Mezozoy dərinliyi və müasirlik

 

Görkəmli elm xadimləri  

 

Çoxəsrlik inkişaf yolu və zəngin ənənələri olan Azərbaycan elminin böyük simaları arasında görkəmli alim və ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, akademik Akif Əlizadənin özünəməxsus mühüm xidmətləri və xüsusi yeri var.

Akademik Akif Əlizadə ölkəmizdə və beynəlxalq aləmdə geologiya sahəsində özünün elmi məktəbini yaratmış, yaradıcı fəaliyyəti yüksək təşkilatçılıq işi, fəal vətəndaşlıq missiyası ilə üzvi surətdə əlaqələndirməyi bacarmış böyük alim-təşkilatçı kimi qəbul olunur. Artıq altmış ildən çoxdur ki, o, geniş mənada Azərbaycan elminin, o cümlədən yer elmləri və təbiət elmlərinin, xüsusən də geologiya elminin inkişafı sahəsində yorulmadan ardıcıl və səmərəli şəkildə fəaliyyətini davam etdirməkdədir.

Akademik Akif Əlizadənin şəxsi və elmi tərcümeyi-halı Azərbaycan elminin inkişafı, geologiya elmi və ölkə geologiyasının öyrənilməsi ilə üzvi surətdə bağlıdır. Geologiya Akif Əlizadə üçün elmlə həyatı üzvi surətdə birləşdirən möhkəm bir körpüdür. Abşeron coğrafiyası mühitində formalaşmış, Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsini bitirmiş, qısa müddət Suraxanıneft mədənlərində çalışmış Akif Əlizadə 1957-ci ildən etibarən taleyini həmişəlik olaraq Milli Elmlər Akademiyasına və geologiya elminə bağlamışdır. Artıq 63-cü ildir ki o, Elmlər Akademiyası sistemində Azərbaycan elminin inkişafı və geologiya elminin tərəqqisi yollarında ardıcıl olaraq yorulmadan səmərəli şəkildə uğurla fəaliyyət göstərməkdə davam edir.

Azərbaycan geologiya elmi əsasən son yüzillikdə formalaşmışdır. Ölkənin təbii sərvətləri nəzərə alınmaqla Azərbaycanda neft geologiyası və dağ-mədən geologiyası daha çox inkişaf etmiş, perspektivli sahə kimi həmişə diqqət mərkəzində dayanmışdır. Bununla yanaşı, XX əsrdə Azərbaycanda paleontologiya elm sahəsi də yaranmış və Təbaşir dövrünün öyrənilməsi istiqamətində özünəməxsus mühüm nailiyyətlər qazanılmışdır. Akif Əlizadə də həyatını həm Azərbaycan, həm də dünya üçün yeni və aktual olan paleontologiya və stratiqrafiya sahəsinə həsr etmişdir. Yer kürəsinin mezozoy qatının dərinliklərində baş verən müxtəlif proseslərin geopaleontoloji baxımdan tədqiqi Akif Əlizadənin ciddi və səmərəli araşdırmaları ilə yeni bir dərinlik qazanmışdır. O, ciddi və səmərəli tədqiqatları ilə mezozoy sirrini yerin dərinliklərindən üzə çıxarmış, Təbaşir dövrünə yeni bir elmi həyat gətirərək onun stratiqrafiyasının mahiyyətini aydınlaşdırmışdır.

Elmdə geniş baxışlara malik olan akademik Akif Əlizadənin tədqiqatları Aralıq dənizi ətrafından Qafqaza və Xəzər dənizi hövzəsinə qədərki böyük bir coğrafiyanı əhatə edir. Görkəmli alimin özünəməxsus paleontoloji metodları və yanaşmaları ilə, necə deyərlər, Yerin təkinin dərinliklərinin geologiya ilə yanaşı geofizika, coğrafiya, geokimya, zoologiya, biokimya elmlərinin kompleks tətbiqi əsasında və riyazi elementlərin cəlb edilməsi vasitəsilə daha dəqiq öyrənilməsinin əhəmiyyətli, elmi cəhətdən faydalı olduğu əsaslandırılmışdır. Akif müəllimin böyük uğurla 1961-ci ildə "Cənub-şərqi Qafqazın alt təbaşir belemnitləri və onların stratiqratik əhəmiyyəti” mövzusunda müdafiə etdiyi namizədlik dissertasiyası elmi mühitdə mühüm əhəmiyyətə malik yeni tədqiqat işi kimi qarşılanmış, böyük əks-səda doğurmuşdu. Çoxsaylı elmi yenilikləri və ciddi proqnozları, mühüm hesablamaları, nəzəri təhlilləri, müqayisələri ilə yadda qalan dissertasiyası həm də geologiya elminə yeni və istedadlı bir alimin gəldiyini diqqətə çatdırmışdır. Akif Əlizadənin 1969-cu ildə "Azərbaycanın təbaşir belemnitləri” mövzusunda müdafiəyə çıxardığı doktorluq dissertasiyası isə Azərbaycan geopaleontologiyasında mühüm elmi hadisə kimi qəbul olunmuşdur. Bu, ölkəmizin təbaşir belemnitlərinə həsr edilmiş birinci elmi-tədqiqat işi, ilk sistemli monoqrafik əsər kimi geologiya elmində mühüm bir boşluğu doldurmuş və həmin istiqamətdə yeni perspektivlər açmışdır. Bu sanballı elmi əsər keçmiş Sovetlər İttifaqı miqyasında görkəmli geoloq alimlərin böyük marağına səbəb olmuş, dünya paleontoloqlarının diqqətini cəlb etmiş və Azərbaycan elminə ciddi bir nüfuz qazandırmışdır.

Akademik Akif Əlizadənin imzası ilə yarım əsrdən artıq dövrdə təqdim olunan çoxsaylı əsərlər, monoqrafik tədqiqatlar, mühüm nəzəri və təcrübi əhəmiyyətə malik olan məqalələr, elmi-kütləvi xarakterli əsərlər Azərbaycan geologiya elminin inkişaf yolunu, mühüm uğurlarını əks etdirən qiymətli və zəngin irsdir. Akademik Akif Əlizadənin əsərlərində Azərbaycan elmində ilk dəfə olaraq böyük bir coğrafiyanın geopaleontozoologiyası sistemli şəkildə tədqiq olunub, elmi cəhətdən dərindən ümumiləşdirilmişdir. Görkəmli elm xadimi Akif Əlizadənin rəhbərliyi və iştirakı ilə ilk dəfə olaraq Azərbaycanın Təbaşir dövrünün çöküntüləri əsasında mezozoy qatında gedən geoloji proseslər, qabarma və çökmələr, vulkanogen meyillər dərindən və əsaslı şəkildə tədqiq edilmiş, təbaşir çöküntülərinin stratiqrafik sxemləri hazırlanaraq elmi dövriyyəyə daxil edilmişdir.

Geniş mənada Qafqazın Təbaşir dövrünün və qatlarının geopaleontozoologiyasının elmi əsaslarla tədqiqi də akademik Akif Əlizadənin adı ilə bağlıdır. Qafqaz paleohövzələrində təbaşir çöküntülərinin mikrostrukturlarının, geokimyəvi tərkibinin araşdırılıb təhlil edilməsi ilə Akif Əlizadə ilk dəfə olaraq təbaşir hövzələrinin biogeokimyəvi rayonlaşdırılmasını müəyyənləşdirmiş, paleotemperatur qiymətlərini təyin etmişdir. Bu, Azərbaycan geologiya elminə, azərbaycanşünaslığa və qafqazşünaslığa sanballı elmi xidmətdir. Kiçik Qafqazın və Macarıstanın timsalında Şərqi Avropanın mezozoy qatının geopaleontologiyasının, Təbaşir dövrünün stratiqrafiyasının müqayisəli tədqiqi məsələlərini də geniş elmi ictimaiyyətə akademik Akif Əlizadə təqdim etmişdir. Müxtəlif illərdə Türkiyə, Rusiya, Böyük Britaniya, Norveç, İran alimləri ilə birgə apardığı, əksər məqamlarda rəhbərlik etdiyi elmi tədqiqatlar və ensiklopediyalar, beynəlxalq konfranslardakı məruzələri, dövlət reyestrlərinə daxil olan ixtiraları və patentləri akademik Akif Əlizadənin Azərbaycandan uzaqlarda da beynəlxalq elmi ictimaiyyət tərəfindən qəbul olunmuş görkəmli bir alim olduğunu isbat etmişdir. Akademik Akif Əlizadənin elmi rəhbərliyi ilə Bakıda, Moskvada, Xarkovda nüfuzlu dissertasiya şuralarında uğurla müdafiə etmiş tanınmış yetirmələrinin əsərləri ilə Azərbaycan geologiya elmi daha da zənginləşdirilmişdir. Geologiya və Geofizika İnstitutunda başçılıq etdiyi konkret elmi istiqamət əsasında yaradılmış laboratoriyada çalışan alimlərin sistemli tədqiqatları da bura əlavə olunarsa, artıq belə demək mümkündür ki, ölkəmizdə Təbaşir dövrünün geopaleontozoologiyası məktəbi formalaşmışdır. Bu, yəni Təbaşir dövrünün, mezozoy qatının dərinliklərinin və özünəməxsusluqlarının, faunasının, stratiqrafik materiallarının, mikrostrukturunun tədqiq edilməsi və mühüm elmi nəticələrin əldə edilməsi akademik Akif Əlizadənin Azərbaycan paleontologiya elmində yaratdığı yeni elmi istiqamətdir.

Bundan başqa, akademik Akif Əlizadə paleocoğrafiya, neft geologiyası, ekologiya istiqamətlərində də dərinliklərə aparan qiymətli tədqiqat əsərlərinin müəllifidir. Akademik Akif Əlizadənin rəhbərliyi və iştirakı ilə hazırlanmış və onun baş redaktorluğu ilə nəşr olunmuş "Azərbaycan geologiyası” səkkizcildliyi vətən elminə sanballı töhfədir. Bu, Azərbaycan geologiya elminin bütün istiqamətlər üzrə inkişafını əks etdirən birinci və sanballı elmi külliyyatdır.

Akif Əlizadənin 2011-ci ildə "Nafta Press” nəşriyyatında çap etdirdiyi "Geologiya İnstitutu Azərbaycanın müstəqilliyinin 20 ilində” kitabı Azərbaycan elm tarixi üçün qiymətli əlavədir. Görkəmli alimin "Yer elmlərində dayanıqlı inkişaf mümkündürmü?” (2007), "Azərbaycan geologiya elminin yeni üfüqləri” (2010), "Xəzər dənizində elmsahələriarası elmi tədqiqatların aparılması zərurəti” (2010), "Azərbaycanın Şamaxı-Qobustan sahəsinin Maykop çöküntülərinin paleostratiqrafiyası” (2014), "Geosistemlərin tədqiqinin metodoloji problemləri” (2015) və başqa elmi əsərləri Azərbaycan geologiya elminin sanballı nailiyyətlərindəndir. Akademik Akif Əlizadənin Almaniyanın məşhur "Şpringer” nəşriyyatında akademik həmkarları İbrahim Quliyev və Fəxrəddin Qədirovla birlikdə hazırladıqları, Qərbdə tanınmış geoloq alim, professor Lev Eppellaumun həmmüəllifliyi ilə nəşr etdirdikləri "Azərbaycan geologiya elmi” adlı ikicildlik böyük həcmə malik kitab (2016) vətən geologiya elminin nailiyyətlərinin, bu elm sahəsini təmsil edən görkəmli alimlərin xidmətlərinin obyektiv elmi mövqedən qiymətləndirilməsi və dünyada tanıdılması sahəsində atılmış mühüm addımdır. Apardığı mühüm elmi-tədqiqat işlərinə və nəşr etdirdiyi qiymətli elmi əsərlərinə görə akademik Akif Əlizadə ölkədə və dünyada görkəmli geoloq alim kimi böyük nüfuz və şöhrət qazanmışdır.

Keçdiyi şərəfli elm yolu və tərcümeyi-hal faktları akademik Akif Əlizadənin həm də böyük elm təşkilatçısı olduğunu da təsdiq edir. Heç şübhəsiz, bu istiqamətdə onun nəsil səcərəsindən: ata babası şeyxülislamlıq səviyyəsinə yüksəlmiş Axund Ağacavad oğlu Əlizadədən, tanınmış həkim və səhiyyə təşkilatçısı olmuş atası Ağamehdi Əlizadədən gələn genetikanın da özünəməxsus rolu vardır. Bundan başqa, ali təhsil aldığı Azərbaycan Sənaye İnstitutunda, fəaliyyət göstərdiyi Elmlər Akademiyasında gənclər təşkilatından, tələbə elmi cəmiyyətindən başlanan yolun zəngin təcrübəsi də ilkin bünövrə, möhkəm təməl mənasında mühüm rol oynamışdır.

Akif Əlizadə Elmlər Akademiyası sistemində ən gənc elmlər doktoru, ən cavan institut direktorunun müavini və direktoru olmaq rekordunu qazanmış nadir elm xadimlərindən biridir.

Hələ 35 yaşında ikən böyük uğurla doktorluq dissertasiyası müdafiə edərək geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi almış Akif Əlizadə təkcə bu elm sahəsində deyil, bütövlükdə Azərbaycan elmində ən gənc elmlər doktorlarından biri olmaq şərəfini qazanmışdır. Azərbaycan Elmlər Akademiyası sistemində 36 yaşında elmi-tədqiqat institutu direktorunun müavini, 42 yaşında isə Geologiya İnstitutunun direktoru vəzifəsinə yüksəlməsi elmi-təşkilati fəaliyyət baxımından ciddi bir rekorddur. Fikrimizcə, akademik Akif Əlizadə ölkəmizdə ən çox direktorluq stajına malik olan elm təşkilatçısıdır.

Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutu artıq 44-cü ildir ki, akademik Akif Əlizadənin rəhbərliyi ilə səmərəli şəkildə fəaliyyətini davam etdirməkdədir. Fikrimcə, Geologiya İnstitutundakı ölkə elmi miqyasında nəzərəçarpacaq səviyyədə diqqəti cəlb edən sanballı tədqiqatların mühüm keyfiyyət göstəriciləri Akif müəllimin 45 ilə yaxın davam edən rəhbərlik-təşkilatçılıq fəaliyyətinin böyük səmərəsini nəzərə çarpdırır. Belə ki, akademik Akif Əlizadənin rəhbərlik etdiyi Geologiya və Geofizika İnstitutu Azərbaycanda və dünyada bu mötəbər elm sahəsi üzrə mühüm elmi mərkəzlərdən biri hesab olunur. Geologiya və Geofizika İnstitutunda formalaşmış elmlər doktorları və fəlsəfə doktorları, dosentlər və professorlar, Elmlər Akademiyasının həqiqi və müxbir üzvləri ölkəmizdə geologiya, geofizika, geoekologiya, geopaleontologiya elmlərinin tədqiqi, tədrisi, geoloji kəşfiyyat işlərinin aparılması və idarə olunması sahələrində böyük mövqe qazanmış və vətənə sanballı töhfələr vermişlər.

Akademik Akif Əlizadə Azərbaycan Milli Elmlər Akademiyasında inkişafın bütün pillələrini keçmiş görkəmli elm xadimidir. Vaxtilə Geologiya İnstitutunda baş laborant kimi fəaliyyətə başlayan Akif Əlizadənin bu elmi-tədqiqat institutunda kiçik elmi işçilikdən direktorluğa qədər keçdiyi zəngin və şərəfli yol, təkamül prosesində qazandığı böyük təcrübə, əldə etdiyi əsas elmi nailiyyətlər sonrakı mərhələlərdə də onun irəliyə doğru inkişafını şərtləndirmişdir. Ölkə elmi, xüsusən də geologiya elminin inkişafı sahəsində qazandığı mühüm nailiyyətlərə və adlı-sanlı yetirmələrinə görə Akif Əlizadə qısa müddətdə geologiya elmi məktəbinin rəhbəri və əsas təşkilatçısı kimi qəbul olunmuşdur.

O, 1980-ci ildə 46 yaşında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə 55 yaşında akademik seçilməklə ölkəmizin akademiklər ailəsinin ən cavan və perspektivli təmsilçilərindən biri olmaq qabiliyyətini nümayiş etdirmişdir. Elm sahəsində əldə etdiyi mühüm nəticələrə və təşkilatçılıq istiqamətindəki böyük təcrübəsinə görə akademik Akif Əlizadənin Elmlər Akademiyasında akademik-katib və vitse-prezident vəzifələrinə seçilməsi elmi ictimaiyyət tərəfindən real və təbii şəkildə qarşılanmışdır. O, AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi və beynəlxalq əlaqələr üzrə vitse-prezidenti kimi akademik elmin inkişafına özünün sanballı töhfələrini vermişdir.

Azərbaycan alimlərinin akademik heyəti 24 aprel 2013-cü ildə yekdilliklə görkəmli elm xadimi, akademik Akif Əlizadəni Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə seçmişdir. Akademik Akif Əlizadənin Geologiya İnstitutunun kiçik elmi işçiliyindən Milli Elmlər Akademiyasının prezidentliyinə qədər keçdiyi keşməkeşli, mənalı, məsuliyyətli və şərəfli yol böyük elmə, alimlik andına sədaqətin əhəmiyyətli bir nümunəsidir. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi ilə akademiya hazırda inkişafının geniş islahatlar dövrünü yaşayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi elm strategiyasının, elmin inkişafı siyasətinin həyata keçirilməsi istiqamətində akademik Akif Əlizadənin yorulmaz fəaliyyəti ilə Milli Elmlər Akademiyasında mühüm addımlar atılmaqdadır. Hər şeydən əvvəl, Milli Elmlər Akademiyasının nüfuzunun artması, cəmiyyətin inkişafındakı rolunun qüvvətləndirilməsi istiqamətində düşünülmüş tədbirlər müəyyənləşdirilib gerçəkləşdirilir. Milli Elmlər Akademiyası Rəyasət Heyətinin akademik Akif Əlizadənin sədrliyi ilə keçirilən iclaslarında respublika üçün faydalı və əhəmiyyətli olan, nəzəri-təcrübi sanbalı ilə diqqəti cəlb edən mühüm problemlər müzakirəyə çıxarılır, geniş diskussiya şəraitində işgüzar və səmərəli dialoqa geniş meydan açılır. Tədricən Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutlarını da əhatə etməkdə olan bu proses elmi mühitdə real bir canlanma dalğası yaradır. Bundan başqa, Milli Elmlər Akademiyasının idarə edilməsinin təkmilləşdirilməsi sahəsində də yeni təşəbbüslər irəli sürülür, çevik və müasir idarəetmə qurumları, zamanın tələbindən doğan təzə struktur bölmələr formalaşdırılır. Milli Elmlər Akademiyasında elmin təşkilində və müasir idarəetmənin təmin olunmasında informasiya texnologiyalarının yeri və meydanı sürətlə genişləndirilir. Artıq Elmlər Akademiyası sistemində yeni informasiya texnologiyalarının tətbiqi ilə əlaqədar konkret proqramlar həyata keçirilir. Bütün bunlar ölkədə azərbaycançılıq ideologiyasının daha da genişləndirilməsinə və möhkəmləndirilməsinə xidmət edən azərbaycanşünaslığın inkişafına doğru istiqamətləndirilir. Milli Elmlər Akademiyası müstəqil Azərbaycanın müasir inkişafında daha yaxından iştirak edir, cavabdehlik düşüncəsi daha da dərinləşir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” 8 noyabr 2016-cı il tarixli sərəncamı əsasında akademik Akif Əlizadənin rəhbərliyi ilə yeni bir Akademiya şəhərciyi salınmışdır. Yüksək Tüxnologiyalar Parkını və Təcrübə Sənaye Zavodunu, bir çox sosial obyektləri əhatə edən bu yeni Akademiya şəhərciyi Milli Elmlər Akademiyasının müasir tipli elm-istehsalat mərkəzinə çevrilmişdir. Bu zəmində akademiyada fundamental tədqiqatlarla yanaşı, tətbiqi xarakterli tədqiqatların dairəsi genişləndirilmiş, alimlərin sahibkarlıq-innovasiya fəaliyyətinə geniş meydan açılmışdır. Hazırda Yüksək Texnologiyalar Parkında və Təcrübə Sənaye Zavodunda elmyönlü strateji məhsulların və avadanlıqların ölkə və dünya bazarlarına çıxarılması, elm adamlarının səmərələşdirici təklifləri və ideyalarını tətbiq edib sınaqdan çıxarmalarına geniş şərait yaradılması akademiya həyatının yeni və mühüm reallığıdır.

"Elm haqqında” qanunun hazırlanmasında AMEA-nın yaxından iştirakı, akademiyanın müstəqillik dövrü ilk nizamnaməsinin hazırlanması və ölkə Prezidenti tərəfindən təsdiq edilməsi də yeni tarixi mərhələnin nailiyyətlərindəndir. Akademiyanın tarixində ilk dəfə olaraq elm festivallarının təşkili, Azərbaycan alimlərinin, o cümlədən gənc alimlərin qurultaylarının keçirilməsi, "elektron-elm”in sürətlə inkişaf etdirilməsi akademik Akif Əlizadə dövrünün mühüm nailiyyətləri və hadisələridir. Milli Elmlər Akademiyasında magistratura üzrə təhsilin təşkili də AMEA-nın prezidenti Akif Əlizadənin adı ilə bağlıdır. Milli Elmlər Akademiyasının inkişaf yoluna həsr olunmuş sənədli film də, "Akademiya marşı” da akademiya həyatının yeni mərhələsində meydana çıxmışdır.

Milli Elmlər Akademiyasında bu böyük elmi qurumun rəhbərinin çağırışı ilə fənlərarası, elmsahələriarası əlaqələrin təmin edilməsi, yaxınlaşdırılması proqramına start verilmişdir. Geologiya və Geofizika İnstitutunun direktoru və görkəmli paleontoloq alim kimi həmin elm sahəsinin yer elmləri və təbiət elmləri ilə əlaqələndirilməsi üzrə uzun illər ərzində sınaqdan çıxarılmış, elmi təcrübədə əhəmiyyətli olduğu isbat edilmiş fənlərarası əlaqələndirmə proqramları hazırda Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadənin rəhbərliyi ilə akademiya miqyasında həyata keçirilməkdədir. Bu layihə həm geniş elmi dünyagörüşə, çoxsahəli qabiliyyətlərə və bacarıqlara malik yeni elmi nəslin formalaşdırılmasına, həm də elm sahələrinin qarşılıqlı surətdə zənginləşməsinə təkan verir. Bu yaxınlarda AMEA-da "Fizika və lirika: dünya təcrübəsi və ölkə reallıqları” mövzusunda keçirilmiş beynəlxalq elmi konfrans elmsahələriarası əlaqələrin mühüm əhəmiyyətə və böyük perspektivlərə malik olduğunu bir daha isbat etmişdir.

Milli Elmlər Akademiyasının beynəlxalq əlaqələri də sürətlə genişləndirilir. Cəmi bir neçə il ərzində Azərbaycan Milli Elmlər Akademiyasının Avropa və Asiyanın, MDB ölkələrinin akademiyaları ilə imzaladığı sazişlər, protokollar, əldə etdiyi razılaşmalar həm beynəlxalq elmi təcrübənin öyrənilməsinə, həm də ölkəmizin elmi nailiyyətlərinin dünya miqyasında təbliğinə geniş şərait yaradır. AMEA-da yaradılmış beynəlxalq laboratoriyalar, qazanılan beynəlxalq qrantlar, ölkələrarası layihələrin inkişafı müasir dövrün reallıqlarıdır.

Həmçinin Milli Elmlər Akademiyasında özü də gənclər hərəkatından böyük elmə gəlmiş akademiya rəhbəri akademik Akif Əlizadənin dəstəyi ilə gənc alimlərin və mütəxəssislərin fəaliyyət dairəsinin genişləndirilməsinə, onlara tələbkarlıq və qayğının artırılmasına xüsusi diqqət yetirilir. AMEA-nın prezidentinin təklifi əsasında akademiyada gənc alimlər üçün xüsusi elmi jurnalın nəşrinin həyata keçirilməsi, gənclər üçün qrant layihələrinin və mükafatların verilməsi, gənc kadrların konkret işlərə cəlb olunması, doktorantların dünya ölkələrinə gənc alimlərin geniş miqyasda stajkeçməyə göndərilməsi həmin prosesin inkişafda olduğunu göstərir. Milli Elmlər Akademiyasında innovasiyayönlü elmi tədqiqatların, layihələrin icrası üçün sosial-iqtisadi tutumlu səmərələşdiricilik və ixtiraçılıq fəaliyyətlərinə, istehsalatla əlaqəli proqramlara yol açılması da yeni mərhələnin islahatları sırasında dayanır.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadəni geniş elmi dünyagörüşlə, zəngin həyat təcrübəsi, çoxillik idarəetmə bacarığı ilə yanaşı, həm də böyük həyat eşqi, nikbinlik səciyyələndirir. Ölkəmizin əsas elmi-təşkilati qurumuna uğurla rəhbərlik edən akademik Akif Əlizadə dünya ədəbiyyatına, Azərbaycan poeziyasına da yaxından bələddir. Akademiya mühitində ictimai və elmi proseslərin təhlili və istiqamətləndirilməsi proseslərində nadir poeziya incilərindən, poetik nümunələrdən yerli- yerində istifadə etməsi, möhkəm yaddaşa, mükəmməl hafizəyə sahib olması akademik Akif Əlizadənin böyük cavabdehlik hissi ilə yanaşı, həm də bu işin özünəməxsus romantikasını da ürəkdən və dərindən yaşadığını əyani surətdə nümayiş etdirir. Akademik Akif Əlizadənin AMEA-da idman-sağlamlıq tədbirlərinə geniş yer ayırması, burada hər il idmanın müxtəlif növləri üzrə yarışların keçirilməsi və ən maraqlısı ölkəmizin əsas akademik qurumunun rəhbərinin hər gün idmanla məşğul olmağa ciddi surətdə vaxt ayırması da akademiya mühitində yeni olmaqla bərabər həm də şəxsi nümunənin əyani göstəricisidir. Bütün bunlar əsasən akademik Akif Əlizadənin simasında səksən beş yaşın ömrün və fəaliyyətin dərk olunmuş yeni bir inkişaf mərhələsi olması konkret fakt və nümunə kimi cəlbedici, düşündürücü və əhəmiyyətli görünür.

Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin çoxillik və səmərəli elmi-pedaqoji fəaliyyəti ölkəmizdə dövlət səviyyəsində yüksək qiymətləndirilmişdir. Vətən elminin inkişafı sahəsindəki mühüm xidmətləri və böyük elmi-təşkilati fəaliyyəti nəzərə alınmaqla o, "Şöhrət” (2004), "Şərəf” (2008) və "İstiqlal” (2014) ordenləri ilə təltif olunmuşdur. Geologiya elminin aktual məsələlərinə həsr olunmuş tədqiqatlara görə akademik Akif Əlizadə və onun rəhbərlik etdiyi müəlliflər qrupu Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüşdür. Akademik Akif Əlizadə əməkdar elm xadimi adını da şərəflə daşıyır. Rusiya Təbiət Elmləri Akademiyasının "Elm və mədəniyyət fədakarı” fəxri nişanı (2014) almış akademik Akif Əlizadə Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü (2014) və ADNSU-nun fəxri professoru (2018) seçilmişdir.

Azərbaycan elminin cavanlıq eşqi ilə yaşayıb yorulmadan çalışan müdrik ağsaqqalı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadəni ürəkdən təbrik edir, ona möhkəm cansağlığı və elmimizin, ictimai fikrimizin inkişafı yollarında daha böyük uğurlar arzulayırıq.

 

İsa HƏBİBBƏYLİ,

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik

 

Azərbaycan.- 2019.- 23 fevral.- S.3.