Prezidentin sosial rifahı yüksəldən hüquqi təşəbbüslərinə parlament birmənalı dəstək verdi
Fevralın 19-da Milli Məclisin növbəti plenar iclası keçirildi. Spiker Oqtay Əsədov iclası açıq elan etdikdən sonra qanun layihələrinin müzakirəsi başladı.
İlk olaraq Azərbaycan Respublikası Milli Məclisi Gənclər və idman komitəsinin tərkibində dəyişikliklər edilməsi haqqında məsələ müzakirə edildi. Deputatlar məsələyə müsbət münasibət bildirdilər.
Dövlət gerbinin və Dövlət
himninin istifadəsi qaydaları dəqiqləşdirildi
"Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” (üçüncü oxunuş) layihə ilə bağlı parlamentin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, "Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi (üçüncü oxunuş) barədə isə Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verdi. "Kitabxana işi haqqında” qanuna təklif olunan dəyişiklik kitabxanaların elektron sistemə keçirilməsi, Əmək Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə təklif olunan dəyişikliklər isə sosial müdafiə, əmək və məşğulluq sahələrində vətəndaşlara xidmətlərin elektron qaydada göstərilməsini təmin etmək, həmçinin azadlıqdan məhrum edilən şəxslərə elektron qaydada əmək pensiyalarının və sosial müavinətlərin təyin edilməsi məqsədi daşıyır. Qanun layihələri qəbul edildi.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadənin məlumatından sonra "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” (üçüncü oxunuş), "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” (üçüncü oxunuş) və "Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” (üçüncü oxunuş) qanun layihələri təsdiq olundu.
İclasda "Azərbaycan Respublikasının Dövlət gerbinin istifadəsi qaydaları haqqında” (üçüncü oxunuş) və "Azərbaycan Respublikasının Dövlət himninin istifadəsi qaydaları haqqında” (üçüncü oxunuş) qanun layihələri də müzakirə edildi. Hər iki məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ətraflı məlumat verdi. Qanun layihələri qəbul edildi.
Deputatlar "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə də (üçüncü oxunuş) müsbət münasibət bildirdilər. Dəyişikliyə əsasən Hesablama Palatasının illik hesabatı Milli Məclisin müzakirəsinə təqdim edilməzdən əvvəl parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində, eləcə də gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı əvvəlcə parlamentin İnsan hüquqları və Ailə, qadın və uşaq məsələləri komitələrində baxılmalı və rəy verilməlidir.
Əmanətlərin qorunması bir
il uzadılır
İclasda "Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun layihəsi də müzakirə edildi. Layihə barədə məlumat verən komitə sədri, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə dedi ki, Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihəsinə əsasən əmanətlərin tam qorunması Prezident İlham Əliyev tərəfindən bir il müddətinə uzadılır.
Qeyd edək ki, sözügedən qanun 2016-cı il martın 4-də 3 il müddətinə qüvvəyə minmişdi və bu il martın 4-də vaxtı başa çatırdı. Sözügedən dəyişikliklə əmanətlərin tam qorunması bir il müddətinə uzadılır. Qanunun qüvvəsinin daha bir il uzadılması bank sektorunun dəstəklənməsinə, bu sahədə dövlətin üzərinə ciddi öhdəliklər götürməsinə, nəticədə isə əhalinin banklara depozit qoymasının stimullaşdırılmasına xidmət edəcək.
Spiker Oqtay Əsədov da bu dəyişikliyin vacib olduğunu qeyd etdi. Qanun layihəsi təsdiq olundu.
Əmək pensiyalarının
minimum məbləği 160 manat olacaq
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi haqqında məlumat verdi. Layihənin Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə təqdim olunduğunu deyən komitə sədrinin sözlərinə görə, dövlət başçısının göndərdiyi hər bir qanun layihəsi xalqın sosial rifahının yüksəldilməsinə xidmət edir. Layihə barədə ətraflı məlumat verən Hadi Rəcəbli dedi ki, qanunun 6-1-ci maddəsinə edilən dəyişikliyə görə, bu il martın 1-dən əmək pensiyasının minimum məbləği 160 manat məbləğində müəyyən olunur. Dəyişiklik 233 min nəfərin pensiyasında hissolunacaq artıma gətirib çıxaracaq. 9 min insanın pensiyası
2 dəfə,
26 min nəfərin pensiyası
30 faiz artacaq. Bütövlükdə
isə əhalinin böyük bir qisminin pensiyası 38,5 faiz civarında
artacaq. Bunun üçün bu ilin dövlət büdcəsindən 41 milyon,
gələn il
isə 49 milyon manat ayrılacaq. Xatırladaq ki, 2017-ci il iyul ayının 1-dən əmək
pensiyasının minimum məbləği
110 manat məbləğində
müəyyən olunmuşdu.
Layihə ilə bağlı deputatlardan Fazil Mustafa, Azər Badamov, Sədaqət Vəliyeva, Fəzail Ağamalı, Aydın Mirzəzadə, Tahir Mirkişili çıxış
etdilər. Deputatlar əmək pensiyasının
minimum məbləğinin artırılmasının
cəmiyyətdə təqdir
edildiyini, ölkədə
həyata keçirilən
sosial siyasətə uyğun olduğunu qeyd etdilər, dövlətin vətəndaşlara
diqqət və qayğısının növbəti
nümunəsi kimi dəyərləndirdilər. Qeyd olundu ki, əmək
pensiyasının minimum məbləğinin
artırılması göstərir
ki, Prezident İlham Əliyev tərəfindən həyata
keçirilən sosial
siyasət sistemli və ardıcıldır
və əsas məqsəd insanların sosial rifahının daha da yüksəldilməsidir.
Deputat Siyavuş
Novruzov bildirdi ki, bəzi insanlar
ölkə rəhbəri
tərəfindən həyata
keçirilən uğurlu
sosial siyasəti, atılan addımları öz adlarına yazmağa çalışırlar,
lakin həmin şəxslər xalqı
aldatmaq üçün
bunu edirlər:
"Bu, onların naşılığıdır.
Hansı
ki, həmin insanlar vaxtilə büdcəni talamaqla məşğul idilər”.
Deputat Səttar Möhbalıyevin
sözlərinə görə,
bəzi müxalifət
nümayəndələri Prezident
İlham Əliyevin gördüyü işlərə
kölgə salmağa
cəhd göstərirlər. O qeyd etdi ki, həmin
şəxslər sosial
şəbəkələrdə təhqirlər səsləndirirlər.
"Bu insanlar Azərbaycan
xalqının nümayəndəsi
ola bilməz.
Düşünmürəm ki, bir azərbaycanlı digər
azərbaycanlı haqqında
belə fikirlər səsləndirsin” deyə
Səttar Möhbalıyev
bildirib.
Müzakirələrdən sonra qanun layihəsi
təsdiq olundu.
Qısa müzakirədən
sonra "Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsində
dəyişiklik edilməsi
haqqında”, "Üzümçülük
və şərabçılıq
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə”, "Azərbaycan
Respublikasında dövlət
dili haqqında” və "Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında
dəyişiklik edilməsi
barədə” qanun layihələri təsdiq olundu.
Vəkilliyə qəbulla
bağlı qaydalar təkmilləşdirilir
Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və
korrupsiya ilə mübarizə komitəsinin
sədri Ziyafət Əsgərov "Hərbi
vəzifə və hərbi xidmət haqqında”, "Həbs yerlərində saxlanılan
şəxslərin hüquq
və azadlıqlarının
təmin edilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında,
Azərbaycan Respublikasının
Cəzaların İcrası
və İnzibati Xətalar məcəllələrində
dəyişiklik edilməsi
barədə” qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verdi. Qeyd etdi ki, dəyişikliklər məcburi
dövlət daktiloskopik
qeydiyyatdan keçməni
nəzərdə tutur.
Qanun layihəsi qəbul edildi.
İclasda ikinci oxunuşda "Vəkillər və vəkillik fəaliyyəti
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” qanun layihəsi ikinci oxunuşda müzakirə edildi. Dəyişikliklər vəkillik fəaliyyətinin
təkmilləşdirilməsini nəzərdə tutur.
Vəkil olmaq istəyən şəxslər
yazılı test mərhələsindən
və şifahi müsahibədən ibarət
ixtisas imtahanlarından
müvəffəqiyyətlə keçməlidirlər. Layihəyə
əsasən yazılı
test imtahanında müvəffəqiyyət
qazanmayan şəxsə
yenidən ixtisas imtahanında iştirak etmək imkanı verilir. Habelə Vəkillər Kollegiyasına
üzvlük haqqının
vəkillik fəaliyyətinin
dayandırıldığı dövrdə ödənilməməsi
təklif edilir. Qanun layihəsi qəbul edildi.
"Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsində
dəyişiklik edilməsi
barədə” qanun layihəsi də ikinci oxunuşda təsdiq olundu. Dəyişiklik reklamla bağlı prosedur qaydalarının sadələşdirilməsi ilə
bağlıdır. Həmçinin "Reklam haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
qanun layihəsi ikinci oxunuşda qəbul olundu. Dəyişikliklər texniki xarakterlidir.
Parlamentin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev "Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
qanun layihəsini ikinci oxunuş üçün müzakirəyə
təqdim etdi. Onun fikrincə,
bu gün dünyada gedən ictimai-siyasi proseslər istənilən ictimai sferanın inkişafını
stimullaşdırır. Qanunvericilik bazasının təkmilləşdirilməsi
bu inkişafı şərtləndirən əsas
amillərdən biri olduğu üçün
hüquqi bazanın müasir tələblərə
uyğunlaşdırılması qarşıda duran önəmli vəzifələrdəndir.
"Gənclər siyasəti haqqında” qanuna təklif edilən dəyişikliklər
də bu vəzifələri ehtiva edir.
Layihə ilə bağlı fikirlərini bildirən deputatlardan Fazil Mustafa, İlham Məmmədov, Eldar Quliyev, Gövhər Baxşəliyeva dəyişikliklərin
aktual və zəruri olduğunu dedilər. Deputat Bəxtiyar Əliyev
bildirdi ki, "Gənclər siyasəti haqqında” qanuna təklif olunan dəyişikliklər günün
tələblərinə tam cavab verir. Bu qanunun qəbul
edilməsi gənclər
siyasəti sahəsində
daha səmərəli
işlərin görülməsinə
şərait yaradacaq.
Qanun layihəsi qəbul edildi.
Daha sonra iclasda birinci oxunuşda "Azərbaycan
Respublikası diplomatik
xidmət orqanlarının
100 illiyi (1919-2019)” Azərbaycan
Respublikasının yubiley
medalının təsis
edilməsi ilə əlaqədar "Azərbaycan
Respublikasının orden
və medallarının
təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə”, "Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsində
dəyişiklik edilməsi
haqqında”, "Azərbaycan
Respublikasının Mülki
Prosessual Məcəlləsində
və "İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə”, "Sığorta
fəaliyyəti haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”,
"Azərbaycan Respublikasının
Cinayət Məcəlləsində
dəyişiklik edilməsi
haqqında”, "Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsində
dəyişiklik edilməsi
haqqında”, "Telekommunikasiya
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” qanun layihələri təsdiq olundu.
İclasda son olaraq "Ümumi təhsil haqqında” Azərbaycan Respublikası
Qanununun layihəsi ikinci oxunuşda müzakirə edildi. Məsələ
ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verdi.
Komitə sədri birinci
oxunuşda müzakirələr
zamanı deputatlar tərəfindən qaldırılan
bir sıra məsələlərə aydınlıq
gətirdi.
Layihə ilə bağlı Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, deputatlardan Qüdrət Həsənquliyev,
Musa Qasımlı, Tahir
Mirkişili fikirlərini
bildirdilər. Qanun layihəsi ikinci
oxunuşda qəbul olundu.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-
2019.-20 fevral.- S.1-2.