər.
Oğlumu, yoldaşımı, qardaşımı itirdim…
Meşəlinin qorunmasında göstərdikləri şücaətə görə Ağdamdan olan Hidayət Rüstəmov Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına, Əli Mehralıyev və Rafiq Orucov isə "İgidliyə görə” medalına layiq görüldülər. Kosaların Mehman Quliyev, Kamil və Şükür Məmmədovlar, Süleyman Ələsgərov, Elman Abdullayev, Sənani Məhərrəmov, Bakir və Əhliman Quliyevlər, Möhübbət Əliyev kimi igidlərinin də adları çəkilməlidir.
O ağır illərdə Xocalıda, ümumiyyətlə Qarabağda torpaqların müdafiəsində dayananlardan, lakin ermənilərin qəsbkar təcavüzü nəticəsində ailə-uşağını itirənlərdən biri, keçmiş döyüşçü Abbasqulu Rüstəmov bu gün də düşməndən qisas almağa hazırdır! Çox ağır bir həyat keçirib. Düşmənin çirkin siyasəti dinc həyatını, əmin-amanlığını, yaşayışını əlindən aldığını deyir: "Torpağımı, ailə-uşağımı məhv edən düşməni unuda bilərəmmi?! Onlarla üzbəüz döyüşmüşəm! Ağır zərbə aldığım üçün illərdir ki, xəstəyəm. Oğlum Natiqlə həyat yoldaşım Dilarəni itirəndən sonra sanki başıma hava gəlib, yuxum ərşə çəkilib...”
Abbasqulu kişinin itirdikləri yalnız bunlar deyil. Qardaşı ilə qayını
da düşmən tərəfindən amansızcasına
qətlə yetiriliblər.
Özü demişkən, saymaqla
qurtarmayan itkilərə
məruz qalıb.
Vaxtilə sovet ordusunun
zabiti olmuş, Sankt-Peterburqda və Murmanskda hərbi məktəbdə oxumuş
Abbasqulu Rüstəmov
Xocalının, ümumiyyətlə
digər rayonların müdafiəsində, həmçinin
Ağdərənin boşaldılmasında
iştirak edib. Döyüş dostlarının çoxu şəhid olub.
Dərdli-naləli xocalılılar ötən
27 ildə daim yad ediliblər. Növbəti dəfə yolumuz xocalılıların daha
sıx məskunlaşdığı,
Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki
"Gənclik şəhərciyi”nədir.
Paytaxtın müxtəlif yerlərindəki
ictimai binalarda, yataqxana və bağçalarda yerləşən
xocalılılar dörd
ildir bu qəsəbəyə köçürülüblər.
Hər cür kommunal şəraitə malik yaşayış binalarından
ibarət qəsəbədə
bütün infrastruktur
yaradılıb.
Bir ailənin
6 şəhidi…
2011-ci ildən
"Gənclik şəhəri”ndə
məskunlaşan Validə
Nəsibova o dəhşətli
gecədə nəsil-nəcabəti
ilə birlikdə ata yurdu Xocalını
itirib. Aradan illər keçsə
də, o gecənin ağrıları azalmayıb.
Bunu vaxtsız ağaran saçlarından, üzünün
qırışlarından, belinin bükülməsindən
hiss etmək çətin
deyil, üstəlik, ürək ağrısı,
əsəb, qan təzyiqi kimi əbədi xəstəliklər
də tapıb.
Bütövlükdə ata ocağı söndürülən Validə
Astan qızı Nəsibova o gecə Tofiq, Eldar və
Telman adlı üç qardaşını,
onların da hərəsinin bir balasını itirib. Sadəcə itirməyib, Xocalının
oduna qalanıb, yanıb kül olublar, ya da
gülləbarana tuş
gəliblər, - bilinmir.
Verdiyi itkilər yalnız bununla bitmir. Bacısının yoldaşı Vaqif
Məmmədov da Xocalı ilə eyni gecədə düşmən gülləsindən
yayına bilməyib.
Atası
Astan Bəhram oğlu Zeynalov belə itkilərə dözə bilməzdi.
Ona görə də Xocalıdan iki addım bu yana atan kimi yurd
nisgilli gözlərini
əbədi yumub:
"O dəhşətli gecədən
danışa bilmirəm.
Elə bil ki, gözlərimə
duman çökür,
yaddaşımda qalanlar
isə qan rəngindədir. O gecə
Xocalıdan çıxıb
Ağdama tərəf
qaçmaq istəyəndə
ermənilər bizi gülləbaran etdilər.
Balaca oğlum Fazil yaralandı, Tofiq Hüseynovun qızını da yanımızda vurdular”, - deyə V.Nəsibova bildirir.
Validə Nəsibova tar-mar edilmiş,
külü göylərə
sovrulmuş ata yurdundan, ana laylasından əli üzülmüşlərin dərdini
dilə gətirə bilmədi. Lakin qəmli çöhrəsinə
çökmüş qüssə-kədərdən
hər şey oxunurdu. Deyir ki, Zərifə,
Tahir, Məhəmmədlə
Çiçək də
bizimlə birlikdə qaçırdılar. Amma
qaça bilmədilər:
"Amansız yağı
kəsdi yolumuzu, bizi qırıb-çatdılar.
Oradan salamat çıxmaq möcüzəydi. Kətikdağ o gecə donub qalmışdı, ermənilərin
xocalılılara tutduqları
amansızlığın şahidinə
çevrilmişdi”.
...Xocalının
Daşbulaq kəndində
dünyaya gəlmiş
Gözəl Hüseynovanın
dərdi də, digər həmdərdliləri
kimi, öncə gözləri qarşısında
itirdiyi doğmaları
və yandırılan
ata ocağıdır. Altı nəfərlik
ailədən salamat qalan qardaşı Vidadi ilə itirdiklərinin həsrətini
çəkməkdə, yollarını
hələ də gözləməkdədirlər. O zülmət gecədən
salamat qurtarıb,
2011-ci ilədək Bayıl
qəsəbəsindəki gəmiqayırma
zavodunun fəhlə yataqxanasında məskunlaşıblar.
Qardaş-bacıdan savayı
həmin ailədən
salamat çıxan olmayıb: Əziz, Tacir, atası Hüseyn, bacıları Maral, Süsən, Ema Xocalı ilə birlikdə erməni vandalizminin qurbanlarına çevriliblər.
Anası dünyasını
çox erkən dəyişdiyindən böyük
bacısı Xoşbəxt
ailə qurmayıb: ömür-gününü qardaş-bacılarına
həsr edib. Bütün bunlar Gözəl Hüseynovanın
Xocalıdan sonra yaddaşında saxladığı
ağrı-acılı xatirələrinin
bir qismidir ki, nə yazılası,
nə də oxunasıdır...
Qoşa oğul
dağı çəkilən
ana
Xocalıda, ümumiyyətlə külli-Qarabağda itirilən hər nə varsa müqəddəsdir, əvəzsizdir. Amma onların ən ağrılısı qoşa oğulları vətənə, torpağa qurban versə də, yurdundan, isti ocağından perik düşən anaların səssiz naləsidir. Almaz Səlimova əmisinin həyat yoldaşının, qayınanasının çəkdiyi bayatı-ağıları xatırladı, qəhər onu boğdu: "Cəhənnəm əzabı yaşadı qoşa oğul itirən ana, qayınanam, əmimin yoldaşı. Balalarının birini "balalı balam”, o birisini "balasız balam”, "toy xınası yaxılmayanım” deyə haray çəkirdi. Onu heç nə ilə ovundura bilmirdilər. Dözə bilmədi bu itkilərə, onu da itirdik. Deyirdi ki, kaş oğlanlarımdan biri qalıb nəsil-kökü yaşadaydı. Mən isə tamamilə özgə cür fikirləşirəm: kaş mənim də bir övlad-uşağım olaydı. O da döyüşüb şəhid gedəydi, atası kimi. Belə olsaydı, mən də təsəlli tapar, torpaq uğrunda bala verən analardan sayılardım...”
Dərdləri dağ boyda olsa da, Almaz Səlimova əmindir ki, Qarabağımızı qaytarmağa qadirik. Dövlət başçısının dəfələrlə bildirdiyi kimi, düşmən o torpaqlardan çıxarılacaq!
Bütün bu nisgillərlə yanaşı, yurd itkisi ilə yaşayanların qəlbinin dərinliklərində söndürülmüş ocaqların odu, alovu, intizar dolu baxışlarının dərinliklərində közərən ümidləri də var. Digər məcburi köçkünlər kimi, onlar da dövlətin göstərdiyi qayğını yüksək dəyərləndirirlər. Düşünürlər ki, Azərbaycan iqtisadi inkişafda, Ermənistan isə bütün sahələrdə sürətlə tənəzzülə uğramaqdadır. Buna görə də Azərbaycanın Ermənistan üzərində qələbəsi şəksizdir!
Bu da dərdli-naləli xocalılıların dilinin əzbərinə çevrilmiş yurd ağrıları. Yaddaşımızı daim kötəkləyir, ayıq-sayıq olmağa səsləyir.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2019.- 19 fevral.- S.9.