Cənub Qaz Dəhlizi Məşvərət
Şurası çərçivəsində nazirlərin beşinci toplantısının yekununa dair Birgə Bəyannamə
imzalanıb
Fevralın 20-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısının yekununa dair Birgə Bəyannamə imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədi toplantı iştirakçıları adından Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger imzalayıb.
İmzalanma mərasimindən sonra toplantının yekunları ilə bağlı mətbuat konfransı keçirilib.
Energetika naziri
deyib ki, bu gün imzalanan
“Birgə Bəyannamə”də strateji tərəfdaşlıq
ön plana çəkilib
və layihənin təşəbbüskarı olan Azərbaycanın rolu bir daha qeyd
edilib. İclas
zamanı Prezident İlham
Əliyev Cənub Qaz Dəhlizi layihəsinin
icrası üzrə əldə olunan
nailiyyətləri yüksək qiymətləndirib. Builki iclasın
iştirakçılarının sayında da
artım olub. İclasa
17 ölkənin nümayəndəsi qatılıb. Serbiya, Macarıstan və
San-Marino ilk dəfə iclasda
təmsil olunub. Bu, Cənub Qaz Dəhlizinə marağın
artdığının bariz
nümunəsidir.
P.Şahbazov bildirib ki, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan layihələrdən
“Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin
Genişləndirilməsi və
TANAP-ın Türkiyə
təbii qaz nəql edən hissəsi üzrə işlər yekunlaşıb.
Azərbaycan qazını
Avropaya çatdıracaq
TAP boru kəmərinin
inşasının 85 faizi
tamamlanıb.
Avropa Komissiyasının
büdcə və insan resursları üzrə komissarı G.Ottinger isə qeyd edib ki,
Avropa İttifaqı ilə Azərbaycan arasındakı enerji əməkdaşlığının böyük perspektivləri
var. Avropa İttifaqı
Azərbaycanda enerji sektorunun daha da inkişafına dəstək verməyə
hazırdır: “Biz hələ
2009-cu ildə Xəzərdə
hasil olunan təbii qazın Avropaya nəqlinə dair ideyaları eşitməyə başladıq.
İlkin
olaraq “Nabucco” layihəsi irəli sürüldü. Bu layihə çərçivəsində
nəzərdə tutulurdu
ki, Xəzər qazı Avropa bazarına çatdırılsın.
“Nabucco” opera kimi
tanınır, Cənub
Qaz Dəhlizi isə reallıqdır”.
G.Ottinger bildirib ki, “Şahdəniz-2”
yatağından hasil olunan qaz artıq
boru kəməri ilə Türkiyəyə
çatdırılır. Bu layihənin sonuncu hissəsi – TAP layihəsi üzrə işlər davam edir. Ümidvarıq ki, həmin işlər
2019-2020-ci illərdə tamamlanacaq:
“Nazirlər səviyyəsində
keçirilən bu toplantı çox mühüm tədbirə
çevrilib. İtaliyadan olan
nümayəndələr də
TAP layihəsinin önəminə
toxundular. Azərbaycan qazının
İtaliyaya çatdırılması
istiqamətində işlər
gedir. Avropa üçün enerji təhlükəsizliyi
çox mühüm məsələdir. Qarşıdakı 10 ildə isə qitədə təbii qazın önəmi daha da artacaq.
Bizim üçün marşrutların
və mənbələrin
şaxələndirilməsi önəmlidir. Bu xüsusda Xəzər qazı, Azərbaycan qazı bizim üçün yeni mənbə, yeni marşrut deməkdir”.
Avrokomissar vurğulayıb ki, Azərbaycan və SOCAR hazırda Avropa İttifaqının strateji
enerji tərəfdaşıdır. Bu gün Cənub Qaz Dəhlizi tamamlandıqdan sonra növbəti ünvanlara genişləndirilməsi müzakirə
olunur. Ümumi məqsəd isə növbəti 10 ildə Avropa istiqamətinə gedən qazın həcmi ən azı iki dəfə
artırılsın, ildə
20 milyard kubmetr, hətta 25 milyard kubmetrə çatdırılsın.
“Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlığın çox geniş üfüqləri var. Bunlar
arasında hasil edilən yanacaq, bərpaolunan enerji mənbələri, həmçinin
elektrik şəbəkələrinin
müasirləşdirilməsi kimi məqamlar var. Nəqliyyat sahəsində
də bizim əməkdaşlığımız genişlənə bilər. Avropa İttifaqı Azərbaycanın
öz iqtisadiyyatını
daha da şaxələndirməsinə
töhfə vermək,
enerji və bərpaolunan enerji sahəsində də əməkdaşlığı genişləndirmək əzmindədir”,
- deyə o əlavə
edib.
Xatırladaq ki, Məşvərət Şurası
çərçivəsində nazirlərin ilk toplantısı
2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü
toplantı 2017-ci il fevralın 23-də, dördüncü
toplantı isə ötən il fevralın 15-də keçirilib.
Azərbaycan.- 2018.- 21 fevral.- S.8.