Məkrli
planın Xocalı dəhşətləri
Bu ssenarinin müəllifi M.Qorbaçov, "oyunçu”ları isə
erməni millətçiləri idi
XX əsrin sonunda ermənilərin Xocalıda törətdiyi qanlı faciə insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayı ilə birləşib Xocalı şəhərini odlara qalayaraq azərbaycanlılara qarşı soyqırımı törətdilər.
Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində, rəsmi rəqəmlərə görə, Xocalı əhalisindən 613 nəfəri öldürülmüş, 487-si şikəst olmuş, 1275-i dinc sakin olmaqla, qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərə məruz qalmışlar.
Bu qanlı faciə baş verən gün mən İran İslam Respublikasının Parsabad şəhərində idim. Fevral ayının 26-da axşam İran televiziyası törədilmiş vəhşiliyi xəbərlər proqramında göstərdi. Mən fars dilini bilmədiyim üçün hadisənin kimlər tərəfindən törədildiyini başa düşmədim. Müxtəlif mənbələrdən verilən məlumatlara görə, Xocalı faciəsini işiqlandırmaq üçün ermənilər 32 ölkədən 47 jurnalist dəvət etmişdilər.
Həmin jurnalistləri Xocalı faciəsinə başçılıq edən Yuri Zaviqarov təlimatlandırır, çəkilişlər aparmağa, qeydlər götürməyə şərait yaradırdı. Onlar dağıdılmış, viranə qalmış yerləri dünyaya göstərir və acı bir təəssüflə qeyd edirdilər ki "azərbaycanlılar günahsız erməniləri qırdılar”. Ermənilər Xocalı ilə Azərbaycanı qan tökməkdə günahlandıran materialları təkrar-təkrar çap etdirirdilər.
Ermənilər "azərbaycanlılar Xocalını yandırıb getdilər” reportajını 49 dəfə dünya mətbuatında çap etdirdilər. Çox təəssüflə qeyd edirik ki, ermənilər hiyləgər, riyakar xisləti ilə bir çox dövlətləri öz yalanlarına inandırmağa çalışırdılar.
Bu hadisə məni bir qədər əvvəllərə apardı. 1988-ci ilin yanvar ayında Şuşa sanatoriyasında müalicə olunduğum zaman Ağdam şəhərindən olan əməkdar jurnalist Bəbir Hüseynovla taksi ilə xəstəxanada bir nəfərə baş çəkməyə gedirdik. Taksi sürücüsü bizə söylədi ki, yolda ermənilər daşnaklara mənsub bayraqlar asmışdılar. Ozamankı respublika rəhbərlərinin qəti tədbirlər görməməsi, səriştəsizliyi erməni millətçilərinin gündən-günə azğınlaşmasına şərait yaradırdı. Xankəndidə, Yerevanda antiazərbaycan və antitürk ruhlu mitinqlər genişlənirdi. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneələri aradan qaldırmaq idisə, digər tərəfdən, ümumiyyətlə Xocalını Yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu məkan Xocalı əhalisinin tarixən məskunlaşdığı yerdir və qədim abidələri ilə tanınmışdı. Bu abidələr tarixə Xocalı-Gədəbəy mədəniyyətinin nümunələri kimi düşmüşdür. Xocalının yaxınlığında bizim e.ə.XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir.
Dünya tarixində Xocalı faciəsi tarixin yaddaşlarından heç vaxt silinməyən Xatın, Xirosima, Naqasaki, Sonqmi, Ruanda, Srebrenitsa və Holokost kimi dəhşətli faciələrdən heç də geri qalmır.
Təəssüflə qeyd edirik ki, yuxarıda adları çəkilən məkanlarda faciəni törədənlər cəzalandırıldığı halda, Xocalıda törədilmiş soyqırımının günahkarları, dövlət postlarını tutan Serj Sarkisyan, Seyran Ohanyan, sabiq prezident Robert Koçaryan və digərləri beynəlxalq məhkəmə qarşısına çıxarılmır.
1985-ci ilin əvvəllərində SSRİ-də hakimiyyəti zəbt edən M.Qorbaçov açıq şəkildə erməni separatizmini və ekspansiyasını dəstəkləyərək antiazərbaycan, antitürk siyasəti yeritdi. Ölkəmizin ərazi bütövlüyünə qəsd planı ermənilər tərəfindən əvvəlcədən hazırlanmışdı. SSRİ-yə rəhbərlik edən M.Qorbaçovun yanında və Kremldə mərkəzi rəhbərlikdə yer alan ermənilər tərəfindən müdafiə olunan planın reallaşması üçün ciddi işlər görülürdü. Lakin planın praktiki mərhələyə keçməsi Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin SSRİ-də mühüm rəhbər postlardan birində olduğu zaman mümkünsüz idi, bu həqiqətlə ermənilər və onların himayədarları da birmənalı şəkildə barışırdı. Bu səbəbdən ermənilərin təhriki və diktəsi ilə hərəkət edən Qorbaçov ilk növbədə Heydər Əliyevin tutduğu vəzifədən uzaqlaşdırılmasına çalışırdı və təəssüf ki, istəyinə də nail oldu.
Mərhum şair Bəxtiyar Vahabzadənin təbirincə deyilsə, bu, Moskvada Azərbaycanın yeganə və ən böyük qalasının yıxılması demək idi. Heydər Əliyevin hakimiyyətdən uzaqlaşdırılmasının əsas səbəblərindən biri SSRİ siyasi rəhbərliyini ələ almış erməni lobbisinin təsir və təzyiqləri idisə, digər önəmli səbəb Mixail Qorbaçovun subyektiv hislərinin əsiri olması, ondan daha yaxşı idarəçilik qabiliyyətinə, səriştəyə malik bir şəxsin Kremldə olmasını həzm edə bilməməsi idi. Azərbaycanın böyük oğlunun Siyasi Bürodan uzaqlaşdırılmasından cəmi 15 gün sonra M.Qorbaçovun "xeyir-duası” ilə erməni millətçiləri Azərbaycana qarşı qəsd planlarının icrasına başladılar. 1987-ci ilin noyabrında M.Qorbaçovun məsləhətçisi olan qatı şovinist A.Aqambekyan Parisdə "Humanite” qəzetindəki bəyanatında bildirirdi ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsinə dair artıq Moskvanın razılığı var.
O dövrdə Azərbaycana rəhbərlik edən şəxslər acizlik nümayiş etdirir, Moskvanın göstərişi ilə addımlar atırdılar. Beləliklə, ermənilər Dağlıq Qarabağın (4,4 min kv.km) hüdudlarından kənarda yerləşən, onun ərazisindən 4 dəfə böyük olan Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələrini işğal etdilər.
Prezident İlham Əliyev deyir: "Xocalı soyqırımı ermənilərin vəhşiliyini göstərmişdir. Xocalı soyqırımı haqqında həqiqətlərin ölkədə və respublikadan kənarda təbliğinə daim həssas yanaşmalıyıq. Amma yenə də deyirəm ki, hələ ki dünyada ikili standartlar siyasəti mövcuddur, erməni lobbisi, dünya erməniliyi və onların havadarları çalışırlar ki, erməniləri bu vəziyyətdən çıxarsınlar. Biz isə bundan sonra da çalışacağıq bütün dünya Xocalı haqqında həqiqəti bilsin...
Mən əminəm ki, gün gələcək, Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər. O gün gələcəkdir”.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlayan "Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dövlət qurumları, müxtəlif təşkilat və ali təhsil müəssisələri Xocalı soyqırımına həsr olunan təqdimatlar keçirirlər.
Bir çox xarici ölkələrdə beynəlxalq təşkilatlarda "Xocalıya ədalət!” kampaniyası ilə bağlı silsilə tədbirlər təşkil edilmişdir. Almaniyanın Berlin və Hamburq, Belçikanın Brüssel şəhərlərində, ABŞ-ın Nevada, Texas, Massaçusetis, Nyu Cersi, Corciya ştatlarının nümayəndələr palatasında Xocalıda çox ağır cinayət törədilməsi faktı tanınmış və qətnamə qəbul olunmuşdur.
Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ətrafında sıx birləşərək inanır ki, işğal olunmuş torpaqlarımız azad ediləcəkdir. O gün isə uzaq deyil...
Oqtay ƏLƏKBƏROV
coğrafiyaşünas, tədqiqatçı
Azərbaycan.- 2019.-22 fevral.-
S.10.