Naxçıvan: uğurlu
inkişaf strategiyası yeni mərhələdə
Müasir dünyamızda qlobal iqtisadi böhranın mənfi təzahürlərinin meydana gəldiyi, tarazlaşma proseslərinin ağrılı keçdiyi bir dövrdə sosial-iqtisadi inkişafa nail olmaq və ya mövcud inkişafın dayanıqlığını təmin etmək yalnız elmi əsaslara söykənən düzgün iqtisadi siyasət nəticəsində mümkündür. Belə bir şəraitdə ölkəmizlə quru yolu ilə birbaşa əlaqəsi olmayan, əlverişsiz geopolitik transformasiyalar nəticəsində ana vətəndən ayrı düşərək blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının daxili resurslar hesabına yüksəlişini inamla davam etdirməsi, yeni-yeni nailiyyətlərə imza atması müstəqil Azərbaycan dövlətinin ən böyük uğurlarından biridir.
Bütün bunların başlıca səbəbi ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının muxtar respublikada Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən uğurla davam etdirilməsidir. Faktlara nəzər yetirdikdə əminlik yaranır ki, muxtar respublikada mövcud olan ictimai-siyasi sabitliyin fonunda davam etdirilən bu siyasət daha böyük uğurlara yol açmaqdadır.
Naxçıvan Muxtar Respublikasında infrastrukturun yenilənməsi, müasir müəssisələrin, yeni iş yerlərinin yaradılması istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasının reallaşdırılmasına əsaslı töhfələr verib. Bu gün çoxşaxəli iqtisadiyyatın formalaşdırılması istiqamətində məqsədyönlü islahatların aparılması, mühüm əhəmiyyətə malik dövlət proqramlarının reallaşdırılması nəticəsində Naxçıvan sosial-iqtisadi inkişaf baxımından ölkəmizdə liderliyini qorumaqdadır. İslam mədəniyyətinin paytaxtı və ölkəmizin Gənclər paytaxtı kimi mühüm tarixi missiyanı yerinə yetirən Naxçıvanda iqtisadi və sosial sahələrin inkişafını təmin etmək üçün tədbirlər ötən 2018-ci il ərzində də davam etdirilib, dinamik inkişaf qorunub saxlanılıb.
İnkişafın ən mühüm göstəricilərindən biri, yəni istər maddi istehsal, istərsə də qeyri-maddi xidmətlər sahələrində iqtisadi fəaliyyətin son nəticəsini xarakterizə edən amillərdən biri ümumi daxili məhsulun artım həcmidir. Həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, muxtar respublikada sənaye müəssisələri, kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması, emalı və satışı kompleksləri yaradılıb, bir sıra ərzaq məhsulları üzrə daxili istehsal xeyli artıb. Bütün bu müsbət proseslər ümumi daxili məhsulun artımına səbəb olub. Belə ki, ötən il ümumi daxili məhsul istehsalının həcmi 2 milyard 773 milyon manatdan çox olub. Bu da bir il öncəki müvafiq göstəricini 1,3 faiz üstələyir. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi ötən ilin müvafiq dövrünə nisbətən 1,9 faiz artaraq 6101 manatı ötüb.
Bir sıra istehsal sahələrində məhsul istehsalının həcminin artması, investisiya fəallığının güclənməsi, sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlığa geniş meydan verilməsi muxtar respublikanın iqtisadi dayaqlarını xeyli möhkəmləndirib. 2018-ci il ərzində iqtisadiyyatın əsasını təşkil edən sənayenin inkişaf etdirilməsi üçün rəqabət qabiliyyətli müasir istehsal sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində mövcud layihələrin icrası davam etdirilib, stimullaşdırıcı tədbirlər həyata keçirilib. Bu sahədə mühüm malların istehsalının təmini muxtar respublikada sənayenin iqtisadiyyatda xüsusi çəkisini qoruyub saxlayıb. Ötən il ərzində ümumi daxili məhsulun tərkibində ilk yeri 27.4 faizlik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 58,6 faiz təşkil edib.
Muxtar respublikada quruculuq və abadlıq işləri geniş vüsət alıb. Yeni parklar salınır, inzibati binalar, o cümlədən məktəblər, uşaq bağçaları, səhiyyə ocaqları, idman obyektləri, icra nümayəndəlikləri və bələdiyyə binaları, ən modern üslubda, lakin milli və yerli memarlıq xüsusiyyətləri nəzərə alınmaqla yüksək sürətlə və zövqlə inşa edilib vətəndaşların ixtiyarına verilir. Bütün obyektlər müasir kommunikasiya, o cümlədən yüksək sürətli internetlə tam təmin edilib.
Kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi Naxçıvanda əsas prioritet sahələrdəndir. Ekspertlər bu sahələr arasında kənd təsərrüfatının əhəmiyyətini xüsusi qeyd edirlər. Belə ki, muxtar respublika əhalisinin 70 faizi kəndlərdə yaşayır. Müasir dövrdə ən aktual problemlərdən biri kəndlərdən şəhərlərə köçməyin kütləvi hal almasıdır. Naxçıvanda isə belə bir problem yoxdur. Ticarət və xidmət obyektləri daxil olmaqla hər cür zəruri infrastrukturun yer aldığı nümunəvi kənd mərkəzləri yaradılıb. Habelə, kəndlərdə yaşayan əhalinin məşğulluğu təmin edilib. İnsanların kənd təsərrüfatı ilə məşğul olmaları, bol məhsul əldə etmələri üçün lazımi şərait yaradılıb. Yaşayış məntəqələrində müasir infrastrukturun qurulması, ölkəmizdəki ən keyfiyyətli yolların çəkilməsi, qazın, işığın davamlı verilməsi, bütün kəndlərin telefonlaşdırılması, kənddə şəhər rahatlığının ən yüksək səviyyədə təmin olunması insanların torpağa bağlılığını daha da artırıb, kənd təsərrüfatının inkişafını təmin edib.
Bu ilin məhsulu
üçün muxtar respublikada 61 min 935 hektar sahədə əkin
aparılıb. Bu da 2017-ci ilin məhsulu üçün
əkilmiş sahədən 404 hektar çoxdur. Aqrar sahədə
fəaliyyət göstərən təsərrüfat subyektlərinə
ötən il ümumilikdə 5 milyon 818
min manatdan artıq güzəştli kredit verilmişdir. Məhz
görülən məqsədyönlü işlərin nəticəsidir
ki, ötən il 480 milyon manatdan artıq kənd təsərrüfatı
məhsulu istehsal edilmiş, 101 milyon 781 min ABŞ dollarından
çox məhsul ixrac olunmuşdur.
Kənd təsərrüfatının
əsasını təşkil edən
taxılçılıq aqrar sektorun digər bölmələrinin
inkişafında həlledici rol oynayır. Taxıl
öz kaloriliyinə görə insanın ərzaq balansı
rasionunun yarısını təşkil edir. Bu sahənin inkişafına qayğı, diqqət
göstərmədən bir çox sahələrin
inkişafı mümkün deyil. Taxıl
istehsalının artırılması blokada vəziyyətində
yaşayan Naxçıvan üçün xüsusilə əhəmiyyətlidir.
Sevindirici haldır ki, bu sahə muxtar respublikada hər il daha da inkişaf etdirilir, yeni-yeni nailiyyətlər
əldə olunur. Ötən dövrdə muxtar respublikada
taxılçılıq üstün istiqamət kimi
saxlanılıb və 2018-ci ilin məhsulu üçün əkilmiş
32 min 483 hektar sahədən 97 min tondan artıq məhsul
götürülüb.
Yeri gəlmişkən qeyd
edək ki, regionun strateji əhəmiyyətini nəzərə
alaraq və təhlükəsizlik mülahizələri rəhbər
tutularaq muxtar respublikada əhalini təzə və keyfiyyətli
ərzaq məhsulları ilə təmin etmək məqsədilə
qida təhlükəsizliyi sistemi ən yüksək səviyyədə
qurulmuşdur.
Kənd təsərrüfatı
istehsalının ixtisaslaşdırılması, eyni zamanda,
muxtar respublika əhalisinin əkinçilik və
heyvandarlıq məhsullarına olan tələbatının
ödənilməsinə, idxaldan asılılığın
aradan qaldırılmasına və aqrar istehsal məhsullarının
ixraca çıxışının təmin olunmasına, eləcə
də bu sahədə rəqabətin daha da güclənməsinə
şərait yaradır. Ötən il kənd təsərrüfatının əsas
sahələrindən olan heyvandarlığın
inkişafı istiqamətində tədbirlər davam etdirilib,
17 heyvandarlıq təsərrüfatı yaradılıb,
ümumilikdə bank və kredit təşkilatları tərəfindən
bu sahəyə 4 milyon 950 min 100 manat həcmində kreditlərin
verilməsi təmin olunub.
Muxtar respublikada
iqtisadiyyatın bütün sahələrində dövlət
öz imkanları hesabına müasir sahibkarlıq subyektlərinin
formalaşmasına geniş imkanlar yaradıb, onların öz
potensiallarından səmərəli istifadə etmələri
üçün əlverişli mühit
formalaşdırıb. Naxçıvanda həyata keçirilən
iqtisadi siyasət sahibkarlığın inkişafının
sürətləndirilməsinə, sahibkarlığın
rolunun gücləndirilməsinə, bu istiqamətdə
dövlət qayğısının artırılmasına və
ən əsası mövcud potensialın
reallaşdırılmasına yönəlib. Belə ki,
ötən il ərzində muxtar respublikada sahibkarlıq fəaliyyəti
üçün verilən kreditlərin həcmi 13 milyon 790
min 800 manat təşkil edib. Məhz yerli istehsal
sahələrinin inkişafının nəticəsidir ki, bu
gün muxtar respublikada 383 növdə məhsul istehsal edilir.
Əlamətdar haldır ki, 108-i ərzaq, 242-si
qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbat
tamamilə yerli imkanlar hesabına ödənilir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisi Sədrinin 2016-cı il 11
yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş
"2016-2020-ci illərdə Naxçıvan Muxtar
Respublikasında əhalinin məşğulluğunun
artırılması üzrə Dövlət
Proqramı”nın icrası muxtar respublikada işaxtaranların
sosial müdafiəsinin gücləndirilməsinə, səmərəli
məşğulluğun və özünüməşğulluğun
təmin edilməsinə, əmək bazarının tələbinə
uyğun peşə hazırlığının təşkilinə
geniş imkanlar yaratmaqdadır. Təkcə ötən il
muxtar respublikada 2827 yeni iş yeri açılıb ki, bunun da
2782-i və ya 98,4 faizi daimi iş yerləridir.
Bundan əlavə, Naxçıvan Muxtar
Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə-ixtisas
təhsili müəssisələrində 2753 nəfər
müxtəlif peşələrə yiyələnib.
Muxtar respublikada aparılan
quruculuq-abadlıq, muzeylər, çoxəsrlik tarixi abidələr,
inkişaf etmiş infrastruktura, hotellər şəbəkəsi
və cinayətkarlığın olduqca aşağı səviyyəsi
bölgəni həm də turizm üçün çox cəlbedici
bir məkana çevirmişdir. Belə ki, təkcə ötən il Naxçıvana yarım milyona yaxın
turist səyahət etmişdir.
Lakin təəssüflər
olsun ki, bu gün ölkəmizdə bəzi şəxslər
Naxçıvan Muxtar Respublikasının mövcudluğunun məqsədyönlülüyünü
şübhə altına almaq, onun hüquqi statusuna kölgə
salmaq istiqamətində uğursuz cəhdlər göstərirlər. İddianın
biri bundan ibarətdir ki, guya Naxçıvanın MR-in
mövcudluğu Azərbaycan Respublikasının unitar dövlət
quruluşu ilə bir araya sığmır. Halbuku azacıq tarix bilgisi olan şəxs muxtar
respublikanın hansı hərbi-siyasi şərtlər
altında formalaşdığını və anklav formada Azərbaycandan
aralı düşdüyünü yaxşı bilir. Belələri anlamırlar ki, Naxçıvan MR-in
hüquqi statusu təkcə Azərbaycan Konstitusiyası ilə
müəyyənləşmir. 1921-ci ildə
qəbul olunmuş Qars və Moskva müqavilələrinə
görə bölgənin statusu həm də beynəlxalq
hüququn əhatə dairəsinə daxil olur. Azərbaycan qanunvericiliyinə görə isə beynəlxalq
hüququn yerli hüquq normalarına münasibətdə
üstünlüyü mövcuddur. Yəni
biz istəsək də birtərəfli qaydada bu statusu ləğv
edə bilmərik. Ümumiyyətlə,
Naxçıvan MR-ə qarşı bu tip cəhdlər hələ
Mütəllibov və AXC-Müsavat iqtidarı dönəmində
də göstərilirdi. Onlar hətta
"prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi”
kimi qondarma və antikonstitusion vəzifə də icad
etmişdilər. Onların
Naxçıvana göndərdiyi emissarlar regionda
qarışıqlıq yaratmağa çalışır,
ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirdilər.
Onlar bununla həm də ulu öndər Heydər
Əliyevin Naxçıvanın rəhbəri kimi ölkə
miqyasında gündən-günə yüksələn
nüfuzuna zərbə vurmaq məqsədi güdürdülər.
Buna nail olmadıqda isə Naxçıvan
Muxtar Respublikası Ali Məclisi Sədrinin Azərbaycan
Respublikası Ali Soveti Sədrinin müavini olması müddəasını
konstitusiyadan çıxararaq Heydər Əliyevin siyasi
perspektivinə mane olmağa çalışdılar. Lakin siyasi proseslərin sonrakı inkişafı
onları bir daha haqsız çıxardı və xalq
onların özlərini hakimiyyətdən süpürüb
atdı.
Digər bir əsassız
iddia Naxçıvan MR Ali Məclisinin Sədrinin səlahiyyətlərinə
yönəlib.
Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının
136-cı maddəsinə əsasən Naxçıvan Muxtar
Respublikasının ali vəzifəli
şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədridir. Bu konstitusion bir səlahiyyətdir və
yalnız referendumla dəyişilə bilər. Halbuki, bunu etmək üçün heç bir
hüquqi-ictimai zərurət yoxdur.
Prezident İlham Əliyevin xüsusi
sərəncamı ilə yaradılan və Vasif Talıbovun
birbaşa diqqət və qayğısı ilə maddi-texniki
təchizatı gündən-günə güclənən
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu bu gün,
sözün əsl mənasında, düşmənə
göz dağıdır. Bu ordunun təkcə ötən il keçirdiyi əməliyyat nəticəsində
minlərlə hektar vətən torpağı düşmən
işğalından azad edildi və hazırda əkin-biçinə
yararlı hala gətirilərək bölgə əhalisinin
rifahına xidmət edir. Habelə, yeni azad
edilmiş yüksəkliklərdən Ermənistanın
bütün strateji kommunikasiyaları birbaşa zərbə
altında qalır və düşməni vahimə içərisində
saxlayır. İndi bəzilərinin bu ordunun adına və ya funksiyalarına hər
hansı kölgə salmaq cəhdi düşmən dəyirmanına
su tökməkdən başqa bir şey deyil. Belə
iddialar yalnız təəssüf doğurur və
düşünürəm ki, onları əlavə şərh
etməyə ehtiyac yoxdur.
Bəziləri hətta
Naxçıvan sərhədlərində Azərbaycandan gedən
malların niyə gömrükdə
yoxlanıldığı sualını da verirlər. Bu şəxslər
başa düşmürlər ki, Azərbaycanın
Naxçıvanla birbaşa quru əlaqəsi
olmadığı üçün tranzit ölkələrin ərazisindən
istifadə etməyi zəruri edir. Yad ərazilərdə
isə yüklərin içərisinə ən təhlükəli
əlavələr edilə bilər. Bu isə
Naxçıvanın, onun əhalisinin təhlükəsizliyinə
və sağlamlığına qarşı istənilən təxribatı
törətmək niyyətində olan bir sıra xarici
dövlətləri şirnikləndirə bilər. Düşünürəm ki, belə adi həqiqətləri
anlamaq elə də çətin deyil.
Başqa bir həqiqətə
uyğun olmayan arqument ondan ibarətdir ki, guya Naxçıvan
MR-in rifah halını yüksəltmək üçün
bölgə azad iqtisadi zona olmalıdır və deməli, həm
də sərhədlərində gömrüksüz ticarət
etməlidir. Halbuki, Naxçıvanın yuxarıda da
sadaladığımız yüksəlişdə olan iqtisadi
göstəriciləri belə niyyətlərin tam əsassız
olduğunu sübut edir və zəruriliyini ciddi şübhə
altına alır. Habelə belə
addımlar bölgəyə özü ilə bərabər
maliyyə fırıldaqçılarını və müxtəlif
kriminal ünsürləri də cəlb edə bilər.
Eyni zamanda düşmən dövlətlərin
kəşfiyyat orqanlarının bölgədə fəallığı
arta və Naxçıvan kimi strateji bir ərazinin təhlükəsizliyi
təhdid altına düşə bilər. Belə bir şəraitdə milli-mənəvi dəyərlərimizə
vurulacaq zərbəni isə, ümumiyyətlə, heç nə
ilə konpensasiya etmək mümkün olmaya bilər.
Halbuki, Naxçıvan ölkəmizin kriminogen baxımdan ən
sabit və cinayətkarlığın ən az
baş verdiyi regionudur.
Bir məsələni də
vurğulamaq yerinə düşər ki, ölkənin və
onun hər hansı bir regionunun inkişafı ilə əlaqədar
istənilən vətəndaş öz proqram və layihələrini
müvafiq dövlət qurumlarına təqdim edə bilər. Zəruri təhlil
və müzakirələrdən sonra təqdim olunmuş layihənin
həyat qabiliyyətliliyi və vacibliyi mütləq dəyərləndirilir.
Lakin əsaslandırılmamış arqumentləri,
ideyaları adda-budda və pərakəndə şəkildə
KİV-də müzakirəyə çıxarmaq hesab edirəm
ki, nəinki konstruktiv addım deyil, hətta adi populizmdir.
Amma aydın məsələdir
ki, xalqımızın və ictimai rəyin tələb və
gözləntiləri tamam fərqlidir. Belə ki, vətənimizin
ayrılmaz bir parçası olan Naxçıvan bu gün
möhtərəm Prezident İlham Əliyevin və
Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbovun
uğurlu idarəçiliyi sayəsində öz intibah
dövrünü yaşayır. Naxçıvan
əhalisi gələcəyə böyük inamla baxır və
bugünkü nailiyyətləri gələcək müvəffəqiyyətlərin
təminatı kimi görür.
Təsadüfi deyil ki,
dünyanın 70 ölkəsinin 5 mindən artıq şirkət
və təşkilatını birləşdirən
"Caspian European Club” 2017-ci ildə ölkədə həyata
keçirilən iqtisadi islahatların və sosial siyasətin
nəticələrini əks etdirən Azərbaycan
Respublikası regionlarının illik investisiya reytinqini müəyyənləşdirdiyi
zaman Naxçıvan Muxtar Respublikası ən yüksək
ümumi bal toplayaraq liderliyə yüksəlib.
Göründüyü kimi,
30 ilə yaxındır blokada şəraitində yaşasa
da, Naxçıvan Muxtar Respublikası hərtərəfli və
dayanıqlı inkişafa nail olub. Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev bu barədə deyib:
"...Naxçıvan uğurla, sürətlə inkişaf
edir. Son illər ərzində muxtar respublikada
böyük abadlıq-quruculuq işləri
görülmüşdür. Naxçıvan
Muxtar Respublikası bütün iqtisadi göstəricilərinə
görə çox sürətlə inkişaf edən
respublikadır. Son 15 il ərzində
respublikanın ümumi daxili məhsulu on dəfəyə
yaxın artıbdır. Bu, məncə,
dünya miqyasında rekord göstəricidir. Bütün uğurlar münasibətilə
Naxçıvan Muxtar Respublikasının rəhbərliyini,
bütün sakinlərini ürəkdən təbrik etmək
istəyirəm”.
Yuxarıda sadalananlar Naxçıvan
Muxtar Respublikasında bütün sahələrdə
inkişafa nail olunmasının göstəriciləri,
böyük uzaqgörənliklə müəyyənləşdirilmiş
inkişaf strategiyasının nəticələridir. Bu isə muxtar respublikanın şəhər və
kəndlərinin simasını köklü şəkildə
dəyişdirir. Hazırda
Naxçıvanın hər bir sakini quruculuğun,
sosial-iqtisadi inkişafın, davamlı yüksəlişin
real nəticələrini öz gündəlik həyatında
hiss etməkdədir.
Siyavuş NOVRUZOV,
Milli Məclisin
İctimai birliklər və dini qurumlar komitəsinin sədri,
Yeni Azərbaycan
Partiyasının İcra katibinin müavini
Azərbaycan.-
2019.- 23 fevral.- S.4.