Bu sərəncam tələbələr arasında sağlam rəqabət yaradacaq

 

Dövlət başçısına minnətdarlıq

 

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında yaxından iştirakını təmin etmək məqsədi daşıyır. Dövlət başçısı tərəfindən gerçəkləşdirilən siyasət yeni mərhələdə ən müxtəlif sahələri əhatə edirgeniş spektrlidir. Bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtlarının səmərəli təşkili, həmçinin, cəmiyyət həyatının bütün sahələrində fəal iştirakları ilə bağlıdır.

Bunun nəticəsində Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və digər sahələrdə böyük nailiyyətlər qazanır. Dövlətçilik ənənələrini daim uca tutan Azərbaycan gəncliyi çoxşaxəli islahatların həyata keçirilməsində fəal iştirak edir.

Bu fəaliyyət tələbə-gənclərə də aiddir. Onlar da dövlət başçısının göstərdiyi diqqət və qayğıdan bəhrələnirlər. Prezident İlham Əliyevin tələbə təqaüdlərinin 30 faiz artırılması haqqında imzaladığı sərəncamın isə özəllikləri var. Məsələn, bu sənəd imkan verir ki, təqaüdlə yararlana bilən tələbələrin sayı artsın. Mart ayının 1-dən etibarən 30 faiz əlavə tələbə təqaüddən yararlana bilmək fursəti əldə edəcək. Bu, təbii ki, bir çox tələbənin müxtəlif istiqamətlərdə fəallığına da stimul yaradacaq. Çünki təqaüd tələbə üçün, sadəcə, maddi vəsait deyil, həm də fərqlənməsi üçün bir motivasiyadır. Nəzərə alaq ki, bu sərəncamla 2020-2021-ci illərdə təqaüd alanların sayı da xeyli artacaq. Bu həm də o deməkdir ki, hər iki tələbədən biri təqaüd alacaq. Yəni indiyə kimi təqaüd almayan tələbə də yaxşı oxumağa çalışacaq. Unutmayaq ki, sağlam rəqabət cəmiyyətin inkişafında mühüm amillərdən bəlkə də birincisidir.

 

Aytac HƏSƏNOVA,

Azərbaycan Dövlət İqtisad Universitetinin II kurs tələbəsi

 

Azərbaycan.- 2019.-21 fevral.- S.5.