Avropa İnvestisiya Bankı regionda Azərbaycanın iştirakı ilə
həyata keçirilən irimiqyaslı nəqliyyat layihələrinin
maliyyələşdirilməsində maraqlıdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudak ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası toplantılarının təşkilinin yaxşı ənənəyə çevrildiyini vurğulayaraq, bu mühüm tədbirlərdə planlaşdırılan hədəflərə nail olunduğunu qeyd etdi.
Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudak Cənub Qaz Dəhlizi layihəsinin uğurlu icrasında Məşvərət Şurasının toplantılarının önəmini vurğuladı. O, Avropa İttifaqının əsas maliyyə strukturu olan bu bankın Cənub Qaz Dəhlizi layihəsinə maliyyə dəstəyi göstərməsinin əhəmiyyətini qeyd etdi. Regionda Azərbaycanın iştirakı ilə həyata keçirilən irimiqyaslı nəqliyyat layihələrinə toxunan Vazil Hudak Avropa İnvestisiya Bankının bu kimi nəqliyyat və digər layihələrin də maliyyələşdirilməsində maraqlı olduğunu ifadə etdi.
Layihəyə verdiyi dəstəyə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev qeyd etdi ki, bu, bankın bölgədə maliyyələşdirdiyi ən böyük layihələrdən biridir. Cənub Qaz Dəhlizinin dayanıqlı layihə olduğunu xatırladan Prezident İlham Əliyev bu kreditlərin Avropa İnvestisiya Bankının və Avropa İttifaqının layihəyə dəstəyini nümayiş etdirdiyini bildirdi.
Görüşdə müxtəlif sahələrdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparıldı.