Bakıda Olimpiya mədəniyyəti və
təhsil proqramının
təqdimatı keçirilib
Fevralın 21-də Avropa Gənclərinin Yay Olimpiya Festivalının
başlanmasına 150 gün
qalması münasibətilə
“Hilton” otelində Olimpiya
mədəniyyəti və
təhsil proqramının
təqdimatı keçirilib.
AZƏRTAC xəbər
verir ki, tədbirdə Prezident Administrasiyasının gənclər
siyasəti və idman məsələləri
şöbəsinin müdiri
Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Ceyhun Bayramov,
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş
katibi Ağacan Abiyev, baş katibin müavini Azər Əliyev, dövlət və hökumət rəsmiləri,
həmçinin Avropa
ölkələrinin Azərbaycandakı
diplomatik nümayəndəliklərinin
təmsilçiləri iştirak
ediblər.
Tədbirdə əvvəlcə Avropa Gənclərinin XV Yay Olimpiya Festivalına, Olimpiya mədəniyyəti
və təhsil proqramına həsr olunmuş film nümayiş
etdirilib.
Mərasimdə çıxış edən
MOK-un vitse-prezidenti Çingiz
Hüseynzadə tədbirin
Avropa Gənclərinin
Yay Olimpiya Festivalına 150 gün qalmasına həsr olunduğunu bildirib. O qeyd edib ki, Avropada
yeni layihə olan Olimpiya mədəniyyəti
və təhsil proqramı Milli Olimpiya Komitəsi, Təhsil, Gənclər və İdman nazirlikləri ilə birgə hazırlanıb. Avropa Olimpiya Komitəsinin dəstəyi
ilə həyata keçirilən layihənin
böyük əhəmiyyət
kəsb etdiyini bildirən vitse-prezident artıq qitənin 25 ölkəsinin bu layihəyə qoşulduğunu
qeyd edərək deyib: “Bu qəbildən tədbirlər Olimpiya Oyunlarında, Yeniyetmələrin
Yay Olimpiya Oyunlarında məktəblilərin
iştirakı əvvəllər
də təşkil edilib. Ancaq Avropa festivalları
tarixində belə bir layihə ilk dəfə həyata keçirilir. Bununla əlaqədar
ekspert qrupu yaradılıb. Yaxşı olar
ki, xarici ölkələrin diplomatik
nümayəndələri öz
ölkələrində bu
proqramın yayılmasına,
gənclərin bu layihəyə cəlb edilməsinə dəstək
versinlər”.
Gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın
mötəbər idman
tədbirlərinə, o cümlədən
birinci Avropa, IV İslam Həmrəyliyi oyunlarına, 42-ci Ümumdünya
Şahmat Olimpiadasına,
Formula 1 yarışlarına, Avropa, dünya çempionatlarına yüksək
səviyyədə ev
sahibliyi etdiyini deyib. O əmin olduğunu bildirib ki, Avropa Gənclərinin
Yay Olimpiya Festivalı da ölkəmizdə yüksək
səviyyədə təşkil
ediləcək. “Bu gün önəmli bir gündür. Festivalın başlanmasına 150 gün
qalır. Bu qısa
müddətdə görüləcək
çox iş
var. Əminik ki, bu mötəbər idman tədbiri də ölkəmizdə yüksək səviyyədə
keçiriləcək. Bu gün Avropa Gənclərinin Yay Olimpiya Festivalının başlanmasına 150 gün
qalması münasibətilə
bu mötəbər idman yarışının
talismanları olan Cırtdan və Bəbir ictimaiyyətə
təqdim edilib. Maskotlar cəmiyyətdə böyük
maraqla qarşılanıb”,
- deyə nazir vurğulayıb.
Nazir əminliklə bildirib ki, talismanlar
25 illik ənənəsi
olan çoxnövlü
mötəbər idman
yarışında - Avropa
Gənclərinin Yay Olimpiya Festivalında idmançıları qələbələrə
ilhamlandıracaq, azarkeşlərə
xoş anlar bəxş edəcəklər.
Azad Rəhimov xüsusi vurğulayıb ki, Avropa Olimpiya
Komitəsinə üzv
olan 50 ölkədən
49-u Festivalda iştirakını
artıq təsdiq edib.
Təhsil naziri Ceyhun Bayramov
Azərbaycan dövlətinin
ölkəmizdə digər
sahələrlə yanaşı,
idmana da yüksək diqqət və qayğı göstərdiyini qeyd edib. O, Olimpiya mədəniyyəti
və təhsil proqramının Azərbaycanda
idmanın və təhsilin təbliğində
mühüm əhəmiyyət
kəsb etdiyini vurğulayıb. Nazir bu proqramın
əsas məqsədinin
Avropa ölkələrində
yeniyetmə və gənclər arasında əməkdaşlığın inkişaf etdirilməsi, idmanın, təhsilin, mədəniyyətin, eləcə
də Olimpiya hərəkatının təbliği
olduğunu bildirib.
“layihə
çərçivəsində seçilən 49 məktəbin
hər biri Avropanın bir ölkəsinə təhkim
olunub. Bakı məktəbləri təhkim
olunduqları Avropa ölkəsinin mədəniyyəti,
tarixi, milli və müasir idman növlərini öyrənəcək, həmçinin
qardaşlaşmış məktəblərə
Azərbaycan mədəniyyəti,
incəsənəti, idmanı
haqqında məlumat vermək imkanı əldə edəcəklər”,
- deyə təhsil naziri əlavə edib. Festivalda üç minə
yaxın könüllünün
iştirak edəcəyini
bildirən C.Bayramov bu mötəbər idman yarışının
ölkəmizdə könüllülük
hərəkatının inkişafına
da müsbət təsirini vurğulayıb.
Təqdimat mərasimi konsert proqramı ilə davam edib.
Olimpiya mədəniyyəti və
təhsil proqramı Bakıda təşkil olunacaq Avropa Gənclərinin Yay Olimpiya Festivalı irsi çərçivəsində
keçirilir. Proqram Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun maliyyə dəstəyi, Azərbaycan Milli Olimpiya Komitəsinin təşkilatçılığı, “Bakı 2019” Avropa Gənclər Olimpiya Festivalı Əməliyyat
Komitəsinin, Təhsil,
Gənclər və İdman nazirliklərinin köməyi ilə həyata keçirilir. Proqramın əsas məqsədi Avropa Olimpiya Komitəsinə üzv ölkələrin gəncləri
arasında təhsili,
mədəniyyəti, idmanı
və Olimpiya dəyərlərini təşviq
etməkdir.
Azərbaycan.- 2019.-22 fevral.- S.6.