Azərbaycanın liderliyi ilə reallaşan növbəti layihə

 

 

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı bir daha təsdiqlədi ki, Avropa İttifaqı Azərbaycanın təşəbbüsləri ilə ərsəyə gələn bu enerji layihəsinə son dərəcə böyük maraq göstərir. ABŞ və Böyük Britaniyadan olan yüksək çinli rəsmilərin, bir sıra ölkələrin energetika nazirlərinin, müxtəlif qurumların təmsilçilərinin, o cümlədən Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottingerin toplantıda iştirak etmək üçün Bakıya gəlmələri bunu təsdiqləyir.

 

Avropa İttifaqı və ABŞ-dan Azərbaycana dəstək

 

Son onilliklərdə enerji təhlükəsizliyi ilə bağlı məsələlər dünyada ən aktual müzakirə mövzusuna çevrilib. Təsdadüfi deyil ki, nəinki iqtisadi, hətta siyasi məzmunlu konfransların da gündəliyində yer alan başlıca müzakirə predmetlərindən biri enerji təhlükəsizliyi ilə bağlı olur. Xüsusən Qərb dünyası öz enerji təhlükəsizliyinin daha yüksək səviyyədə təmin olunmasına, bu məqsədlə yeni mənbələrdən Avropaya kəmərlərin çəkilməsinə ehtiyac duyur. Düzdür, son dövrlərdə bu məqsədlə müxtəlif təşəbbüslər ortaya atılsa da, onların hamısı siyasiiqtisadi iradənin olmaması səbəbindən elə ideya olaraq qalıb.

"Cənub qaz dəhlizi” isə məhz Azərbaycanın təşəbbüsü, Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində reallığa çevrilən olduqca mühümböyük enerji infrastrukturudur.

Azərbaycanın qaz ehtiyatları ilə bağlı proqnozlar təsdiqləndikdən sonra Aİ və ABŞ Azərbaycanın təşəbbüslərini dəstəklədi, Xəzərdən hasil olunan təbii qazın Avropaya çatdırılması üçün ölkəmizlə əməkdaşlığa həvəslə qoşuldu. Çünki bundan əvvəl Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin çəkilişi zamanı Azərbaycanın etibarlı tərəfdaş kimi qarşıya qoyulan vəzifələri vaxtında yerinə yetirdiyi Avropanın diqqətini çəkmişdi.

2006-cı ilin noyabr ayında Brüsseldə imzalanmış "Azərbaycan Respublikası və Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”, 2008-ci ilin noyabr ayında imzalanmış Bakı Bəyannaməsinin müddəaları və 2009-cu ilin may ayında keçirilmiş Praqa Zirvə Görüşünün müvafiq Enerji Bəyannaməsində təsbit olunmuş Azərbaycan-Avropa İttifaqı enerji münasibətlərinin vacibliyi də göstərirdi ki, Aİ təbii qazın Avropaya çatdırılmasında Azərbaycanla əməkdaşlığa böyük həvəslə can atır. Nəhayət 2011-ci il yanvarın 13-də Bakı şəhərində "Cənub qaz dəhlizi” haqqında Birgə Bəyannamə imzalandı.

"Cənub qaz dəhlizi”nin mürəkkəb infrastruktur olacağı ilk gündən məlum idi. Çünki bunun üçün "Şahdəniz” qaz yatağının ikinci mərhələdə işlənilməsinə başlanılmalı, mövcud qaz kəmərlərinin imkanları genişləndirilməli, Türkiyə və Avropa ölkələrinin ərazisində yeni qaz kəmərləri çəkilməli idi. Elə buna görə də həmin vaxt bəzilərinə bu layihənin reallaşması qeyri-mümkün görünürdü. Üstəlik layihənin həyata keçirilməsi üçün maliyyə mənbələri də tapılmalı idi. Lakin Azərbaycanın liderliyi və beynəlxalq tərəfdaşları ilə birgə səyləri nəticəsində qısa müddətdə "Cənub qaz dəhlizi”nin bütün komponenlərinin reallaşdırılması üzrə beynəlxalq razılaşmalar əldə olundu.

Artıq ötən illərdə dəhlizin üç komponenti üzrə işlər tam başa çatdırılıb. "Şahdəniz” qaz yatağının ikinci mərhələdə işlənilməsi, mövcud qaz kəmərlərinin imkanlarının genişləndirilməsi, TANAP-ın çəkilişi artıq icra olunub. TAP layihəsi isə 87 faiz icra olunub.

 

"Cənub qaz dəhlizi”nə maraq göstərən dövlətlərin sayı artır

 

Artıq beşinci dəfədir toplantısı keçirilən "Cənub qaz dəhlizi” Məşvərət Şurasının yaradılmasının da təşəbbüskarı Azərbaycandır. Çünki "Cənub qaz dəhlizi” üzrə iştirakçı dövlətlərin, maraqlı tərəflərin, maliyyə institutlarının sayı artdığından görülən işlərin əlaqələndirilməsi zərurəti yaranmışdı. Buna görə Azərbaycan hələ 2015-ci ildə belə bir şuranın yaradılması ideyasını irəli sürmüşAvropa Komissiyası bu təşəbbüsü dəstəkləmişdi. Təsadüfi deyil ki, artıq beşinci dəfədir ki, keçirilən Məşvərət Şurasının iclaslarında layihəyə qoşulan ölkələrlə yanaşı, Avropa Komissiyasının da məsul rəhbər şəxsləri iştirak edirlər.

Beşinci toplantıda ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Sandra Oudkirk, Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, İtaliya Respublikasının iqtisadi inkişaf nazirinin müavini Andrea Cioffi, Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudakın iştirakı qeyd etdiyimiz kimi "Cənub qaz dəhlizi”nə olan böyük marağın təsdiqidir. Xüsusilə qeyd etmək yerinə düşər ki, Azərbaycanın təşəbbüskarı olduğu bütün enerji layihələri, o cümlədən "Cənub qaz dəhlizi” ABŞ tərəfindən davamlı olaraq dəstəklənib. Beşinci toplantıda ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin iştirakı bu dəstəyin növbəti göstəricisidir. Toplantıdakı çıxışında bu məsələyə toxunan Prezident İlham Əliyev ABŞ hökumətinə minnətdarlığını bildirdi.

Diqqəti çəkən başqa bir məqam isə hər il toplantıda iştirak edən dövlətlərin sayının artmasıdır. Belə ki, son toplantıda Macarıstan, Rumıniya, Serbiya, San-Marino və Türkmənistandan da nümayəndələr iştirak etdilər. Bu, layihəyə maraq göstərən dövlətlərin sayının artmasından xəbər verir.

"Cənub qaz dəhlizi”nin uğurla reallaşmasında layihədə iştirak edən dövlətlərin və təşkilatların birgə ahəngdar əməkdaşlığı böyük rol oynayır. Məşvərət Şurasının beşinci toplantısı da uğurlu əməkdaşlıq formatının yaradıldığını göstərir. Toplantıda buna toxunan Prezident İlham Əliyev deyib: "Bu gün toplantının formatı onu nümayiş etdirir ki, biz çox geniş beynəlxalq əməkdaşlıq formatını yarada bilmişik. Maliyyə qurumları, şirkətlər və ölkələrin bir amalı var. Biz bu layihənin reallaşdırılmasına inanırıq və hesab edirik ki, hər birimiz üçün bu, uzunmüddətli uğur hekayəsi olacaqdır”.

Bütövlükdə "Cənub qaz dəhlizi” Məşvərət Şurasının son toplantısı məlum həqiqətlərə bir daha aydınlıq gətirdi. Bütün dünya gördü ki, Azərbaycan enerji resurslarının nəqlinin şaxələndirilməsi üçün müasiryeni infrastruktur şəbəkəsi yaradır və Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz yeni mənbə olaraq qitənin enerji xəritəsini dəyişdirir. Ən əsası bütün bunlar beynəlxalq səviyyədə böyük dəstək qazanır. İkincisi, Azərbaycan karbohidrogen ehtiyatlarının nəqli baxımından vacib tranzit ölkədir. Üçüncüsü, Azərbaycan etibarlı tərəfdaşdır.

Məşvərət Şurasının beşinci toplantısı həm də onu göstərdi ki, Avropa enerji təhlükəsizliyində Azərbaycana güvənir. Azərbaycanın təsdiq edilmiş təbii qaz ehtiyatları isə 2,6 trilyon kubmetrdir.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2018.- 22 fevral.- S.1; 5.