Milli varlığımızın nişanəsi

 

Ulu öndər Heydər Əliyev milli varlığımızın kökləri üzərində pərvəriş tapan latın qrafikalı Azərbaycan əlifbasını 19 il bundan öncə yenidən həyata qaytarmaqla həm tarixi ədalətsizliyi aradan qaldırmış, həm də dilimizin inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Belə ki, ümummilli liderin 18 iyun 2001-ci il "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanından sonra bütün Azərbaycan ərazisində latın əlifbasına keçilmişdir.

Hər bir xalqın milli mədəniyyətinin tərkib hissələrindən birini həmin xalqın əlifbası, yazı sistemi təşkil edir. Əlifba xalqın mədəniyyət silahı, milli-mənəvi sərvətidir. Mükəmməl əlifba əsasında aparılan yazı sistemi xalqın maddi-mədəni nailiyyətlərinin yaranmasında, yaşamasında və inkişaf etməsində başlıca rol oynayır, dilin, elmi əlaqələrin və digər zəruri fəaliyyət sahələrinin tərəqqisinə xidmət edir. Təəssüf ki, xalqımızı bu tərəqqidən məhrum etmək istəyən qüvvələr əlifbamızı tarixin müxtəlif dövrlərində müəyyən səbəblər üzündən bir neçə dəfə dəyişdirməyə nail olmuşlar.

Ötən əsrin 20-ci illərinin sonuna kimi Azərbaycan dilinin yazısı ərəb qrafikasına əsaslanmış, yalnız 1929-cu ildə latın qrafikalı əlifbaya keçilmişdir. Ərəb əlifbasının islah olunması sahəsində ilk təşəbbüs XIX əsrin 60-cı illərində M.F.Axundzadə tərəfindən irəli sürülmüş və sonradan bu ideya bir çox Azərbaycan ziyalıları tərəfindən dəstəklənmişdir. Lakin əlifba islahatı sahəsində ilk praktiki addımlar 1918-ci ilin mayında Azərbaycanın dövlət müstəqilliyi elan olunduqdan sonra atılmışdır. 1919-cu ilin martında milli hökumət yeni Azərbaycan əlifbasının layihəsini hazırlamaq məqsədilə xüsusi komissiya yaratmışdı. Komissiyaya üç müxtəlif layihə (Məhəmməd ağa Şahtaxtlının, Abdulla bəy Əfəndizadənin və Abdulla Tağızadə ilə Mirəziz Seyidovun birgə layihələri) təqdim olunsa da, Abdulla bəy Əfəndizadənin latın qrafikasına keçməklə bağlı layihəsi bəyənilmişdi. Bu layihə 1919-cu il avqustun 20-dən sentyabrın 1-nə kimi Bakıda keçirilmiş Azərbaycan müəllimlərinin qurultayında təsdiq olunduqdan sonra parlamentin müzakirəsinə verilmişdir. Lakin 1920-ci il aprel işğalı milli hökumətə bu layihəni reallaşdırmağa imkan vermədi.

Bolşeviklər hakimiyyəti ələ alandan sonra latın qrafikasına keçidi qəbul etməyi reallaşdırmaq üçün 1922-ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanında Yeni Türk Əlifbası Komitəsi (AYTƏK) təşkil edildi. Komitənin ilk tərkibi beş nəfərdən - Səməd Ağamalıoğlu, Fərhad Ağazadə, Xudadat Məlik Aslanov, Abdulla Tağızadə və Əhməd Pepinovdan ibarət idi.

1922-ci ildə AYTƏK-in Şuşada, Qazaxda, Tovuzda, Gəncədə, Şəkidə, Ağdamda, Şəmkirdə, Zaqatalada, Göyçayda, Ağdaşda, Sabirabadda, Salyanda, Şamaxıda, Türküstanda, İrəvanda, Tiflisdə, 1923-cü ildə Qubada, Cəbrayılda yerli təşkilatları yaradılır. Bakıda yeni əlifba ilə "Yeni yol”, Tiflisdə isə "İşıqlı yol” qəzetləri çap edilir. Beləliklə, ölkədə hakimiyyəti zor gücünə ələ keçirmiş bolşeviklər tədricən latın əlifbasının qəbulunun zəruriliyinə zəmin yaratdılar. Azərbaycan əlifbasının islahatı respublikada dil quruculuğuna böyük təkan verdi. Respublikada yaşayan azsaylı xalqların - ləzgilərin, avarların, saxurların, tatların, talışların, kürdlərin, udinlərin latın qrafikalı əlifbaları yaradıldı. Yeni əlifbanın qəbulundan sonra bu əlifba ilə yeni kitabların çapı məqsədilə Cəlil Məmmədquluzadə, Abdulla Tağızadə və Hacı Kərim Sanılıdan ibarət bir komissiya yaradılır. Mirzə Cəlil sədr təyin edilir. Yeni Türk Əlifbası Komitəsi və başqa nəşriyyatlar tərəfindən 1928-ci ilin noyabr ayının 1-nə qədər 473 adda, 2.377.350 tirajla kitablar dərc edilir.

Yeni əlifba müzakirələri bu dövrdə də davam etdirilir. Komissiyalar yaradılır, Türküstana, Krıma, Dağıstana səfərlər edilir. Türkoloji qurultayda geniş müzakirələr aparılır. Nəhayət, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin (MİK) 4-cü sessiyasının 1928-ci il 11 oktyabr tarixli qərarı ilə respublika latın əlifbasına keçirildi. On il idi ki, camaat bu əlifba ilə yazıb-oxumağı mənimsəmişdi. Bəs, səbəb nə oldu ki, bəh-bəhlə qəbul edilən bu əlifba vurhavurla ləğv edildi?

Türkiyənin latın qrafikasına keçməsi, 1939-cu ildə İkinci Dünya müharibəsinin başlaması çəkilən bu qədər əməyi bir qərarla heçə endirmişdir. Azərbaycanla Türkiyə arasındakı yazı əlaqəsinin müharibədə təhlükəli olacağını düşünən və artıq repressiya maşını ilə bütün ziyalıları qıran rejim kiril qrafikasına keçidin "zəruriliyini” gündəmə gətirir. 1939-cu il iyulun 11-də Azərbaycan SSR Ali Soveti 1940-cı il yanvarın 1-dən latın qrafikasından kiril qrafikasına keçmək haqqında qərar qəbul edir. Beləliklə, latın əlifbası kiril yazısı əsasında tərtib edilmiş yeni qrafikalı əlifba ilə əvəz olunur.

Dilşünasların da qeyd etdikləri kimi, kiril qrafikası əsasında hazırlanmış yeni türk əlifbaları arasında çox ciddi fərqlər var idi. SSRİ rəhbərliyi tərəfindən bilərəkdən Azərbaycanda dil quruculuğunun təbii inkişaf axarı pozulur. Mərkəzi hakimiyyətin qərarı əsasında azsaylı xalqların yeni yaradılmış əlifbaları ləğv olunurs. Bütün bunlar türk dilləri arasında fərqləri süni surətdə dərinləşdirmək məqsədilə edilirdi. Təsadüfi deyil ki, XX əsrin sonlarında SSRİ-nin dağılması prosesi başlayanda Azərbaycan ictimaiyyətinin irəli sürdüyü ilk tələblərdən biri latın qrafikasına qayıdışla bağlı oldu. Milli şüurun oyanışının təzahürü olan bu tələb yalnız məhdud linqvistik əhəmiyyət kəsb etməyib geniş etnosiyasi xarakter daşıyırdı ki, 1990-cı ilin əvvəllərində latın qrafikasını bərpa etmək məqsədilə latın qrafikalı əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim məhz akademik Afad Qurbanov olmuşdur. Əlifba islahatçısı kimi onun təşəbbüsü ilə 1 avqust 1990-cı ildə Azərbaycan Əlifba Komissiyası yaradılmış və bu sahədəki yaradıcılıq işi nəzərə alınaraq akademik Afad Qurbanov komissiyanın sədri təyin edilmişdir. Komissiyanın hazırladığı layihə 1991-ci il dekabrın 25-də Azərbaycan parlamenti tərəfindən təsdiq olunmuşdu, ancaq reallığa çevrilməmişdi.

Xalqının və ölkəsinin dəyərli təəssübkeşi, dünya şöhrətli siyasətçi Heydər Əliyev ikinci dəfə Azərbaycana siyasi hakimiyyətə qayıtdıqdan sonra bu məsələ həllini tapmışdı. Ulu öndərin 18 iyun 2001-ci il "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman ilə milli varlığımızın kökləri üzərində pərvəriş tapan latın qrafikalı əlifbaya keçilmiş və 1 avqust Əlifba Günü kimi təntənə ilə qeyd olunmağa başlanmışdır.

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2019.- 21 fevral.- S.10.