Avstriyada keçirdiyi toplantıda mühüm qərarlar qəbul edilib
Avstriyanın ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupundakı nümayəndə heyətinin təşkilatçılığı ilə fevralın 20-də Vyana şəhərində Qrupun tədbiri və 5-ci iclası keçirilib.
Tədbirə ev sahibliyi edən Avstriya nümayəndə heyətinin üzvü, İpək Yoluna Dəstək Qrupunun sədr müavini Roman Hayder bildirib ki, Avstriya tərəfi İpək Yolunun bərpası istiqamətində atılan addımlara xüsusi önəm verir və bu baxımdan ATƏT PA-da yaradılan Qrupda fəal iştirak edir. Bugünkü tədbirə Avstriya İnfrastruktur Nazirliyinin və Federal Dəmir Yolları konserninin ev sahibliyi ölkənin bu cür layihələrə verdiyi önəmi bir daha təsdiqləyir.
ATƏT PA-nın vitse-prezidenti və İpək Yolu Qrupunun sədri Azay Quliyev Avstriya tərəfinə və şəxsən Roman Hayderə bu tədbirin təşkili, göstərilən qonaqpərvərlik və sıx əməkdaşlığa görə minnətdarlığını bildirib: "Qeyd etmək istərdim ki, Qrupumuz tərəfindən Azərbaycanda keçən il Bakı Beynəlxalq Konfransı keçirilib. Hazırda biz Avstriyada bir araya gəlmişik, aprel və sentyabr aylarında Belarus və İsveçrədə beynəlxalq konfranslarımız keçiriləcək. Bu gün İtaliyanı üzvlüyə qəbul etməklə Qrupa üzv ölkələrin sayını 24-ə çatdıracağıq. Qısa müddət ərzində bu qədər tədbirlərin təşkili, üzvlərin sayının 17-dən 24-ə çatması, Berlində keçən il bununla bağlı ayrıca qətnamənin qəbulu bir daha onu göstərir ki, belə bir qrupun ATƏT PA-da yaradılması nə qədər vaxtında atılmış addımdır. Qrupa artan maraq onun çox uğurlu layihə olduğunu göstərir. Mən üzv ölkələrin parlamentlərinə, ATƏT PA-nın prezidentinə və baş katibinə bu təşəbbüsə verdikləri dəstəyə və göstərdikləri yüksək marağa görə təşəkkür edirəm”.
Qrupun qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfəni vurğulayan ATƏT PA-nın prezidenti Georgi Tsereteli İpək Yoluna Dəstək Qrupunun iştirakçı ölkələr arasında siyasi, iqtisadi və mədəni əlaqələrin gücləndirilməsində mühüm rol oynadığını bildirib: "ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu həqiqətən də qısa zaman ərzində çox böyük işlər görüb və Assambleyada ən böyük qrupa çevrilib. Şadam ki, həmkarım Azay Quliyev bu təşəbbüsü irəli sürməklə ATƏT PA-da fərqli və eyni zamanda, səmərəli dialoq platformasının ətrafına bizi toplaya bilib”.
ATƏT PA-nın baş katibi Roberto Montella İpək Yoluna Dəstək Qrupunun genişlənən fəaliyyətini vurğulayıb, Qrupun gördüyü işi yüksək qiymətləndirib və belə tədbirlərin Parlament Assambleyasının ümumi işinə mühüm töhfə verdiyini qeyd edib: "Beynəlxalq katiblik olaraq belə bir qrupun yaradılması və fəaliyyətinin təşkilinə imkanlarımız və qaydalar çərçivəsində dəstək verməkdən məmnunuq. Parlament üzvlərinin ümumi maraqlar əsasında bir araya gəlməsi, əməkdaşlığı, dialoqu və mədəniyyətləri təbliğ etməsi və bununla da mənsub olduqları xalqların maraqlarını təmsil etməsi çox vacibdir”.
Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova avstriyalı həmkarlarına bu tədbirin gözəl təşkilinə və maraqlı təqdimatlara görə təşəkkürünü bildirib. Keçən il Qrupun Bakıda keçirilmiş beynəlxalq tədbirini xatırladaraq, Avropada ən genişmiqyaslı tarixi layihələrdən biri olan Cənub Qaz Dəhlizi, TANAP, Bakı-Tbilisi-Qars dəmir yolunun, Bakı yaxınlığında yerləşən yeni Ələt limanının təkcə Azərbaycanın deyil, bütün regionun tranzit potensialının möhkəmləndirilməsinə, Avropa ilə Asiya arasında ticarət dövriyyəsinin artmasına imkan yaradacağını qeyd edib.
Daha sonra Avstriya tərəfi İpək Yolunun əhatə etdiyi ərazilərdə dəmir yolu nəqliyyatı ilə əlaqə qurulmasına yönəlmiş təşəbbüsləri təqdim edib. "Breitspur Planungsgesellschaft” şirkətinin icraçı direktoru Aleksandr Şirnhuber və Avstriya Federal Dəmir Yolları (ÖBB) SC-nin əlaqələndiricisi Hayns Şnitser İpək Yolu regionunda qarşılıqlı əlaqənin və nəqliyyat infrastrukturunun inkişafına yönəlmiş "Twin-Continent-1520 expansion from Kosice to Vienna” adlı innovativ layihənin iclas çərçivəsində təqdimatını keçiriblər.
Sözügedən layihə təqdim edildikdən sonra iştirakçılar Avstriyanın infrastruktur naziri Norbert Hoferlə görüşüblər. Norbert Hofer nəqliyyat sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinin əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Həmin gün, həmçinin ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun 5-ci iclası keçirilib. Qrupun sədri Azay Quliyev iclasın gündəliyini diqqətə çatdıraraq, İtaliyanın qrupa üzvlüyünə dair müraciətini səsə qoyub, İtaliya yekdilliklə üzvlüyə qəbul edilib.
Bu il üçün planlaşdırılan tədbirlər haqqında çıxış edən Belarus nümayəndə heyətinin rəhbəri Boleslav Pirştuk aprelin 29-30-da Minsk şəhərində keçiriləcək İpək Yoluna Dəstək Qrupunun Beynəlxalq Konfransına hazırlıq barədə ətraflı məlumat verib. O, Belarus tərəfinin bu konfransın təşkilinə böyük maraq göstərdiyini qeyd edib və tədbirin yüksək səviyyədə keçiriləcəyinə əminliyini vurğulayıb.
İsveçrənin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Marqareta Kiner Nellen isə Qrupun sentyabr ayında İsveçrənin Andermatt şəhərində təşkil ediləcək beynəlxalq konfransı haqqında ətraflı məlumat verib. İpək Yoluna Dəstək Qrupunun sədr müavini Filippo Lombardi İsveçrədə baş tutacaq beynəlxalq konfrans çərçivəsində iş adamları ilə birgə panellərin keçirilməsinin nəzərdə tutulduğunu söyləyib və ölkəsinin bu tədbirə böyük əhəmiyyət verdiyini bildirib.
Daha sonra cari məsələlər və İpək Yoluna Dəstək Qrupunun gələcək fəaliyyəti barədə müzakirələrlə iclasa yekun vurulub.
AZƏRTAC
Azərbaycan.- 2019.-22 fevral.-
S.6.