Danışır xocalılılar

 

27 il öncə bir yurd yeri xarabalığa çevrildi

 

Yurdu tar-mar xocalılılardan qaçqın-köçkün sığınacağına çevrilən Gəncənin Hacıkənd qəsəbəsinə də pənah gətirənlər az deyildi. İllərlə yurd həsrətli, torpaq itkisinin ağrı-acısını yaşayan digər qarabağlı, göyçəli, laçınlı, kəlbəcərlilərlə orada qaynayıb-qarışmışdılar. Bir neçə ildir ki, Göygöl rayonunun Hacıməlik kəndi yaxınlığında, 600 ailəlik yeni salınmış məcburi köçkün qəsəbəsinə köçürülüblər. Sən demə, dərd, ağrı insanları bir-birinə daha tez yaxınlaşdırırmış. Buradakı dərdli-naləlilərin çəkdiyi qəm yükü daş-torpaq ağırlığında, dodaqları bayatı-ağılı, sinələri isə övlad dağlıdır.

 

Əlif Hacıyevin son kəlmələri

 

Xocalının istər mühasirə illərində, istərsə də son günlərində düşmənlə üz-üzə dayanan ağsaqqallarından biri, vaxtilə Kosalar kənd sovetliyinin mühasibi işləmiş, Xocalısından uzaq düşmüş, 27 ildir ki, acılı-şirinli xatirələrini yaddaşına yumaq kimi sarıyan Kamran Məmmədovdur. Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin o müdhiş gecə son kəlmələrini eşidən və hönkürtüsü heç yana yetməyən müdrik el ağsaqqalı Qarabağın bir parçası olan Xocalının sanki canlı ensiklopediyasıdır: "...Kosalar 700 illik tarixə malik qədim türk kəndidir. Kəndin ilk sakinlərindən birinin - Hacı Avazın adını (ona kosa Avaz da deyirmişlər) daşıyır. Kosaların adlı-şanlı kişiləri bolşevizmə və erməni daşnaklarının çirkin niyyətlərinə qarşı olublar. İgidliklərindən nağıl-dastanlar danışılan Qaçaq Mahmudun, Kosalar, Ballıca, Xan bağı, Xanəzək və digər kəndlərdə böyük mülkləri olmuş Məhəmməd ağanın doğulduğu kənd kimi tanınıb. Ötən əsrin otuzuncu illərinin repressiyası bu kənddən də yan keçməyib. 25 nəfər repressiyanın qurbanı olub - güllələnənlərdən savayı neçələri də Sibirə ömürlük sürgün ediliblər. 1941-1945-ci illər müharibəsibu kəndin oğullarını əlindən alıb. Müharibəyə aparılmış 122 nəfərdən 71-i cəbhədən qayıtmayıb. Qayıdanlar isə şikəst, əlil və yaralılar olub”.

"Kosalar Dağlıq Qarabağın ən sonuncu işğal edilən yaşayış məntəqəsi olub. Kənd 18 şəhid verib”. Kamran əmi fikrini cəmləşdirib deyir: "...Xocalının yer üzündən silinməsindən sonra o ərazilərdə azərbaycanlıların yaşadığı kənd-kəsək daim atəş altında idi. Ona görə də kəndlərdə özünümüdafiə dəstələri yaratmışdıq. Özümsilah götürmüşdüm. Postları boş qoya bilməzdik. Kosalar camaatı Şuşanın işğalından bir gün sonra - 9 may 1992-ci il tarixində kəndi məcburi tərk etməli oldu. Şuşa artıq erməni qoşunlarının əlində idi”.

Məhəmməd Şükürovun "Xocalı: daş yaddaşım, qan yaddaşım” kitabını vərəqləyib əlavə edir ki, nə yaxşı əli qələm tutan vətənpərvərlər faciəli günlərin gələcək nəsillərə çatdırılmasına çalışırlar. Dövlət başçısı İlham Əliyev xalqımızın yaşadığı faciələrin tarixini yazıb gələcək nəsillərə çatdırılmasının vacibliyini bildirib. Ermənilərin vandallığı, insanlığa yaraşmayan hərəkətləri dünya xalqlarına da çatdırılmalıdır: "Kosaların da tarixi, o müdhiş illərdə və son günlərində yaşayıb, düşmənlə necə döyüşdüklərindən az yazılmayıb. Düşmənə qarşı mətinliklə, qəhrəmanlıqla döyüşüb şəhid olandan sonra "Azərbaycan Respublikasının Milli Qəhrəmanı” fəxri adına layiq görülən Tabil Qasım oğlu Həsənovun, Natiq Elyas oğlu Əhmədovun, Möhsün Şahin oğlu Məmmədovun, eləcə də "Azərbaycan Bayrağı” ordeni ilə təltif edilən Xəzani Kərəm oğlu Əsgərovun, ümumiyyətlə, torpaq, yurd, Vətən uğrunda canlarından keçən şəhidlərimizin şərəfli ömür yollarının örnəyə çevrilməsi üçün onların haqqında da yazılmalıdır. Bu, həm də bizim müsibətlərimizin qanlı salnaməsidir. Kəndimizin beş oğlu (Sərvər Məmmədov, Mahir Abdullayev, Eldar Rüstəmov, Rasim AğayevRamiz Həsənov) isə şəhid olduqdan sonra "İgidliyə görə” medalı ilə təltif edilib.

Xocalının mühasirə illərində Kosalar kənd məktəbində qərargah yaradılmışdı. Xocalı odlara qalanan gecə qərargahda mən idim. Hava telefonunda Qarabağın igid, cəsur oğlu, Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin səsini eşitdim. Haray çəkirdi, Xocalıya kömək istəyirdi. Gecə saat 12-ni keçmişdi. O, Xocalının od tutub yandığını bildirir, hücumun qarşısını kəsmək və ləngitmək üçün Həsənabad və Xankəndinin hədəfə alınmasını istəyirdi. Canhəsən postunda bir topqrad qurğusu var idi. O gecə Əlif Hacıyevin hava telefonu ilə "sizdən də bizə kömək olmadı...” - harayı Ağsu aşırımındakı milis postunda da eşidildi. Qəhrəman, igid komandirin sonuncu kəlmələri də Xocalıya kömək göstərilməməsini təsdiqləyirdi. Xocalı təklənmiş, yerdən-göydən əli üzülmüş xocalılılar kimi, o gecə sonuncu harayını eşitdirdi Əlif Hacıyevin səsində, təəssüf ki, o səs də susduruldu...”

 

Azğın düşmənin qəzəbi və əzabı

 

9 nəfərlik ailədən o gecə "salamat” çıxan Xalidə və qardaşı Rauf Qəmbərovlar ikinci məskunlaşma məntəqəsinə sığınanlardandır. Xalidə Qəmbərova ilə Xocalının tarixini özündə əks etdirən Yaloba kənd tarix-diyarşünaslıq muzeyində görüşdük.

Dərd insanı tez dilləndirər, amma, bir nəslin yadigarı olan Xalidə Qəmbərova sanki susmağı ilə anlatmağa çalışdı gördüyü, yaşadığı, çəkdiyi müsibətləri. Bir ayın gəlini olan Xalidə xanım-xatınlıq günlərini əlindən alan o müdhiş gecədən salamat çıxmasına nəinki sevinir, əksinə, yurdu dağılan, ocağı sönən xocalılılardan danışmağın əzabını yaşayır. Bəzi məqamları ona xatırladan muzeyin direktoru Tofiq Məmmədov divardakı şəkilləri bir-bir göstərərək məlumat verir: "Bu, yeddi nəfərini bir gecədə itirmiş ailənin başçısı Qəmbərov Qarsalan Gəray oğludur. 1941-ci ildə Xocalının Kosalar kəndində anadan olmuşdu. Onun vətənpərvərliyini yalnız Xocalı sakinləri deyil, Xankəndidə erməni yaraqlıları da yaxşı bilirdilər. Məktəbyaşlı nəvələri ilə birlikdə qətlə yetirilən Qəmbərova Validə Boran qızı onun ömür-gün yoldaşı idi. 50 yaşında erməni gülləsinə tuş gəldi. Qəmbərov Nadir Qarsalan oğlu da 1972-ci ildə Xankəndidə doğulmuşdu. Oradakı N.Gəncəvi adına orta məktəbin IX sinifində oxuyanda - 1988-ci ildə Xankəndidə ermənilərin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə nümayişlər keçirəndə dəfələrlə daşnakların təhqirlərinə məruz qalmışdı. Həmin ilin sentyabrında azərbaycanlıların Xankəndidə vəziyyətlərinin ağırlaşdığı günlərdə onların da ailəsi Xocalıya pənah gətirənlərdən olmuşdu. Ona görə də düşmənə nifrəti gündən-günə artmışdı. Nadirin böyük qardaşı Səfər də 1963-cü ildə Xankəndidə anadan olmuşdu. Taleyinə Xocalının 25 fevral 1992-ci il müsibəti yazılanlardandır. O gecə Səfər, həyat yoldaşı və iki balası (1983-cü il təvəllüdlü Esmira və 7 yaşlı Emin) ilə erməni vandalizminin qurbanına çevriliblər”.

 

"Bir ürəkdə yeddi yara

 

...Bu ailənin daha bir üzvü - Qəmbərova Mətanət Hacı qızı isə Xocalıya Naxçıvandan gəlin köçmüşdü. Qarabağ adət-ənənəsi ilə toyları çalınanda ağlına da gətirməzdi ki, onun ailə-uşaqcanlı olduğundan, qohum-qonşularla tezliklə qaynayıb-qarışmasından, başına and içilməsindən daha çox müsibətindən, amansızcasına qətlə yetirilməsindən danışılacaq. İki balasını və həyat yoldaşını qəfil itirəcəyinə inanmasa da, illərlə xofda yaşayırdılar...

Qarsalan Qəmbərovun yeganə oğul yadigarı Raufdur. "Xocalının səsi” qəzetinin mərhum redaktoru Qasım Qırxqızlı "Bir ürəkdə yeddi yara” adlandırıb bu müsibəti yaşamış ailənin faciəsini: "..Xocalının başı üzərini qara bulud alanda Səfər qardaşı Raufla döyüşən batalyonun sıralarında idi. Ermənilərin Meşəlidən çıxarılmasında və digər əməliyyatlarda fədakarlıq göstərmişdi. Qaniçən daşnaklar Səfərin iki balasını və həyat yoldaşı Mətanəti ürəyindən vurmuşdular. Bir nəslin yeddi üzvü beləcə getdi...”

O faciəli günləri Rauf da xatırlaya bilmir, dəhşətli günlərdə itirdiyi əzizləri və doğmalarının müsibətlərini dilə gətirməyi bacarmasa da, deyir ki, bir gecənin içində hamımız pərən-pərən düşdük. Bilmirdik ki, kim harada qalıb. Anam və gəlinimiz ağır yaralı idi. Onlara heç cür kömək göstərə bilmədiyim məni hələ də yandırır.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2019.-21 fevral.- S.11.