Gənclərə yaradılan şəraitdən çox razıyıq

 

Dövlət başçısına minnətdarlıq / S.Almədətova

 

Bu adı daşımaq üçün bizə dövlət tərəfindən yaradılan şəraitdən çox razıyıq. İstər orta məktəbdə, istərsə də universitet illərində üzərimizdə daim diqqət və qayğını hiss etmişəm. Təhsil aldığım Bakı Slavyan Universitetində tələbələrə yüksək şərait yaradılıb. Tərcüməçi ixtisasını da təsadüfi seçməmişəm. Bu peşəmlə həm də gələcəkdə Azərbaycan ədəbiyyatının təbliğində üzərimə düşən vətəndaşlıq borcumu yerinə yetirəcəyəm. Fəxr edirəm ki, Homeri azərbaycancaya çevirən şair-tərcüməçi, alim Ənvər Rzanın dünyaya göz açdığı Kəlbəcər torpağındanam. Onu da deyim ki, hazırda III kurs tələbəsi kimi təhsil aldığım Tərcümə fakültəsinin müəllimlərindən birikafedra müdiri məhz mərhum Ənvər Rza olub.

Çalışacağam ki, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunu və hazırda İtaliyanın Sapiens Universitetinin magistrantı olan qardaşım Sənan Heydərli kimi, mən də xarici dilləri mükəmməl öyrənim və təhsilimi vətəndən uzaqlarda davam etdirim. Bunun əsas səbəblərindən biri dilimizi, ədəbiyyatımızı, milli-mənəvi dəyərlərimizi əcnəbilərə sevdirmək olsa da, eyni zamanda dədə-baba yurdlarımızı, Qarabağımızı işğal etmiş ermənilərin məkrli, çirkin niyyətlərini həmin xarici dillə ifşa etmək, bu istiqamətdə dövlət başçısının yürütdüyü siyasətə bir tələbə-gənc olaraq öz töhfəmi verməkdir.

Aliorta ixtisas təhsili alan tələbələrin təqaüdlərinin artırılması isə, əlbəttə, məsuliyyətimizi qat-qat artırır. Biz gəncliyə göstərilən diqqətə, yaradılan şəraitə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. Bu, bir daha göstərir ki, dövlətimiz gənclərə böyük dəyər verir.

 

Səma ALMƏDƏTOVA,

Bakı Slavyan Universitetinin III kurs tələbəsi

 

Azərbaycan.- 2019.-20 fevral.- S.6.