Tarix İnstitutunda “Şərəfli ömrün bir səhifəsi: Tarix fakültəsi (1986-1990)” kitabı təqdim olunub

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda "Şərəfli ömrün bir səhifəsi: Tarix fakültəsi (1986-1990)” kitabının təqdimatı keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, institutun direktoru, akademik Yaqub Mahmudovun anadan olmasının 80 illiyinə həsr edilən kitabın ideya müəllifi və tərtibçisi tarixçi alim Güntəkin Nəcəflidir.

Tədbirdə Yaqub Mahmudovun yetirmələri – tarixçi alimlər Güntəkin Nəcəfli, Sevinc Ruintən, Rəsul Hüseynli, Dilavər Əzimli və başqaları bildiriblər ki, o, ölkəmizdə yüksəkixtisaslı tarixçi kadrların yetişdirilməsində mühüm rol oynayır. Onun bilavasitə elmi rəhbərliyi ilə 65 nəfər fəlsəfə və elmlər doktorlarından ibarət tarixçilər məktəbi formalaşıb.

Qeyd olunub ki, Yaqub Mahmudovun Azərbaycanın dövlətçilik tarixinin araşdırılması və erməni saxtakarlığına qarşı tarixi həqiqətlərin aşkarlanması sahəsində mühüm xidmətləri var. Ulu öndər Heydər Əliyev Yaqub Mahmudovun elmi fəaliyyətini yüksək qiymətləndirərək, onu Azərbaycanın "böyük alimi”, "böyük tarixçisi” adlandırıb. Yaqub Mahmudov Azərbaycan tarixinin tədqiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyev tərəfindən 1-ci dərəcəli "Əmək” ordeni ilə təltif edilib.

 

Azərbaycan.- 2019.- 19 fevral.- S.11.