Nazirlər Kabinetində keçirilən görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafından danışılıb

 

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov fevralın 20-də Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu vurğulayan Baş nazir ölkələrimizin və xalqlarımızın tarixən bir-birinə çox güclü tellərlə bağlı olduğunu bildirib. Azərbaycan və Türkiyə parlamentlərinin ölkələrimiz arasında münasibətlərin inkişafındakı rolundan bəhs edən Novruz Məmmədov Türkiyə nümayəndə heyətinin bu səfərinin, keçirilən görüşlərin əlaqələrimizin daha da genişləndirilməsi baxımından önəmli olduğunu deyib.

Şamil Ayrım Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun yeni tərkibdə Azərbaycana ilk dəfə səfər etdiyini bildirib. O, səfər zamanı Azərbaycan-Türkiyə əlaqələrinin hazırkı vəziyyətinə, münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində görülməli olan işlərə dair önəmli müzakirələr aparıldığını diqqətə çatdırıb. İki qardaş ölkə arasında əlaqələrin bütün sahələrdə ən yüksək səviyyədə olduğunu deyən Şamil Ayrım Azərbaycanın və Türkiyənin iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən neft-qaz sektorunda birgə bir sıra mühüm layihələrə imza atdıqlarını söyləyib. O, birgə həyata keçirilən layihələrin Azərbaycan və Türkiyə ilə yanaşı, bölgənin də inkişafına mühüm töhfələr verdiyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.

 

Azərbaycan.- 2019.- 21 fevral.- S.7.