Xəzər hövzəsindəki sabitlik bütün dünya üçün nümunə ola bilər

 

Fevralın 19-da Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun ilk iclası başlayıb.

AZƏRTAC xəbər verir ki, Nazirlər Kabineti Aparatının rəhbəri, Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunda Azərbaycanın səlahiyyətli nümayəndəsi Xələf Xələfov iclasın açılışında deyib ki, Xəzər dənizi üzrə tarixi sammitdən bir neçə ay sonra tərəflər işləri davam etdirirlər. İrəliləyiş var, bir neçə dəyişiklik olunub və bunları işçi qrupunun ilk iclasında müzakirə edəcəyik. Ölkələr regionda sabitliyi təmin edən sənəd imzalayıb. Xəzər hövzəsindəki bu sabitlik bütün dünya üçün nümunə ola bilər.

X.Xələfov qeyd edib ki, Xəzəryanı ölkələr arasında dostluq və əməkdaşlıq, qarşılıqlı hörmət və etimad, eləcə də ölkələrin suverenliyinə hörmət münasibətləri mövcuddur. Məhz buna görə də Xəzər dənizinə dair Konvensiyanın imzalanması mümkün oldu. O bildirib ki, Konvensiyanın mexanizmi kimi yüksək səviyyəli işçi qrupu hövzə ölkələrini maraqlandıran məsələlərlə bağlı işlərini davam etdirəcəklər. Konvensiyada Xəzər sabitlik dənizi elan edilibbiz bu statusu qorumalı və möhkəmləndirməliyik.

Bildirilib ki, iclas zamanı iştirakçılar, ilk növbədə, işçi qrupunun prosedurlarını müəyyənləşdirəcək, Konvensiyanın hər bir ölkənin qanunvericiliyi əsasında təsdiqlənməsi məsələsini müzakirə edəcəklər. Həmçinin Xəzər dənizində ərazi sularını müəyyənləşdirmək məqsədilə birbaşa çıxış xətlərinin qurulması metodikası müzakirə olunacaq.

Qeyd edək ki, 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb və beşinci Xəzər Zirvə toplantısının Kommünikesi qəbul edilib. Bu sənədlərə əsasən, Konvensiyanın səmərəli yerinə yetirilməsi və Xəzər dənizində əməkdaşlığın nəzərdən keçirilməsi məqsədilə Xəzəryanı dövlətlərin səlahiyyətli nümayəndələrindən ibarət müntəzəm beştərəfli məsləhətləşmələr mexanizmi - Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupu yaradılıb.

İclas işini fevralın 20-də davam etdirəcək.

 

Azərbaycan.- 2019.- 20 fevral.- S.3.