Bakıda Azərbaycanla Avropa
İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası olub
Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə (MOVE) Baş Direktorluğunun rəhbəri Henrik Hololeyin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikası və Avropa İttifaqı (Aİ) arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda ayrı-ayrı dövlət qurumlarının rəhbər şəxsləri, Avropa İttifaqının nümayəndələri, səfirlər və bank sektorunun təmsilçiləri iştirak edib.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində beynəlxalq nəqliyyat sisteminə inteqrasiya, infrastrukturun inkişafı, davamlı maliyyələşmə, xidmətlərin keyfiyyətinin artırılması, nəqliyyatdan istifadənin asanlaşdırılması və sosial rifahın yüksəldilməsi təmin edilir: “Ölkəmiz Qafqaz regionundan keçən Avrasiya nəqliyyat bağlantılarının inkişafı üzrə bir sıra layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. 2017-ci il oktyabrın 30-da istismara verilmiş Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti bölgə üçün strateji əhəmiyyət kəsb edir, Avropa və Asiyanın dəmir yolu şəbəkələrinin region üzərindən ən qısa birləşməsini təmin edir. Eynilə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bölgədə ən əhəmiyyətli tranzit nöqtəsi olaraq, “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizləri vasitəsilə yük və sərnişindaşımalarının həyata keçirilməsində əsas rol oynayacaq”.
“Dəniz və quru nəqliyyatı ilə yanaşı, mülki aviasiya sektorunun inkişafı da bizim üçün prioritet istiqamətlərdən biridir. Bu məqsədlə son illərdə bir çox işlər görülüb. “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarə parkı yeni və müasir təyyarələrlə tam yenilənib. Hazırda AZAL-ın təyyarələri Avropa, MDB məkanı, Amerika və bir sıra Asiya ölkələrinə mütəmadi uçuşlar həyata keçirir. Gələcəkdə uçuş istiqamətlərinin sayının artırılması və ölkəmizin bu sahədə tranzit potensialının tam istifadə edilməsi istiqamətində müvafiq tədbirlər görülür”, - deyə nazir bildirib.
Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə Baş Direktorluğunun rəhbəri H.Hololey Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun keçirilməsinin üstünlüklərindən danışıb. O qeyd edib ki, tərəfdaşlarla bu cür dialoqların keçirilməsi məsələsi əvvəlcədən diqqətlə təhlil edilir: “Bu, Avropa İttifaqı səviyyəsində keçirilən yeddinci belə dialoqdur. Biz bu cür yüksək səviyyəli tədbirləri əməkdaşlığa olduqca maraq göstərən tərəflərlə keçiririk. Bu gün nəqliyyat sahəsində bir çox seqmentlər üzrə müzakirələr aparılacaq ki, bu da birgə əməkdaşlığın yeni üfüqlərini və istiqamətlərini müəyyən edəcək”.
H.Hololey yüksək səviyyəli dialoq çərçivəsində gələcək əməkdaşlıq aspektlərinin də nəzərdən keçiriləcəyini diqqətə çatdırıb.
Azərbaycan.- 2019.- 20 fevral.- S.3.