BDU-da ilin ən
yaxşı tələbələri
mükafatlandırılıb
Bakı Dövlət Universitetinin
(BDU) 100 illik yubiley tədbirləri çərçivəsində
təşkil olunan "İlin ən yaxşı tələbəsi”
müsabiqəsi qaliblərinin mükafatlandırılması
mərasimi keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki,
tədbirdə bu ali məktəbin rektoru vəzifəsini icra
edən, təhsil nazirinin müavini Firudin Qurbanov gənclərin
hərtərəfli inkişafı üçün
yaradılan şəraitdən, bu sahədə həyata
keçirilən çoxsaylı dövlət proqramlarından
danışıb. Əsası ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulan dövlət gənclər
siyasətinin əhəmiyyətini vurğulayan F.Qurbanov ulu
öndərin siyasi xəttinin uğurla davam etdirildiyini deyib.
O, Azərbaycan Prezidenti İlham
Əliyevin gənclərə, onların təhsilinə
göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs
edib. Təhsil sahəsi, tələbə və
doktorantların təqaüdlərinin artırılması ilə
bağlı Prezident sərəncamlarının əhəmiyyətini
vurğulayan F.Qurbanov gənc nəslin intellektual, fiziki və mənəvi
inkişafının təmin edilməsi, ictimai fəallığının
yüksəldilməsi, sosial-məişət və məşğulluq
problemlərinin həlli sahəsində kompleks tədbirlərin
dövlətin daim diqqətində olduğunu bildirib.
F.Qurbanov müasir dövrdə gənclərin
qarşısında duran vəzifələri, dövlətçiliyimizin
daha da möhkəmləndirilməsi istiqamətində
görülən işləri xatırladaraq tələbələrin
yüksəkixtisaslı mütəxəssis kimi
formalaşması, onların sürətlə dəyişən
əmək bazarında rəqabətədavamlı olmaları
üçün bilik və bacarıqlarını daim
inkişaf etdirməli olduqlarına da diqqət çəkib.
O, Bakı Dövlət Universitetinin 100 illik yubileyinin dövlət
səviyyəsində keçirilməsi haqqında Prezident
İlham Əliyevin müvafiq sərəncamının əhəmiyyətini
qeyd edib, tələbələri yubiley tədbirlərində
fəal iştiraka çağırıb.
Sonra F.Qurbanov "İlin ən
yaxşı tələbəsi” adını qazanmış tələbələri
təbrik edib.
BDU-nun Tələbə Həmkarlar
İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov,
Tələbə Gənclər Təşkilatının sədri
İsmayıl Kərimov ölkəmizdə gənclərin təhsili
üçün geniş imkanların
yaradıldığını vurğulayıb, bilikli,
istedadlı tələbələrə göstərilən
diqqət və qayğıdan danışıblar.
Coğrafiya fakültəsinin
birinci kurs tələbəsi, Aprel döyüşləri
iştirakçısı Ramil Əmiraslanov Azərbaycan
Prezidenti İlham Əliyevin tələbə və
doktorantların təqaüdlərinin artırılması ilə
bağlı sərəncamlarının təhsilə töhfə
verəcəyinə əminliyini diqqətə
çatdırıb. O, eyni zamanda, Aprel döyüşlərində
Azərbaycan Ordusunun göstərdiyi şücaətlərin
böyük ruh yüksəkliyi doğurduğunu söyləyib.
Hüquq fakültəsinin birinci
kurs tələbəsi, uşu-sanda üzrə 11 qat dünya,
3 qat Avropa çempionu, Prezident mükafatçısı Emil
Hacıyev, biologiya fakültəsinin üçüncü
kurs tələbəsi Məryəm Ramazanova dövlətimizin
gənclərin inkişafı üçün
yaratdığı şəraitdən bəhs ediblər.
Tədbirdə ilin ən
yaxşı tələbələri müxtəlif nominasiyalar
üzrə mükafata layiq görülüblər. Tələbələr
yüksək təhsil göstəriciləri və liderlik
keyfiyyətlərinə, yerli və beynəlxalq səviyyəli
elmi konfranslarda çıxışlarına, sanballı elmi
araşdırmalarına, universitetin və respublikanın
ictimai həyatında fəal iştirakına, vətənpərvərlik
təəssübkeşliyinə, mədəniyyət, incəsənət
sahəsində qazandığı uğurlarına, idman
yarışlarında əldə etdiyi yüksək nəticələrinə
görə mükafatlandırılıblar.
Sonra Bakı Dövlət
Universitetinin tələbələri doktorant və tələbələrin
təqaüdlərinin artırılması ilə
bağlı imzaladığı sərəncamlara görə
Prezident İlham Əliyevə müraciət qəbul ediblər.
Azərbaycan.- 2019.- 20 fevral.- S.3.