Beynəlxalq təşkilatlar çərçivəsində verilmiş qərarların praktikada həyata keçirilməsinə çalışmaq lazımdır

 

Fevralın 22-də Vyanada ATƏT PA-nın qış sessiyasının yekun iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda miqrasiya, terrorizmin qarşısının alınması, korrupsiya ilə mübarizə, Aralıq hövzəsindəki vəziyyət və digər mövzularda məruzələr dinlənilib və müzakirələr aparılıb. Sonra ötən bir il ərzində ATƏT məkanında baş tutan seçki proseslərini müşahidə edən missiya rəhbərləri hesabatla çıxış ediblər.

İclasda çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova xarici ölkənin işğalı və qonşu ölkələrin daxili işlərinə hərbi müdaxilə yolu ilə mövcud ATƏT öhdəliklərinin pozulmasına qarşı ATƏT PA rəhbərliyinin göstərdiyi qətiyyəti təqdir edib. Qeyd edilib ki, hər bir qurumun gücü yalnız əhatə olunan məsələlər, alınan qərarların səlahiyyətləri və ruhu ilə deyil, həm də bu sənədlərin praktikada həyata keçirilməsindədir.

Bildirilib ki, beynəlxalq təşkilat çərçivəsində müxtəlif qətnamələr müzakirə və qəbul olunur, onlara ciddi məqsədlər qoyulur, müəyyən məqsədlərə nail olmaq yolları inkişaf etdirilir: "Biz çalışmalıyıq ki, verdiyimiz qərarlarımızın həyata keçirilməsini təmin edək. Eyni zamanda, ATƏT PA-nın prosedur qaydalarına və ATƏT-in müvafiq sənədlərində və qərarlarında əks olunan çərçivəyə hörmətlə yanaşmalıyıq.”

Qeyd edək ki, yekun iclasda ATƏT-in fəaliyyətinin gücləndirilməsində parlamentarilərin rolunun artırılması, il ərzində nəzərdə tutulan tədbirlər və qəbul ediləcək sənədlər barədə fikir mübadiləsi aparılıb. Sessiya fevralın 22-də öz işinə yekun vurub.

 

Azərbaycan.- 2019.-23 fevral.- S.2.