Prezidentin
islahatlar kursuna ən böyük töhfəni Mehriban
Əliyeva verir
Azərbaycanda islahatlar yeni mərhələyə
qədəm qoyub. Bu sırada xüsusən son günlər
sosial məsələlərlə bağlı Prezident
İlham Əliyevin imzaladığı sərəncamlar
göstərir ki, həyata keçirilən siyasətin mərkəzində
vətəndaşların yüksək rifah halının təmin
olunması dayanır. İlham Əliyevin sosial siyasət
kursunun uğurla reallaşmasında ən böyük silahdaşı
isə bu gün Birinci vitse-prezident kimi fəaliyyətinin
ikinci ili tamam olan xanım Mehriban
Əliyevadır.
Milli Məclisin deputatları
bu barədə fikirlərini qəzetimizlə
bölüşdülər.
İki ilin
uğur salnaməsi
Səttar
MÖHBALIYEV,
Milli Məclisin
deputatı,
Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının sədri
- Keçdiyi mənalı
ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və
nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə
yüksək ehtiram sahibi olan Azərbaycanın birinci
xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva tariximizin
şanlı salnaməsinə öz dəst-xətti ilə
daxil olan şəxsiyyətlərdəndir. Xeyirxah
əməlləri ilə xalqının sevimlisinə
çevrilən Heydər Əliyev Fondunun rəhbəri Azərbaycan
qadınına xas olan ən gözəl xüsusiyyətləri
özündə cəmləşdirən nəciblik missiyasını
şərəflə yerinə yetirir.
Bu, bir həqiqətdir ki,
insanlara bağlılığı onun daxilindən, mənəvi
dünyasından, xoş münasibətindən irəli gəlir. Onun xidmətlərinin
sevinci yüzlərlə insanın ömür səhifəsinə
yazılıb, neçə-neçə ailəyə səadət
bəxş edib, kimsəsizlərə, sosial qayğıya
ehtiyacı olanlara həyat eşqi verib, onların qəlbində
işıqlı sabaha inam yaradıb.
Xeyirxahlığına,
yüksək bacarığına, diqqət və
qayğısına görə hamının hörmətini,
məhəbbətini qazanmış Merhiban xanım
Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni
həyatındakı rolu mühüm, xidmətləri
danılmazdır.
UNESCO və ISESCO-nun xoşməramlı
səfirinin çoxşaxəli fəaliyyəti, ölkəmizin
xaricdə təbliği istiqamətində atdığı
addımlar Azərbaycana böyük dvidendlər
qazandırıb. Onun nəcib, xeyirxah missiyasının bəhrələri
artıq özünü dünyanın ayrı-ayrı məkanlarında
da göstərməkdədir. Heydər
Əliyev Fondunun dəstəyi ilə müxtəlif ölkələrdə
məktəblər, uşaq bağçalarının
tikintisi, eləcə də muzeylərin, tarixi abidələrin
bərpası da xoşməramlı aksiyaların tərkib
hissəsidir. Qayğını və mərhəməti,
dünya mədəni irsinin qorunmasını hədəf
seçmiş, böyük humanitar layihələrin müəllifi
kimi çıxış edən Heydər Əliyev Fondunun istər
Azərbaycanda, istərsə də ölkə xaricində
artan nüfuzunun arxasında məhz onun yüksək mənəvi
və işgüzar keyfiyyətləri dayanır.
Azərbaycan xalqının mədəni
irsinin beynəlxalq miqyasda təbliği istiqamətindəki
böyük xidmətlərinə görə Mehriban
Əliyevanın "Heydər Əliyev” ordeni ilə təltif
edilməsi bütün deyilənləri bir daha təsdiqləyir.
Vitse-prezidentlik institutunun
yaradılması Azərbaycanda siyasi yenilik kimi tarixə
düşdü və Birinci vitse-prezident kimi fəaliyyət
göstərdiyi 2 il müddətində
Mehriban xanımın gördüyü işlər ölkə
vətəndaşlarının dövlətə
etimadını daha da artırmış oldu. Respublikamızı
tarixinin ən qüdrətli dövlətinə çevirən
Prezident İlham Əliyevin yaxın silahdaşı kimi,
Mehriban xanım Əliyevanın xalqın maraqlarının
müdafiəsinə yönəldilmiş hərtərəfli
fəaliyyəti Azərbaycan qadınının cəmiyyətin
həyatında rolu barədə aydın təsəvvür
yaradır. Mehriban xanım Əliyevanın
timsalında Azərbaycan qadınının cəmiyyətdəki
yeri, nüfuzu, işgüzarlığı, dövlətə
layiqli xidmət missiyası bir daha aydın görünür.
Ona görə Azərbaycan ictimaiyyəti bu təyinat
zamanı əmin idi ki, Mehriban Əliyeva tarixin, zamanın,
dövlətimizin onun üzərinə qoyduğu bu məsul vəzifəni
də ləyaqətlə, mühüm nailiyyətlərlə
həyata keçirəcək. Çünki
insanlar ondan indiyədək təmsil olunduğu statuslarda
yalnız xalqa, vətənə layiqli xidmət məramı
görüblər.
İnsanlara təmənnasız
yaxşılığı, qayğısı, mərhəməti,
ehtiyacı olanlara əl tutması, xeyriyyəçiliyi onun
siyasətinin prioritetidir. Hər zaman öz səylərini əhalinin zəif
müdafiə olunan təbəqələrinə, doğma
torpaqlarından məcburi köçkün
düşmüş vətəndaşlarımıza
qayğı ilə yanaşılması, onların sosial
problemlərinin həllinə diqqət göstərilməsi və
ümumiyyətlə cəmiyyətin nəzərini bu məsələyə
cəlb etməsini özünün vətəndaşlıq
borcu hesab edən Mehriban xanım Əliyevanın Birinci
vitse-prezident kimi ilk müşavirələrini məcburi
köçkünlərin və müharibə əlillərinin
sosial problemlərinə həsr etməsi onun doğma
torpağını müvəqqəti itirmiş vətəndaşlarımıza
olan diqqətinin bariz təcəssümüdür.
Mehriban xanım Əliyevanın rəhbərliyi
altında həyata keçirilən layihələrin istiqamətləri
təhsil, səhiyyə, mədəniyyət, eləcə də
sosial, ekologiya, idman və s. sahələri əhatə edir. Demək olar ki, heç bir sahə onun diqqətindən
kənarda qalmır. Bu gün həm Birinci
vitse-prezident, həm də birinci xanım statusu onun sosial məsuliyyətini
daha da artırır və öz müsahibələrinin birində
etiraf etdiyi kimi, insanların rifahı naminə humanitar proqramların
səmərəliliyinin gücləndirilməsinə yönəldilmiş
bütün mümkün imkanlardan istifadə etməyə məcbur
edir.
O, humanizm və qayğı kimi
keyfiyyətləri təcəssüm etdirən rəmzə
çevrilməklə hamı üçün gözəllik,
xeyirxahlıq və mərhəmət nümunəsi olub. Hazırda Azərbaycan qadını Mehriban Əliyeva
ilə, onun nüfuzu ilə haqlı olaraq fəxr edir, ondan
nümunə götürür.
Həm xalqımıza, həm
də beynəlxalq ictimaiyyətə məlum olduğu kimi
Mehriban xanım Əliyeva deputatlıq fəaliyyəti
dövründə də ölkə həyatının elə
bir sahəsi olmayıb ki, oradakı problemli məsələlər
onun diqqətindən kənarda qalsın.
Xalq onu sevir və ona
inanır. Ona görə ki, Mehriban Əliyevanın sayəsində
cəmiyyətin sosial həyatında xeyriyyəçilik ənənələri
canlanıb. Birinci vitse-prezident insanlara
xeyirxahlığa meyil, başqasının dərdinə
şərik olmaq, köməyə ehtiyacı olana yardım əlini
uzatmaq kimi hiss və bacarıqları aşılayıb.
Onun "Xeyriyyəçilik, insansevərlik, mərhəmət
Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə,
əsrlər boyu formalaşan ənənələrimizə
xas olan ən gözəl keyfiyyətlərdən biridir və
biz bu gün Heydər Əliyev Fondu olaraq ənənələri
davam etdirməyə çalışırıq” sözləri
xeyriyyəçiliyin həyatının kredosuna
çevrildiyini bir daha təsdiqləyir.
Əminliklə deyə bilərik
ki, Mehriban xanım Əliyevanın ötən iki ildə
göstərdiyi fəaliyyət, gördüyü işlər
çoxşaxəli və misilsizdir. Birinci vitse-prezident kimi hər bir sahədə
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun dəstəklənməsinə
və uğur qazanmasına layiqli töhfələr verən
Mehriban Əliyevanın bu çərçivədə
gördüyü işləri təhlil etsək, əmin
olarıq ki, onun çoxşaxəli və geniş əhatəli
fəaliyyəti Azərbaycanın bugünkü
inkişafı içərisində çox böyük
çəkiyə malikdir.
Bir sözlə, ötən
iki ilin yekunları göstərir ki, Mehriban Əliyeva Azərbaycanın
Birinci vitse-prezidenti kimi bundan sonra da fəaliyyəti ilə
Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi
inkişaf strategiyasına layiqli töhfələr verəcək.
İnsan amilinə
xidmət edən uğurlu sosial siyasət
Nəsib
MƏHƏMƏLİYEV,
Milli Məclisin
deputatı:
- Ötən il
aprelin 11-də keçirilən seçkilərdə növbəti
dəfə xalqın etimadını qazanan Prezident İlham
Əliyev islahatların davam etdiriləcəyini bəyan etdi. Seçkilərdən ötən dövrün
reallıqları göstərir ki, cənab İlham Əliyev
islahatların yalnız iqtisadi sfera ilə məhdudlaşmayaraq
digər sahələrdə həyata keçirilməsini məqsədəuyğun
sayır. Məsələn, ötən
aydan struktur islahatlarına başlanılması, bir sıra
dövlət orqanlarının ləğvi, bəzilərinin
birləşdirilməsi və ya bazalarında yenilərinin
yaradılması göstərir ki, islahatlar həm də
dövlət idarəçiliyini əhatə edir.
Bir neçə gün əvvəl
"Real” televiziyasına müsahibəsində islahatlar barədə
danışan İlham Əliyev qeyd edib ki, 2019-cu ildən
başlayan yeni islahatların əsas hədəfi Azərbaycanı
müasir, inkişaf edən və gələcəkdə inkişaf
etmiş ölkəyə çevirmək, mövcud olan
nöqsanları aradan qaldırmaq, vətəndaşları
narahat edən problemləri tamamilə gündəlikdən
çıxarmaq, insanların rifah halını
yaxşılaşdırmaq, daha güclü, qüdrətli
dövlət qurmaqdır. Göründüyü
kimi, dövlət başçısının qarşıya
qoyduğu hədəflər həm də sosial sahəni əhatə
edir. Ümumiyyətlə, vətəndaşların
sosial müdafiəsinin gücləndirilməsi, əhalinin aztəminatlı
təbəqələrinə kömək göstərilməsi,
yoxsulluğun aradan qaldırılması Azərbaycanda dövlət
siyasətinin başlıca istiqamətlərindən biridir.
Prezident İlham Əliyevin sosial siyasətinin də
fəlsəfəsi əsasən ondan ibarətdir ki, ölkədə
aztəminatlı, yoxsul insan olmamalıdır. Ötən 15 ilin real mənzərəsi
bütün müsbət məziyyətləri ilə
yanaşı, həm də sosial problemlərin aradan
qaldırılmasına xidmət edən kompleks tədbirlərin
işlənib hazırlanması və uğurla
reallaşması ilə əlamətdar olub, aparılan
islahatların sosial yönümü təmin edilib.
Dövlət
başçısının bu il
imzaladığı bir sıra sərəncamlar təsdiq edir
ki, sosial sahə daim diqqət mərkəzindədir. Bu sərəncamlar həm də onu göstərir
ki, dövlətin sosial siyasəti sistemli və
ardıcıldır. Görünən odur
ki, sosial siyasətdə yeni keyfiyyət mərhələsi
başlanıb və bu da Prezident İlham Əliyevin vətəndaşların
sosial rifahının yüksəldilməsi ilə
bağlı elan etdiyi prioritetlərə və ümumən
islahatların mahiyyətinə uyğundur. Məsələn, təkcə fevral ayında
Prezident İlham Əliyev bu sahədə bir neçə sərəncam
imzalayıb. Dövlət
başçısının fevların 8-də
imzaladığı sərəncamla minimum əməkhaqqının
məbləği 50 manat artırılaraq 180 manata
çatdırılıb. "Doktorantlara,
ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində,
həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının
magistratura səviyyəsində təhsil alan tələbələrə
təqaüdlərin verilməsi haqqında” və "Ali təhsil
müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi
ilə bağlı əlavə tədbirlər barədə”
Prezident İlham Əliyevin sərəncamları da yalnız təhsilin
inkişafına xidmət edən addımlar deyil. Bunlar həm də bütün cəmiyyətimizin təqdir
etdiyi mühüm sosial hadisələrdir. Ölkədə
həyata keçirilən dövlət siyasətinin mərkəzində
Azərbaycan vətəndaşının
dayandığını göstərən başqa bir
addım isə Milli Məclisin fevralın 19-da qəbul etdiyi
"Əmək pensiyaları haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
qanundur. Qanuna edilən dəyişikliyə görə
bu il martın 1-dən əmək
pensiyasının minimum məbləği 160 manat müəyyən
olunur. Dəyişiklik 233 min nəfərin pensiyasında hiss
olunacaq artıma gətirib çıxaracaq. 9
min insanın pensiyası 2 dəfə, 26 min nəfərin
pensiyası isə 30 faiz artacaq. Bütövlükdə əhalinin
böyük bir qisminin pensiyası 38,5 faiz
civarında artacaq.
Təbii ki, sosial sahədə
atılan bütün addımlar cəmiyyətdə
böyük razılıqla qarşılanır, təqdir
olunur. Sosial
sahəyə diqqətin ölkə rəhbərliyinin fəaliyyətində
prioritet olduğunu həm də Birinci vitse-prezident Mehriban
Əliyevanın iki il əvvəl bu vəzifənin
icrasına məcburi köçkünlərin
yaşayış şəraitinin
yaxşılaşdırılmasından, 2016-cı ilin Aprel
döyüşlərində yaralanmış əsgər və
zabitlərin yüksək texnologiyalı protezlərlə təmin
edilməsindən başlaması da təsdiqləyir. Bu
gün Mehriban Əliyevanın Birinci-vitse prezident kimi fəaliyyətinin
iki ili tamam olur. İki ilin
yekunları göstərir ki, Mehriban Əliyeva dövlət
başçısının silahdaşı kimi ona həvalə
olunan bu missiyanı əzmlə yerinə yetirir.
Ümumiyyətlə, Mehriban
xanım Əliyevanın fəaliyyəti çoxşaxəlidir. Bu fəaliyyət
hər addımda ulu öndər Heydər Əliyevin
xalqımızın işıqlı gələcəyinə
yönəlmiş ideallarının reallaşmasına,
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi,
sosial-iqtisadi, mədəni-humanitar kursun dəstəklənməsinə
və uğur qazanmasına xidmət edir. Çünki
hər birimizin qarşısında duran mühüm vəzifələrdən
birincisi vətəndaşlıq mövqeyindən
çıxış etmək, ölkənin daha da qüdrətlənməsi
üçün çalışmaq və Prezident İlham
Əliyevin siyasi kursuna dəstək verməkdir. Bu şərəfli vəzifələr naminə
çalışmaq və əlindən gələni əsirgəməmək
hər bir azərbaycanlının müqəddəs borcudur.
Bu baxımdan Mehriban Əliyevanın fəaliyyəti
əsl nümunə sayılmalıdır.
Sosial sahədəki fəaliyyəti
göstərir ki, Mehriban Əliyevanın bu istiqamətdəki
təşəbbüsləri Prezident İlham Əliyevin
uğurla reallaşdırdığı sosial siyasətə
layiqli xidmət edir. Məcburi köçkünlərin
yaşayış şəraitinin
yaxşılaşdırılması ilə bağlı
müşavirənin keçirilməsi və qarşıya
qoyulan vəzifələr onu göstərdi ki, əhalinin
xüsusi qayğıya ehtiyacı olan qruplarının, o
cümlədən məcburi köçkünlərin sosial məsələlərinin
yoluna qoyulması Birinci vitse-prezidentin xüsusi diqqətindədir.
Ötən iki ildə minlərlə məcburi
köçkün ailəsi məhz Mehriban Əliyevanın təşəbbüsü
ilə yeni mənzillərə köçürülüblər.
Aprel döyüşlərində hərbi
rəşadət göstərmiş
döyüşçülərin nümayəndələri
ilə görüşü isə Birinci vitse-prezident olaraq
Mehriban Əliyevanın respublikamızda həssas təbəqədən
olan insanların, əlilliyi olan şəxslərin sosial müdafiəsinə,
reabilitasiya və cəmiyyətə inteqrasiya məsələlərinə
xüsusi diqqətinin əyani göstəricisidir. Bununla bağlı, həyata keçirilən layihə
çərçivəsində döyüşlərdə xəsarət
almış əsgər və zabitlərimiz dünyanın
müasir protez istehsalçıları olan Almaniyanın,
İslandiyanın, İngiltərənin və ABŞ-ın
yüksək texnologiyalı məhsulları ilə təmin
olunublar.
Mehriban Əliyevanın bu
günlərdə Gəncə şəhərinə səfəri
zamanı orta məktəbə və uşaq
bağçasına baş çəkməsi və
onların təmiri ilə bağlı tapşırıqlar
verməsi də Birinci vitse-prezidentin sosial məsələlərə
önəm verməsinin göstəricisidir. Ümumiyyətlə,
Mehriban Əliyevanın il ərzində
mütəmadi olaraq məktəblərə,
bağçalara, uşaq evlərinə baş çəkməsinin
şahidiyik.
Sosial sahəyə həssas
qayğı göstərməsi Birinci vitse-prezident Mehriban
Əliyevanın öz vətəndaşlıq
missiyasını şərəflə yerinə yetirməsindən
xəbər verir. Bu sahədə ötən iki il
Mehriban Əliyevanın təşəbbüsləri ilə əldə
edilmiş mühüm nailiyyətlərlə zəngindir. Birinci vitse-prezident kimi fəaliyyətinin iki illik
yekunu göstərir ki, Mehriban Əliyeva ölkədə həyata
keçirilən sosial siyasətə layiqli töhfələr
verir.
Azərbaycan.- 2019.-21 fevral.- S. 4.