Sevgi çiçəyi” çiçəkləyəcək, mütləq çiçəkləyəcək!

 

18 fevral 2019-cu ildə səhər təxminən saat 10 radələrində poçtalyon "sabahınız xeyir” deyərək otağa daxil oldu. Əlindəki qəzetləri masanın üstünə qoydu. Salamı cavablayıb əvvəlcə "Azərbaycan” qəzetini götürüb adəti üzrə ilkin olaraq yazı başlıqlarına baxdım.

Qəzetin birinciikinci səhifələrində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqın və əsgərlərin arasındakı fotoşəkilləri diqqətimi cəlb etdi. Əslində bu fotoşəkillər üzərində işlədiyim növbəti yazım ilə həmahənglik təşkil edirdi. Mən yazımda ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş təntənəli mərasimdə - 25 iyun 2001-ci ildə söylədiyi bu sözlərinə istinad etmişdim: "Xalq, dövlət orduya ümid edir, orduya güvənir. Ordu isə xalqın, dövlətin dəstəyinə güvənir. ...Həm dövlət, həm xalq, həm də ordu bir istiqamətdə gedir. Bir istiqamətdə də gedəcəkdir. Dövlət xalqındır, xalq üçündür, millət üçündür. Ordu xalqındır və ordu xalq üçündür, dövlət üçündür, millət üçündür. Güman edirəm ki, bu anlayışlar heç vaxt unudulmayacaqdır”. Fotoşəkillər ulu öndərin, həmişə olduğu kimi, haqlı olduğunu təsdiq edirdi.

Qəzetin 7-ci səhifəsində iki yazı - filologiya üzrə fəlsəfə doktoru Almara Nəbiyevanın "Sevgi çiçəyi” və akademik Nizami Cəfərovun yazıçı Hüseynbala Mirələmovun son günlər "Azərbaycan” qəzetində çap olunan povestinə həsr olunmuş "Son səfər”in təəssüratları” yazıları diqqətimi çəkdi. Hər ikisini oxudum. Etiraf edim ki, ilkin olaraq "Sevgi çiçəyi”ni oxudum. Qəzetlə tanışlığı bitirəndən sonra qayçı ilə "Sevgi çiçəyi” yazısını səliqə ilə kəsib kitab rəfinə qoydum. Almara xanımın "Sevgi çiçəyi” yazısı ilə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq müstəvisində” kitabımın ön sözü əvəzi yazdığım "Xarı bülbül həsrətində” adlı yazım arasında bir yaxınlıq, doğmalıq hiss etdim.

Xarı bülbülün qəmli hekayətindən bəhs edən Almara xanım yazır: "...Xarı bülbül adi çiçək deyil, o, bir möcüzədir. Başqa bir gül varmıdır ki, adı çəkiləndə ürəklərdə dağa çevrilmiş Qarabağ həsrəti bir daha göynəsin, vətən nisgilinin simvoluna dönsün... Özü isə əsir çiçək olsun...”

İstəyim sual dolu bu cümlələrə cavab vermək deyil, uzun illərdən bəri qəlbimdə yuva qurmuş ümiddən həm məqalə müəllifi, həm də digər oxuculara pay verməklə vətənin nisgillik simvoluna çevrilmiş "əsir çiçəy”in çiçəklənəcəyinə inamımı bildirməkdir. Elə bilirəm ön sözdə ifadə etdiklərim hər bir azərbaycanlının arzuları ilə üst-üstə düşür. Odur ki, həmin ön sözü olduğu kimi oxuculara çatdırıram: "Bədii əsər yazmış olsaydım, onu "Xarı bülbül həsrətində” adlandırardım. Bu həsrəti mənim kimi çəkənlər çoxdur. Çoxları sənə qovuşmaq, sənin gözəlliyinə tamaşaya durmaq istər, xarı bülbül...

Xarı bülbül Şuşanın rəmzi hesab olunur. Xarı bülbülü Şuşasız, Şuşanı isə xarı bülbülsüz təsəvvür edə bilmirik. Odur ki, Şuşa həsrətini çəkdiyimiz kimi, xarı bülbülün də həsrətindəyik.

Əziz oxucu, düşünmə ki, xarı bülbülün əsrarəngiz gözəlliyindən uzun-uzadı danışacağam. Etiraf edim ki, bu sahədə bilgilərim elə də çox deyil. Müxtəlif ədəbiyyatları, ensiklopediyaları qarşıma töküb xarı bülbül barədə nəyi isə öyrənib yaza da bilərdim. Ancaq məqsədim ayrıdır. Kitaba ön söz yazmaq barədə düşünəndə Şuşada - Cıdır düzündə dostumla söhbətim yadıma düşdü. Ona görə də ənənəvi olaraq kitaba giriş, ön söz kimi beynəlxalq hüquqla bağlı məsələləri deyil, illərdən bəri yaddaşımda həkk olunmuş o xatirə ilə bağlı düşüncələrimi yazmaq qərarına gəldim. Yəqin, daxilən məni Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən təkrar-təkrar yazmağa məcbur edən, yeni kitabımı oxucuların müzakirəsinə verməyə sövq edən də o yerlərin, Qarabağımızın, Şuşamızın həsrəti, nisgili, düşüncələrimdir... Qarabağ uğrunda döyüşlərin iştirakçısı kimi, vətəndaş kimi haqqı, həqiqəti söyləmək, vətən övladı kimi borcumu yerinə yetirmək istəyimdir.

Təxminən 35 il əvvəl birinci dəfə Şuşada olmuşam. Dostum məni Şuşa ilə tanış edib, şəhəri, tarixi abidələri, böyük Üzeyirin, Xan qızının, Bülbülün yaşadığı evləri göstərib xeyli məlumat verəndən sonra Cıdır düzünə qalxdıq. Bir çiçəyi mənə göstərib "Xarı bülbül ancaq Şuşada çiçəkləyir” dedi. Məndən çiçəyə baxıb onu nəyə oxşatdığımı soruşdu. Bir daha təbiətin əsrarəngiz gözəlliyinə, Ulu Tanrının yaratdıqlarına heyran qaldım. Çiçək özü gülə qonmuş bülbülü xatırladırdı.

Elə o vaxtdan mənim təsəvvürümdə xarı bülbülŞuşa qoşalaşıb. Xarı bülbülün yalnız Şuşada bitməsinin nə dərəcədə həqiqətə uyğun olduğunu deyə bilmərəm. Ancaq inandım dostuma. Yeniyetmə yaşlarımda Fikrət Qocanın şeirlərini oxuyub "dəmirağacın talış olmasına” inandığım kimi. İndi də inanıram ki, dəmirağacı talışdır, xarı bülbülsə şuşalı.

Çiçəyə bir qədər diqqət yetirib, dostuma demişdim: "Çiçəyin gülə qonmuş bülbülü xatırlatması təsadüfi deyil. Bülbül nəğməkar quşdur, şuşalılar da musiqisiz, nəğməsiz yaşaya bilmirlər. Hər ağacın kölgəsində, hər bulağın başında dəstə-dəstə yığışıb musiqi dinləyirlər. Çiçək nəğməkar insanların nəfəsindən, "Qarabağ şikəstəsi”nin sədalarından maya yığıb, cana gəlib nəğməyə, musiqiyə məhəbbətin rəmzi olan bülbül kimi gülə qonmuşdur”.

Düşünürəm ki, o nəğməkar insanlar, o səs, o nəfəs Şuşanı tərk edəndən xarı bülbül daha açmır, saralıb-solub xarı bülbül! Günəşsiz, havasız, işıqsız qalan çiçəklər solan kimi, xarı bülbül də nəğməsiz, muğamsız, tarsız, kamansız qalıb, cücərə, pöhrələnə bilmir. Biz xarı bülbülə həsrət qaldığımız kimi, o da tara, kamana həsrət qalıb.

Reallıq belədir ki, Qarabağda doğulmasam da, Qarabağı vətənimin bir parçası, Üzeyirin, Xan qızının, Bülbülün vətəni, gözəllik təcəssümü kimi sevirəm.

İstəyim, arzum bir daha Cıdır düzündə gəzib o əzəməti, o gözəlliyi duymaqdır. Qışda lopa-lopa yağan qarda gəzib, Şuşanın təmiz, saf havasından udmaq istəyirəm. Yayda istinin cırhacırında İsa bulağının suyundan içmək, "Qarabağ şikəstəsi”ni Qarabağda dinləmək istəyirəm. Cıdır düzündə dizimi torpağa qoyub, xarı bülbülün gözəlliyinə tamaşa etmək, ətrini duymaq istəyirəm.

Bir də inandıqlarım var. O gün gələcək, arzularım çin olacaq! Buna inanıram! Ulu Tanrı təbiəti o incisiz - yaratdığı xarı bülbülsüz qoya bilməz. Xarı bülbülün çiçəkləməsi üçünsə o insanlar - şuşalılar, o səs, o nəfəs, tar, kaman Şuşaya qayıtmalıdır. Yenə hər ağacın kölgəsində, hər çeşmənin başında nəğmələr, muğamlar səslənməlidir.

Çiçəkləyəcək xarı bülbül. Mütləq çiçəkləyəcək! O, bizi - səni, məni, hamımızı, muğamımızı, tarımızı, kamanımızı, nəfəsimizi, səsimizi gözləyir. Sədamızı eşidən kimi torpağın bağrını yarıb cücərəcək. Yenə bülbül öz budağına qonub çiçəyinə nəğmələrini oxuyacaq, həsrətimizə son qoyacaq.

Çiçəkləyəcək xarı bülbül. Mütləq çiçəkləyəcək!”

 

Vəfaddin İBAYEV,

Azərbaycan Respublikası Ali Məhkəməsinin

hakimi, hüquq üzrə fəlsəfə doktoru

 

Azərbaycan.- 2019.- 20 fevral.- S.7.