Dağlıq
Qarabağ bölgəsinin azərbaycanlı icması
Xocalı soyqırımının 27-ci ildönümü ilə
əlaqədar bəyanat yayıb
Azərbaycan Respublikası
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması
Xocalı soyqırımının 27-ci ildönümü ilə
əlaqədar bəyanat yayıb.
Bəyanatı AZƏRTAC-a şərh
edən “Azərbaycan Respublikası Dağlıq Qarabağ
Bölgəsinin Azərbaycanlı İcması” İctimai
Birliyinin sədr müavini, professor Elçin Əhmədov
bildirib ki, son iki əsrdə erməni millətçiləri
tarixi Azərbaycan torpaqları hesabına uydurma “böyük
Ermənistan” ideyasını həyata keçirmək məqsədilə
1905-1906-cı, 1918-1920-ci, 1948-1853-cü, 1988-1993-cü illərdə
xalqımıza qarşı soyqırımı, terror,
deportasiya və etnik təmizləmə kimi cinayətlər
törədiblər.
XX əsrin sonunda monoetnik dövlət
yaratmağa nail olan Ermənistanın təcavüzü nəticəsində
Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və
onun hüdudlarından kənarda yerləşən
Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl,
Qubadlı və Zəngilan bölgələri işğal
edilib. Bütün bu ərazilər ermənilər tərəfindən
etnik təmizləməyə məruz qalıb. Bununla
yanaşı, Dağlıq Qarabağ bölgəsindəki azərbaycanlılar
yaşayan 30-dan çox yaşayış məntəqəsi,
o cümlədən Tuğ, İmarət-Qərvənd,
Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Kərkicahan,
Malıbəyli, Quşçular, Qaradağlı və digər
strateji əhəmiyyətə malik kəndlərimiz ermənilər
tərəfindən yandırılıb,
dağıdılıb və talan edilib. Ümumilikdə, Ermənistanın
bu hərbi təcavüzü nəticəsində 20 min azərbaycanlı
həlak olub, 50 min nəfər isə müxtəlif dərəcəli
xəsarət alaraq əlil olub.
XX əsrin sonunda bütün
dünyanın gözü qarşısında baş verən,
qəddarlığı və amansızlığı ilə
seçilən Xocalı soyqırımı isə bu təcavüzkar
siyasətin ən qanlı və yaddaşlardan silinməyən
səhifəsi olub.
1992-ci il fevralın 25-dən 26-na
keçən gecə Ermənistan silahlı qüvvələri
Xankəndidə yerləşən, sovet ordusundan qalmış
366-cı motoatıcı alayın hərbçiləri və
ağır texnikasının iştirakı ilə Xocalıya
hücum edərək şəhəri yerlə-yeksan etdilər.
Çoxsaylı ağır texnika ilə şəhər
tamamilə dağıdılıb, yandırılıb və
insanlar xüsusi qəddarlıqla qətlə yetirilib. Azərbaycanın
qədim Xocalı şəhərində həyata keçirilən
bu soyqırımı nəticəsində rəsmi rəqəmlərə
görə, 613 nəfər öldürülüb ki, onlardan
63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri
qoca idi. Səkkiz ailə tamamilə məhv edilib. Bundan əlavə,
1275 nəfər əsir götürülüb, 150 nəfərin
taleyi indiyə kimi naməlumdur. Bu soyqırımı
zamanı mülki insanlar, o cümlədən qadınlar və
uşaqlar xüsusi qəddarlıq və amansızlıqla qətlə
yetirilib, başları kəsilib, yaxud başlarının dərisi
soyulub, gözləri çıxarılıb, hamilə
qadınlar süngü ilə deşik-deşik edilib. Xəsarət
alanlardan 487 nəfəri şikəst olub ki, onlardan 76 nəfəri
azyaşlıdır.
Son illərdə Xocalı
soyqırımının tanıdılması və qətliama
siyasi qiymət verilməsi istiqamətində görülən
işlər daha ciddi nəticələr verməkdədir.
Artıq ABŞ-ın 20-dən çox ştatı və 15-ə
qədər ölkənin qanunverici orqanları Xocalı faciəsinin
soyqırımı aktı və insanlığa qarşı
cinayət kimi tanınması barədə qətnamə qəbul
ediblər. Eləcə də İslam Əməkdaşlıq
Təşkilatı Parlament İttifaqı bu faktı
soyqırımı və insanlığa qarşı cinayət
hadisəsi kimi tanıyıb, üzv dövlətləri həmin
faciəyə müvafiq siyasi-hüquqi qiymət verməyə
çağırıb. Hazırda Xocalı faciəsinin
dünya dövlətləri tərəfindən
soyqırımı kimi tanınması, qətliama
ayrı-ayrı ölkələrin qanunverici orqanları tərəfindən
obyektiv qiymət verilməsi tarixi zərurət olaraq
qalmaqdadır.
Bəyanatda qeyd edilir ki, Azərbaycan
ərazisinin 20 faizi hazırda Ermənistan silahlı qüvvələrinin
işğalı altındadır. Bu işğal nəticəsində
900-ə yaxın yaşayış məntəqəsi, 22 muzey
və 4 rəsm qalereyası, tarixi əhəmiyyəti olan 9
saray, nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və
eksponatı, 144 məbəd və 62 məscid
dağıdılıb, talan edilib və yandırılıb.
Bundan əlavə, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli
tarixi əlyazmalar məhv edilib. Ermənistanın ölkəmizə
qarşı açıq-aşkar hərbi təcavüzü
beynəlxalq hüququn bütün norma və prinsiplərinə
ziddir. Belə ki, Ermənistan Respublikası bütün beynəlxalq
hüquqi sənədləri, xüsusilə BMT Nizamnaməsinin
I və II maddələrində, eləcə də 1975-ci il 1
avqust tarixli ATƏM/ATƏT-in Helsinki Yekun Aktında ifadə
olunmuş beynəlxalq hüququn əsas prinsiplərini
kobudcasına pozub.
XX əsrin sonunda ermənilərin
Xocalıda törətdikləri soyqırımı indiyədək
bəşəriyyətə qarşı yönəldilmiş
ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir.
Xocalı soyqırımı tarixi yaddaşlardan heç vaxt
silinməyən Xatın, Liditsa, Oradur, Xolokost, Sonqmi, Ruanda və
Srebrenitsa kimi dəhşətli faciələrdən heç
də fərqlənmir. Adıçəkilən hadisələr
müharibələr tarixinə dinc əhalinin
soyqırımı olaraq daxil olub və bütün dünyada
geniş əks-səda doğurub.
Ermənistanın
yürütdüyü etnik təmizləmə və
soyqırımı siyasəti uzun illərdir dünya ictimaiyyətinin
gözü qarşısında baş verir. Halbuki
soyqırımı ən ağır cinayət olmaqla
yanaşı, beynəlxalq hüquqa görə sülh və
təhlükəsizliyə qarşı yönələn cinayətlər
qrupuna aid edilir. Soyqırımı cinayətinin hüquqi əsası
BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi
ilə qəbul edilmiş “Soyqırımı cinayətinin
qarşısının alınması və cəzalandırılması
haqqında” Konvensiya ilə müəyyən olunub.
Bununla yanaşı, Azərbaycanın
işğal olunmuş ərazilərində Ermənistan tərəfindən
atılan qeyri-qanuni addımlar, xüsusilə təşkil
olunan qanunsuz səfərlər, görüntü xatirinə
keçirilən tədbirlər, məskunlaşdırma siyasətinin
aparılması və demoqrafik tərkibin qəsdən dəyişdirilməsi,
Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan
edilməsi beynəlxalq və humanitar hüququn pozulması deməkdir.
Ermənistanın Azərbaycana
qarşı təcavüzü ilə əlaqədar BMT Təhlükəsizlik
Şurasının 822, 853, 874 və 884 saylı qətna-mələrində
Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və
sərhəd-lərinin toxunulmazlığının,
işğalçı qüvvələrin zəbt etdikləri
Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz
çıxmasının zəruriliyi bildirilir. Ancaq BMT Təhlükəsizlik
Şurasının dörd qətnaməsinə, İslam
Əməkdaşlıq Təşkilatının, Qoşulmama
Hərəkatının, Avropa Şurası Parlament
Assambleyasının və eləcə də digər beynəlxalq
təşkilatların qərarlarına baxmayaraq, indiyə kimi
Ermənistan Respublikasının açıq-aşkar hərbi
işğalçılıq mövqeyi tutması ucbatından
münaqişə ölkəmizin ərazi bütövlüyü
və suverenliyi çərçivəsində öz həllini
tapmayıb. Ona görə də böyük dövlətlər
qəti praktik addımlar atmalı və Ermənistanı beynəlxalq
birliyin iradəsinə tabe etdirməlidirlər.
Bəyanatda deyilir: “Xocalı
soyqırımının 27-ci ildönümündə Azərbaycan
Respublikası Dağlıq Qarabağ bölgəsinin 80 mindən
çox olan azərbaycanlıları beynəlxalq birliyi Azərbaycan
xalqına qarşı bu gün də davam edən təcavüz
hərəkətlərinə obyektiv siyasi-hüquqi qiymətin
verilməsi üçün Azərbaycanın haqlı
mövqeyini dəstəkləməyə
çağırır. Biz dünya ictimaiyyətini və beynəlxalq
təşkilatları Ermənistan silahlı qüvvələri
tərəfindən Azərbaycanın Dağlıq Qarabağ
bölgəsinin Xocalı şəhərində məqsədyönlü
şəkildə yüzlərlə uşaq, qadın və
yaşlı insanın da daxil olduğu dinc azərbaycanlı əhaliyə
qarşı törədilmiş bu qəddarlığı
insanlıq əleyhinə cinayət və soyqırımı
aktı kimi tanımağa çağırırıq. Biz
humanizm ideyalarının daşıyıcısı olan
bütün beynəlxalq təşkilatlardan tələb edirik
ki, Ermənistanın işğalçılıq siyasətinin
ifşa olunması üçün təsirli tədbirlər
görülsün. Bununla yanaşı, Ermənistanın təcavüzünün
qurbanı olan bir milyondan çox insanın haqq səsi
eşidilsin və pozulmuş hüquqlarımızın bərpa
olunması üçün ermənilərin cinayətkar əməlləri
beynəlxalq səviyyədə qınaq obyektinə
çevrilsin”.
Azərbaycan.- 2019.-23 fevral.- S.6.