IADC-nin prezidenti Bakı Ali
Neft Məktəbinin tələbələri
ilə görüşüb
Bakı Ali Neft Məktəbində (BANM) Qazma Podratçıları Beynəlxalq Assosiasiyasının (International Association of Drilling Contractors - IADC) rəhbərliyinin tələbələrlə görüşü keçirilib.
BANM-dən AZƏRTAC-a bildirilib ki, görüşdə rektor Elmar Qasımov IADC-nin Azərbaycanda fəaliyyətini, o cümlədən ali məktəbin tələbələri ilə birgə işini yüksək qiymətləndirib. Bildirib ki, IADC–nin mühəndislər üçün müxtəlif sosial layihələr həyata keçirməsi, onlarda xüsusi vərdiş və bacarıqları inkişaf etdirməsi və gələcək karyerlarına öz töhfəsini verməsi əvəzolunmaz xidmətlərdir.
IADC-nin prezidenti Jason McFarland söyləyib ki, rəhbərlik etdiyi təşkilatın əsas məqsədi qazma əməliyyatlarının həyata keçirildiyi ölkələrdə sənaye üzrə yenilikləri və informasiyanı təmin etmək, bütün dünya üzrə neft-qaz sənayesində fəaliyyət göstərən şirkətləri və bu sahənin gənc və təcrübəli mütəxəssislərini bir araya gətirərək əlaqələr yaratmaqdır.
Bu qurumun beynəlxalq inkişaf üzrə vitse-prezidenti Mayk Dubouz bildirib ki, qeyri-kommersiya təşkilatı olan IADC tələbələrin bilik və bacarıqlarını kəşf etmək, onları bu sahədə fəaliyyət göstərən şirkətlərlə tanış etmək və əlaqələr yaratmaq məqsədilə müxtəlif beynəlxalq və lokal konfranslar, təlimlər, seminarlar təşkil edir.
Görüşdə IADC-nin əməliyyat təhlükəsizliyi üzrə idarəedici vitse-prezidenti Mark Denkovski, Yaxın Şərq və Afrika regionu üzrə regional təmsilçisi Hişam Zebian tələbələrə neft-qaz sənayesi üzrə gələcək karyeraları haqqında istiqamət verib, şəxsi təcrübələrini paylaşıb, neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrin suallarını cavablandırıblar.
Sonra IADC-nin prezidenti Jason McFarlandın rəhbərlik etdiyi nümayəndə heyəti BANM-in infrastrukturu ilə tanış olub.
Qeyd edək ki, 1940-cı ildən fəaliyyət göstərən və baş ofisi ABŞ-ın Hyuston şəhərində yerləşən IADC neft və qaz kəşfiyyatı, quyu tikintisi, istismar, neft-mədən avadanlığının istehsalı və bu kimi müvafiq xidmətlərlə məşğul olan 1600 üzv müəssisəni öz ətrafında birləşdirir.
Azərbaycan.- 2019.-21 fevral.- S.11.