Bənövşəni hamı sevir

 

Baharın ilk elçisi

 

Baharın ilk müjdəçisi olan bənövşəni incə ətrinə, gözəl görünüşünə görə hamı sevir. Deyirlər ki, cənnətdən qovulandan sonra Yerə sürgün edilən Adəm peyğəmbərə Seylon adasında cənab Cəbrayıl əfv olunması barədə xəbəri yetirərkən o, sevindiyindən ağlamış, göz yaşları bənövşəyə dönmüşdür.

Yunanlar bu çiçəklə bahar bayramı zamanı üç yaşa çatmış uşaqlarını və özlərini bəzəyirdilər. Orta əsrlər Almaniyasında ilk bənövşənin tapılması ilə bahar bayramının keçirilməsi bir günə təsadüf edirdi. Bu gülü tapan şəxsi yaşıl çəməndə bir ağaca bağlar, böyük-kiçik - bütün adamlar onun başına fırlanıb rəqs edər, mahnı oxuyardılar. Cansıxıcı qışdan çıxdıqları üçün deyib-gülüb əylənərdilər.

Qallarda bənövşə bəkarətin rəmzi idi, toy vaxtı gəlin otağı bu güllə bəzənərdi.

Bənövşə xalqımızın ən sevimli çiçəklərindəndir. Novruzgülü, nərgiz kimi, bənövşə də baharın nəfəsini öz ətri ilə hamıya çatdırır. Bahar bayramının gəlişindən xəbər verir. Gülün özünəməxsus görünüşü, zərif ətri, rəngi onun haqqında çoxsaylı şeirlərin yaranmasına səbəb olmuşdur.

Xurşudbanu Natəvan albomuna çəkdiyi şəkillə yanaşı, "Bənövşə” rədifli qəzəl də yazmışdır. Şeirin həzin ahəngi, həsrət dolu ruhu bu zərif şairənin böyük ürəyindən xəbər verir.

Bənövşə boynubükük halda çəmənlikdən uzaq daşların arasında bitir. Rəmzi olaraq bənövşə gülü incidilmiş, əzablara qatlaşan məzlum obrazı kimi də təqdim olunur. Bənövşənin tünd rəngdə olması, başıaşağı qalması bəzən məğlub qoşunun bayrağına bənzədilmişdir

Şərq təbabətində bənövşənin toxumlarından, gövdəsindən, kökündən, yarpaq və çiçəklərindən müxtəlif məlhəmlər, şərab və şərbətlər hazırlanırdı.

Gözəliyi və faydalı olması ilə yanaşı, bənövşə həm də baharın gəlişini müjdələyən güldür.

 

Azərbaycan.- 2019.- 19 fevral.- S.10.