Qədim dilin müasir problemləri

 

21 fevral Beynəlxalq Ana Dili Günüdür

 

Dil millətin varlığının əsas şərtlərindən, göstəricilərindən biridir. Azərbaycan dili istər tarixi, istərsə də müasir vəziyyəti baxımından dərin məna tutumuna, lüğət tərkibinin zənginliyinə, mükəmməl qrammatik quruluşuna görə dünyanın seçilən və inkişaf etmiş dillərindən biridir. Varlığımızın, özünü təsdiqimizin mühüm göstəricilərindən biri olan ana dilimiz tarix boyu olduğu kimi, müasir dövrdə də ölkəmizin hüdudlarını aşaraq bir sıra bölgələrdə ümumünsiyyət vasitəsi rolunu oynayır və nüfuz dairəsini daha da genişləndirir. Mənəvi varlığını, mövcudluğunu qoruyub saxlayır.

 

Dilləri gözləyən ölüm təhlükəsi

 

1999-cu ildə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır.

Son 100 il ərzində 3000-dən 6000-ə qədər dili ölüm təhlükəsi gözləyir. Dilin saxlanması üçün həmin dildə ən azı 100 min insan danışmalıdır. Yer üzündə əhalinin 80 faizi mövcud 7000 dildən yalnız 80 dili bilir. Qalan dillərdə əhalinin 20 faizi danışır. 3,5 min dil əhalinin 0,2 faizinə aiddir.

 

Dövlət qayğısı

 

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu məlumat verir ki, ölkəmizdə ana dilinə dövlət qayğısı ilə bağlı məsələdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətləri vardır: "Ulu öndər hələ hakimiyyətinin birinci dövründə Azərbaycan dilinə böyük qayğı göstərmiş və bunun nəticəsi olaraq Azərbaycan SSR-nin 1978-ci ildə qəbul olunmuş konstitusiyasına dövlət dili ilə bağlı ayrıca maddə daxil edilmişdi. Ulu öndərin Azərbaycana rəhbərliyinin ikinci mərhələsində isə Azərbaycan dili dövlət dili statusunu qazanmışdır. Prezident İlham Əliyev də ana dili ilə bağlı mühüm dövlət sənədlərinə imza ataraq dövlət quruculuğu siyasətində bu məsələyə böyük önəm verir. Təkcə keçən il ölkə Prezidenti dövlət dili ilə bağlı "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncam və "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalamışdır”.

 

Dilimizin daxili imkanları hesabına xeyli milli terminlər yaranıb

 

Dil canlı bir məfhumdur və cəmiyyət, dünya inkişaf etdikcə, o da dayanmadan inkişaf edir. Dilin lüğət tərkibinə zamanla xeyli sayda yeni sözlər daxil olur, işləkliyini itirən müəyyən sözlər isə sıradan çıxır. Bəs elmi, texniki tərəqqi ilə bağlı dilimizə daxil olan alınma sözlər hansısa dəyişikliklərə, dilin saflığının pozulmasına gətirib çıxara bilərmi?

Bununla əlaqədar suallarımızı cavablandıran filologiya elmləri doktoru, professor, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Terminologiya” şöbəsinin müdiri və AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyir ki, son dövrlər dilimizə xeyli alınma söz daxil olub. Bu sözlərin dilimizdə işlənməsini müəyyən mənada təbii bir proses hesab etmək olar. Çünki hazırda elmi-texniki tərəqqi, qloballaşma, ayrı-ayrı elm sahələrinin, yeni anlayışların yaranmasına səbəb olur və dilə yeni sözlər daxil olur. Bu alınmaların bir hissəsinin, dilimizin daxili imkanları hesabına qarşılığı yaranır, digər hissəsi isə beynəlxalq terminlərdən ibarət olur: "Kompüter texnologiyası son dövrlərin nailiyyətidir və bununla bağlı dilimizə çoxlu alınma sözlər daxil olur. Lakin bu o demək deyil ki, kompüter texnologiyası ilə bağlı bütün anlayışlar yalnız alınma sözlər hesabına yaranmışdır. Dilimizin daxili imkanları hesabına sonsuz miqdarda bu sahə ilə bağlı milli terminlər yaranıb və bu, milli bazanın formalaşmasında əsas götürülüb”.

Akademik Möhsün Nağısoylu isə söyləyir ki, elmi-texniki, siyasi-ictimai, iqtisadi və mədəni həyatın hər günü həyatımıza yeni-yeni anlayışlar və onları ifadə edən sözlər, ifadələr gətirir, bunların da bir çoxu informasiya texnologiyaları ilə bağlıdır. Bununla bağlı dilimizin lüğət tərkibində, demək olar ki, hər gün yeni bir söz özünə yer tapır: "Son üç ildə AMEA Nəsimi adına Dilçilik İnstitutunda "Azərbaycan dilinin yeni sözlər və mənalar lüğəti”, "Yeni terminlərin izahlı lüğəti” kitabları nəşr olunmuşdur. Müasir dövrdə hər hansı bir dili inkişafsız təsəvvür etmək olmaz. Azərbaycan dili daim inkişaf edən dillər sırasındadır. Dilimiz həm dildaxili, həm də ekstralinqvistik amillər hesabına durmadan inkişaf edir və daim zənginləşir. Ümumi qanunauyğunluqlar cərgəsində daha çox nəzəri cəlb edən məsələ leksik-terminoloji yeniləşmədir. Alınma sözlərlə bağlı onu da qeyd edim ki, şəxsən mən bu məsələdə dilimizin öz imkanları hesabına söz yaradıcılığının tərəfdarıyam”.

Akademik onu da qeyd edir ki, Azərbaycan dilinin lüğət tərkibinin müasir mərhələdəki inkişaf yolları, yeni sözlərin normalaşma prosesi və s. kimi nəzəri məsələlərin öyrənilməsi dilçiliyimizin aktual problemləri sırasındadır: "Əlbəttə, dilə daxil olan yeni sözlərin struktur-semantik xüsusiyyətlərinin hansı meyarlarla müəyyənləşdirilməsi dilə yeni daxil olan leksik-terminoloji vahidlərin sistemli öyrənilməsi ilə sıx bağlıdır. Müstəqillik şəraitində dilimizə yeni sözlərin daxil olması prosesi, təbii ki, müəyyən zərurətdən irəli gəlir. AMEA Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycan dilinə son illər daxil olan söz və terminlər toplanılmış, tematik baxımdan sistemə salınmış və onlar izahlı lüğətlər şəklində hazırlanaraq nəşr edilmişdir. Yeni söz və terminləri müəyyənləşdirərkən dil mənsubiyyəti meyarı əsas götürülmüşdür. Yeni söz və terminlər müəyyən hallarda dilimizin inkişaf səviyyəsinin mühüm göstəricisi kimi çıxış edir. Sosial həyatda, elmin və texnikanın inkişafında baş verən mühüm dəyişikliklər, ilk növbədə, yeni söz və terminlərdə öz əksini tapır. Qeyd edim ki, dildə baş verən yeni söz yaradıcılığı prosesi, əsasən dilin öz daxili imkanları hesabına yeni düzəltmə və mürəkkəb sözlərin yaradılması istiqamətində gedir. Bununla belə, müxtəlif elm sahələri və informasiya texnologiyaları ilə bağlı bir sıra beynəlmiləl sözlərin dilimizin fonetik qanunlarına uyğun şəkildə qəbul edilməsi və işlədilməsi qaçılmaz bir prosesdir”.

 

113 min sözdən yalnız 3-5 mini istifadə olunur

 

O da həqiqətdir ki, bəzən dilimizin zənginliyindən lazımi qaydada istifadə olunmur. Televiziya və radio kanalları, internet resursları, qəzetlərdə və müxtəlif reklamlarda ədəbi dil normalarının pozulması müşahidə edilir. Xüsusilə, ana dilimizdə qarşılığı olduğu halda, yerli-yersiz əcnəbi sözlərin işlədilməsinə rast gəlinir.

Möhsün Nağısoylu qeyd edir ki, müstəqillik şəraitində, eləcə də müasir elmi-texniki yeniliklərlə bağlı Azərbaycan dilində alınma terminlərin milliləşməsi, yəni, dilin daxili imkanları hesabına onların uyğun qarşılıqlarının tapılması prosesi gedir. Münasib qarşılığın tapılmasının və onun müəyyənləşdirilməsinin də özünəməxsus xüsusiyyətləri var. Bu, öncə Azərbaycan dilinin müəyyən qanunauyğunluqları və mövcud imkanları çərçivəsində baş verməlidir. Azərbaycan dilinin müasir inkişafının perspektivləri göstərir ki, ana dilimiz münasib qarşılıqların tapılması və müəyyənləşdirilməsi baxımından geniş imkanlara malikdir: "Bu məsələdə özbaşınalığa yol vermək olmaz. Çünki bu gün bəzi mətbuat orqanlarında dilimizdə artıq vətəndaşlıq hüququ qazanmış alınma sözlərin əvəzində onların türk dilində işlənən qarşılıqlarına rast gəlmək olur. Məsələn, "diskussiya” əvəzinə "tartışma”, "kompromis” əvəzinə "anlaşıt”, "koalasiya” əvəzinə "bağlaş”, "ənənə” əvəzinə "gələnək”, "marketinq” əvəzinə "pazarlama” və s. Bu da cəmiyyətdə haqlı narazılığa səbəb olur. Məhz buna görə də bu qəbildən olan sözlərin geniş müzakirə edilməsinə, onların tənzimlənməsinə və ortaq bir nəticə əldə edilməsinə böyük ehtiyac duyulur. Bu məsələnin həlli üçün dilçi alimlərlə yanaşı, mətbuat işçilərinin də iştirakı ilə geniş diskussiyaların keçirilməsi, "dəyirmi masa”ların təşkili olduqca vacibdir”.

Professor Sayalı Sadıqova isə deyir ki, mətbuatda müşahidə apardıqda görürlər ki, orfoqrafiya lüğətində 113 min söz varsa, ancaq onun 3-5 minindən istifadə olunur. Fikrin dəqiq çatdırılması, dilin söz ehtiyatlarından geniş istifadə edilməsi onun daha da zənginləşdirilməsi baxımından mətbuatın üzərinə mühüm vəzifə düşür: "Məsələn, son dövrlər mətbuatda başlıqların cümlələr şəklində verilməsi onun oxunaqlığının qarşısını alır. Həmçinin ancaq publisistik məqalələr verilməklə ədəbi dil janrlarını məhdudlaşdırırlar. Məqsədəuyğundur ki, müxtəlif janrlardan istifadə edilsin, məqalələrlə bərabər, bədii nümunələrə, hekayələrə geniş yer verilsin. O cümlədən, ilk növbədə dilimizin daxili imkanları hesabına yaranan, mənası dəqiq, anlaşıqlı olan sözlərdən istifadə olunsun. Bəzən isə dialekt sözlərdən geniş istifadə olunur. Elə sözlər də var ki, o mətbuatda işlənməməlidir, amma işlədilir, bax bunun qarşısını almaq lazımdır”.

 

Dilimizə 5 minə qədər alınma termin daxil olub

 

Bir müddət əvvəl Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında bəzi alınma sözlərin Azərbaycan dilindəki qarşılığı müəyyənləşdirilib. Məsələn, "zaryadka” - "yükləmə”, "adapter” - "yükləyici”, "proqnoz” - "öncəgörmə”, "maus” - "bələdçi” kimi işlənməsi təklif olunan sözlərin qarşılığı xeyli mübahisələrə səbəb olmuşdu.

Bununla əlaqədar Sayalı Sadıqova deyir ki, Terminologiya Komissiyası müəyyən sözləri həm mütəxəssislərin, həm də xalqın müzakirəsinə verir: "Burada əlbəttə ki, daha çox o sahənin mütəxəssislərinin sözləri əsas götürülür. Məsələn, kompüter texnologiyaları ilə bağlı sözdürsə, həmin sahənin mütəxəssisinin fikri əsas götürülür. Elə bu əsasla da, yuxarıda sadalanan terminlərin, bəziləri olduğu kimi saxlanıldı. Məsələn "maus”, "proqnoz” kimi sözlər. Onu da deyim ki, əgər dilimizə yeni 5 söz daxil olursa və onlar uğurlu olursa, bu, birbaşa dilin lüğət tərkibinin zənginləşməsi deməkdir”.

Müstəqillik dövründə dilimizə 5 minə qədər alınma termin daxil olub. Alınma terminlərin dilimizin lüğət tərkibinin zənginləşməsinə hansı formada təsir etməsi ilə bağlı məsələyə aydınlıq gətirən Sayalı Sadıqova deyir ki, həmin terminlərin əksəriyyəti toplanıb və izahları ayrı-ayrı lüğətlərdə öz əksini tapıb. Bu həm dilimizə daxil olan terminlərin sistemləşdirilməsi, həm də onların Azərbaycan dilində yazılış formasının verilməsi, eyni zamanda, dilimizin lüğət tərkibinin zənginləşməsinə təsiri məsələlərini aydınlaşdırmaq baxımından çox mühüm əhəmiyyət kəsb edir”.

Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu da qeyd edir ki, son dövrdə müasir Azərbaycan ədəbi dilinin geniş imkanlarından lazımınca və düzgün istifadə edilməməsi halları haqlı olaraq narahatlıq doğurur: "Ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və bunun qarşısının alınması istiqamətində müvafiq qurumlar heç də həmişə çeviklik nümayiş etdirə bilmirlər. Nəticə etibarilə dövlət dilinin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə göstərir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən monitorinq mərkəzi yaradılacaq və bu qurum göstərilən halların qarşısını almaq üçün təsirli tədbirlər görəcəkdir”.

 

Dilimizi qoruyaq

 

"Dilin qoruyucusu və daşıyıcısı xalqdır, buna görə də dilin keşiyində durmaq, onun hərtərəfli inkişafına nail olmaq hər kəsin vətəndaşlıq borcu olmalıdır. Hesab edirəm ki, bir əsrdən sonra da dilimizin inkişaf səviyyəsi durmadan artacaq və dünya dilləri sırasında özünün layiqli yerini tutacaqdır”- söyləyən Möhsün Nağısoylu, buna nail olmaq üçün yaxın gələcək üçün nəzərdə tutulan mühüm məsələləri aşağıdakı kimi qeyd edir:

- dilimizi ifadə imkanlarının zənginliyinə görə dünyanın tanınmış dilləri səviyyəsinə qaldırmaq istiqamətində müəyyən işləri həyata keçirmək;

- müasir dilçilik elminin son nailiyyətlərini Azərbaycan dilçiliyinə tətbiq etməklə həm də dilimizin yüksək inkişafına nail olmaq;

- dövlət dili və şifahi nitqlə bağlı mövcud nöqsanları aradan qaldırmaq;

- Azərbaycan dilinin tarixi inkişafını və müasir vəziyyətini özündə əks etdirən müxtəlif tipli lüğətlər (izahlı, terminoloji, etimoloji, tarixi, ikidilli) hazırlamaq və nəşr etdirmək;

- gündəlik ünsiyyətdə dilimizin özünəməxsus ümumişlək söz və ifadələrinə üstünlük vermək;

- ibtidai və orta təhsilin dövlət dilində geniş şəkildə tətbiqinə nail olmaq;

- Azərbaycan dilinə sonsuz sevgi və böyük ehtiram duyğularının təməlinin orta və ali təhsil müəssisələrində qoyulmasına nail olmaq.

 

50 milyon azərbaycanlı öz ana dilində danışır

 

Dünyaya göz açanda doğma dildə eşitdiyimiz o şirin layla, qürur anlarımızda səslənən himnimizlə fəxr edirik. Fəxr edirik ki, bu gün dünyanın müxtəlif ölkələrində 50 milyondan çox azərbaycanlı yaşayır və öz ana dilində danışır.

Və bu əsrlər, minilliklər boyu da belə davam edəcək...

Yaşayacaq, var olacaq, hər bir zaman ana dilim...

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2019.- 21 fevral.- S.10.