Faciədən bəhs edən yeni əsər
Dünya tarixinin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımı XX əsrdə erməni şovinizminin mahiyyətini aşkara çıxaran tarixi gerçəklikdir. Azərbaycan xalqı və dövləti bu faciəni heç vaxt unutmayacaqdır. Bu faciədən keçən 27 il ərzində oçerklər yazılmış, filmlər çəkilmiş, faciənin dünya xalqlarına çatdırılması üçün mühüm addımlar atılmışdır.
Xüsusilə "Xocalıya ədalət!” kampaniyası çərçivəsində gerçəkləşdirilən tədbirlərin nəticəsi olaraq bir sıra ölkələrdə bu soyqırımı ilə bağlı müvafiq qərarlar qəbul edilmişdir.
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi yazıçı-dramaturq Sabir Şahtaxtının Xocalı faciəsi ilə bağlı qələmə aldığı "Ölüm həsrəti” əsərini Bakıdan sonra Gəncədə tamaşaya qoyub.
Əsərdə faciənin dəhşətlərini tamaşaçıya çatdırmaq üçün həm maraqlı səhnə tərtibatı, həm də fərqli süjet xətti vardır. Tamaşa başlayan andan hər bir izləyici özünü həmin hadisələrin içində hiss edir. Səhnədə baş verənləri təkcə aktyorlar yaşamır, sanki hər bir tamaşaçı o hissə köklənir. Bunu da həm müəllifin, həm də rejissorun uğuru kimi qiymətləndirmək olar.
"Ölüm həsrəti” tamaşasının bədii rəhbəri əməkdar artist Sərvər Əliyev, quruluşçu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilovdur. Rollarda əməkdar artistlər Rəşid Rzayev, Tünzalə Əliyeva, Xatirə Süleymanova və başqaları çıxış edirlər.
Sabir ƏLİYEV
Azərbaycan.- 2019.- 19 fevral.- S.9.