Ana dili

 

Dil açanda ilk dəfə "anasöyləyirik biz,

"Ana diliadlanır bizim ilk dərsliyimiz.

İlk mahnımız laylanı anamız öz südüylə

İçirir ruhumuza bu dildə gilə-gilə.

 

Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,

Bu dil bir-birimizlə əhdi-peymanımızdır.

Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,

Bu dil əcdadımızın bizə miras verdiyi

Qiymətli xəzinədironu gözlərimiz tək

Qoruyub, nəsillərə biz hədiyyə verək.

 

Bizim uca dağların sonsuz əzəmətindən,

Yatağına sığmayan çayların hiddətindən,

Bu torpaqdan, bu yerdən,

Elin bağrından qopan yanıqlı nəğmələrdən

Güllərin rənglərindən, çiçəklərin iyindən,

Mil düzünün, Muğanın sonsuz genişliyindən,

Ağsaçlı babaların əqlindən, kamalından,

Düşmən üstünə cuman o Qıratın nalından

Qopan səsdən yarandın.

Sən xalqımın aldığı ilk nəfəsdən yarandın.

 

Ana dilim, səndədir xalqın əqli, hikməti,

Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış.

Ürəklərə yol açan Füzulinin sənəti,

Ey dilim, qüdrətinlə dünyalara yol açmış.

Səndə mənim xalqımın qəhrəmanlıqla dolu tarixi varaqlanır,

Səndə neçə min illik mənim mədəniyyətim,

Şan-şöhrətim saxlanır.

Mənim adım-sanımsan,

Namusum, vicdanımsan!

 

Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,

Bu dil əcdadımızın bizə qoyub getdiyi

Ən qiymətli mirasdır, onu gözlərimiz tək

Qoruyub, nəsillərə biz hədiyyə verək!

Ey öz doğma dilində danışmağı ar bilən fasonlu ədabazlar,

Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.

Bunlar qoy mənim olsun,

Ancaq Vətən çörəyi,

Sizlərə qənim olsun!

 

Bəxtiyar Vahabzadə

 

Azərbaycan.- 2019.- 21 fevral.- S.10.