Henrik Hololey,
Avropa Komissiyası Baş Direktorluğunun rəhbəri:
"İlham Əliyevin prezident seçkilərində qələbəsi
xalqın ölkədə sabitliyə və inkişafa
göstərdiyi etimaddır"
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev fevralın 19-da Avropa
Komissiyasının Hərəkətlilik və Nəqliyyat
üzrə (MOVE) Baş Direktorluğunun rəhbəri Henrik
Hololeyi qəbul edib.
AZƏRTAC xəbər verir ki, Henrik Hololey dövlətimizin başçısını ötən prezident seçkilərində qələbəsi münasibətilə təbrik etdi, bunu xalqın ölkədə sabitliyə və inkişafa göstərdiyi etimad kimi dəyərləndirdi. Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə Baş Direktorluğunun rəhbəri Henrik Hololey bu səfəri zamanı Azərbaycanın bölgələrində olduğunu və gördüyü inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını qeyd etdi, ölkəmizin turizm və digər sahələrdə böyük potensiala malik olduğunu vurğuladı. Qonaq, eyni zamanda, Bakıda səmərəli görüşlər keçirdiklərini bildirərək, Heydər Əliyev beynəlxalq aeroportunun və Azərbaycanda mülki aviasiya sisteminin texniki təchizatının yüksək səviyyədə olduğunu qeyd etdi.
Prezident İlham Əliyev Azərbaycanda infrastrukturun yaradılması istiqamətində çox böyük layihələrin reallaşdığını vurğulayaraq, altı beynəlxalq hava limanının, beynəlxalq standartlara cavab verən avtomagistral yollarının, Ələtdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inşası və digər işlərin həyata keçirilməsi nəticəsində ölkəmizin mühüm beynəlxalq nəqliyyat qovşağına çevrildiyini bildirdi. Dövlətimizin başçısı Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb, Şimal-Qərb istiqamətlərində nəqliyyat daşımaları sahəsində mühüm rol oynayacağını qeyd edərək, perspektivlər nəzərə alınmaqla bu sahədə artıq konkret işlərin görüldüyünü dedi.
Görüşdə
Azərbaycan ilə Avropa İttifaqı
arasında münasibətlərin uğurla
inkişaf etdiyi
vurğulandı, ölkəmizdə müasir
nəqliyyat infrastrukturunun
yaradılmasının önəmi qeyd olundu, nəqliyyat sahəsində əməkdaşlığın
perspektivləri ilə bağlı məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
Azərbaycan.- 2019.-20 fevral.- S.1.