Güllələnən kəndlər, şəhid olan Xocalı

 

Ağır və keşməkeşli günlər başlamışdı. Qarabağın kəndləri yavaş-yavaş güllə yarası alırdı. Doğrudur, bu yaralar hələlik ölümcül deyildi. Lakin sağalacağına da ümid az idi. 90-cı ilin qanlı şənbə günü baş verən faciələrdən sonra adamlarda olan adi quş tüfənglərini də yığmışdılar. Bir tərəf əlisilahlı, o biri isə əliyalın! Bir tərəf ürəkli, arxasında Qorbaçov dayanıb, o biri tərəfin isə haqq sözünü deməyə ixtiyarı çatmırdı. Desəydi də, fərqi yox idi. Səsi öz evindən, öz küçəsindən, öz kəndindən kənara çıxası deyildi.

Təmkin, yenə təmkin tələb olunurdu. Özümüzü aldada-aldada öz halal haqqımızdan aralı düşdük. Qarabağın kəndləri mühasirə vəziyyətində boğulurdu. Quyunun dibindəki Məlikməmməd kimi, "yandım” dedikcə də ipini bir qədər də uzadırdılar ki, nəhayətsizliyə düşsün. Ancaq Məlikməmməddən fərqli olaraq, xalqı sehrli qırxıncı qapı gözləmirdi. Bu qırxıncı qapının yolunu kəsənlər daha məkrli, daha vəhşi idilər. Meşəlinin, Cəmillinin yarasından qan axırdı. Kömək isə yox idi. Artıq dövlət səviyyəsində verilən başsağlıqlarına, matəm günləri elan olunmasına alışmışdıq. Əsl faciə bu idi ki, baş verənlərə tabe olmağa, az qala olacağa çarə yoxdur kimi fikirləri qəbul etməyə vərdiş edirdik. İlk qurban Meşəli kəndinin dinc əhalisi oldu. Doğrudur, bu vaxta qədər çox adam öldürülmüş, evlər dağıdılmışdı, lakin ilk kütləvi qırğın Meşəlidən başladı. Sonrakı qırğınlar daha amansız idi. Çünki bu qırğınlar erməni əli ilə yazılsa da, sovet dəsti-xətti aydın oxunurdu. Axı 1990-cı ilin 20 Yanvar "ibrət dərsi” var idi. Sovet ordusu, Bakını işğal edənlər şəhərə gündüz deyil, gecə girmişdilər. Gecənin pərdəsi qalın olur, qara olur. Tökülən qanları, törədilən vəhşilikləri gizlədə bilmək sehrinə malikdir gecələr.

366-cı motoatıcı polkun əsgərləri də erməni qardaşlarına dayaq duranda öz vərdişlərinə sadiq qaldılar. Malıbəyliyə gecə hücum etdilər. Adamları gecə öldürdülər, evləri gecə dağıtdılar. Kəndlərin yollarını ağır tanklar doğrayıb tökdü. Parça-parça etdi. Adamların ürəyi isə çoxdan parça-parça olmuşdu. Dörd ilin ağır dərsləri, məhrumiyyətləri, haqsızlıq, sahibsizlik parçalamışdı bu ürəkləri. Tankların keçdiyi yolları bəlkə də zamanvaxtsa sığallayacaq. Ancaq ürəklərdəki yaraları sağaltmağa heç kəsin gücü çatmaz. Malıbəyli camaatı gülləyə, top atəşinə ona görə tutulurdu ki, azərbaycanlı idilər. Azərbaycanlı olduqları üçün də qaçqın olmalı, ölməli, itməli idilər.

Adətən ölüm ya sürünə-sürünə, xəlvəti, ya da açıq-aşkar qəflətən gəlir. Xocalının ölümü bütün ölümlərdən fərqli idi. Addım-addım, ayaq üstə, bütün Qarabağa meydan oxuya-oxuya gəlirdi. Bu ölüm xeyir-duasını 1988-ci ildən almışdı. Bu ölüm 90-cı ilin qanlı şənbə günündən keçib gəlirdi. Bu ölüm haqsızlıqdan, faciələrdən baş alırdı.

Ölüm addım-addım irəliləyirdi. Özübu gəlişini heç kimdən gizlətmirdi. Oğuz eli isə yuxuda idi. Ölüm yaxşı bilirdi ki, Xocalı camaatının yavanlığı maymaq rəhbərliyin aldadıcı sözləri olub. Altı mindən çox sakini olan Xocalı ac-susuz duruş gətirirdi. Torpağına namusum deyib onu alınmaz qalaya çevirmək istəyirdi. Adamların bu inadkarlığı isə ölümü daha da qəzəbləndirirdi. Axı o, indi daha ürəkli idi. 366-cı motoatıcı polkun bütün texnikası, zabitləri, əsgərləri onun sərəncamında idi. "Arxalı köpək qurd basar” deyiblər. Boz qurdun harayına yetən yox idi. Xocalı camaatının ah-naləsi eşidilməz olmuşdu. Topların, raketlərin, mərmilərin səsi daha qüvvətli idi. Bu səsi batırmağa nə körpənin, nə qocanın, nə qadının gücü çatırdı.

Ölüm yol gəlirdi. Xocalı camaatı artıq yalvarmırdı. Onlar hiss edirdilər ki, soyqırımı başlayıb.

Ara-sıra eşitdiyim həmişə mənim üçün o qədər aydın olmayan bir ifadənin mənasını o gün başa düşdüm, anladım. "Ölsəm yadımdan çıxmaz”. O günə qədər fikirləşərdim ki, ölüm deyilən bir sonluqdan o yana heç yoxdur. Amma, sən demə, varmış. Bu ifadəni işlədən, dilimizə əmanət edən müdrik insanın da talan olmuş torpağı, itirdiyi əzizlərinin yaddan çıxmaz dağı varmış. Eynilə Xocalı kimi! Sağalmayan yaramız, üzümüzə deyil, ürəyimizə axan göz yaşımız, namusumuza düşən ləkə, ən nəhayət, soyqırımına məruz qalmış gözəl bir Qarabağ guşəsi.

Həmin soyqırımıda 613 nəfər şəhid olmuşdur. Onlardan 106 nəfəri qadın, 63 nəfəri 18 yaşına qədər olan uşaq yeniyetmələr, 70 nəfəri isə əlsiz-ayaqsız qocalar idi. 8 ailə tamamilə məhv edilmiş, 25 nəfər uşaq hər iki valideynini, 130 nəfər uşaq isə valideynlərindən birini itirmişdi. 487 nəfər əlil olmuş, 150 nəfər itkin düşmüşdü.

Xocalı soyqırımı bizim tarixi qan yaddaşımızdır. Qisas qiyamətə qala bilməz qalmayacaq da!

 

Rəfiqə SADIQOVA

 

Azərbaycan.- 2019.-22 fevral.- S.10.