Xocalı
soyqırımı ötən əsrin ən dəhşətli
faciəsidir
Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasında Xocalı
soyqırımının 27-ci ildönümünə həsr
olunmuş tədbir keçirilib. Bu barədə AZƏRTAC-a
Konfederasiyadan məlumat verilib.
Tədbirdə
çıxış edən AHİK sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev Xocalı
soyqırımını ötən əsrin ən dəhşətli
faciəsi adlandırıb. Vurğulayıb ki, ermənilərin
bu qədim türk torpağında törətdikləri vəhşiliklər
nə insani, nə də müharibə qanunlarına
sığmayan cinayətdir. Dinc şəhər sakinləri qəddarcasına
qətlə yetirildi. Qocalar, qadınlar, uşaqlar
süngüdən keçirildi. Meyitlərin üzləri, bədən
əzaları doğrandı, kəsildi, tanınmaz hala
salındı. Başaçıq, ayaqyalın qara
bürünmüş çöllərdən qaçıb
canını qurtarmaq istəyən xocalılılar əvvəlcədən
Ağdama gedən yollar üzərində qurulmuş pusqulardan
avtomat atəşinə tutuldular. Şəhərin
küçələri, ətrafı meyitlərlə, can verən
yaralıların ah-naləsi ilə cəhənnəmi
xatırladırdı. Hələ bəşər tarixi belə
tükürpədici mənzərə görməmişdi.
Xocalı şəhəri bir gecənin içində yerlə
yeksan edildi. Qocalı, uşaqlı 613 sakini qəddarlıqla
öldürüldü. 150 nəfər itkin düşdü.
1275 nəfər əsir götürüldü. Əsirlər
ağır işgəncələrə məruz qaldı.
AHİK sədri qeyd edib ki, ermənilər
bu mənzərəni yaratmaqla Azərbaycan xalqının
gözünü qorxutmaq, Qarabağın taleyini öz xeyirlərinə
həll etmək istəyirdilər. İgid
xocalılıların lokal müqavimətinə baxmayaraq, erməni
vandallarının cinayətlərinin qarşısını
almaq mümkün olmadı. Çünki o dövrdə Azərbaycan
hakimiyyətinin başında qorxaq, iradəsiz, fərasətsiz
insanlar dururdu. Onların fərasətsizliyi erməni
separatçılarının və havadarlarının torpaq
iştahını daha da artırdı. Ölkəmizin
içərilərinə doğru addım-addım,
soyqırımı törədə-törədə irəlilədilər.
Əgər Heydər Əliyev fenomeni olmasaydı, kim bilir, bu
vandalizm hara qədər davam edəcəkdi. Xalq başına
gətirilən müsibətdən çıxış
yolunu taleyini Heydər Əliyevə tapşırmaqda
gördü. Ümummilli Lider respublika rəhbərliyinə gələn
kimi, ilk addımlarından biri sovet tanklarının,
silahlarının yedəyində irəliləyən ermənilərin
növbəti hücumlarını dayandırmaq oldu. Xocalı
həqiqətlərini dünyaya olduğu kimi tanıtmaq
istiqamətində kampaniyaya start verdi. Bu, çox çətin
məsələ idi. Çünki ermənilər Qarabağ
müharibəsinin təkcə silahlı deyil, həm də siyasi
əsaslarını uzun illər qabaq
hazırlamışdılar. Təsəvvür edin ki, kütləvi
qırğından dərhal sonra Xocalıya ermənilər 32
ölkədən 47 jurnalist dəvət etmişdilər. Onlar
xarabazara çevrilmiş Xocalını dünyaya göstərib
ağlaya-ağlaya deyirdilər ki, "azərbaycanlılar
Xocalını yandırıb getdilər”, "azərbaycanlılar
günahsız erməniləri qırdılar”.
"Belə bir şəraitdə,
artıq xalqımızı dünyaya vəhşi obrazında
təqdim etmiş əsl cinayətkarları tanıtmaq nə
qədər çətin idi! Ümummilli Lider yalan məlumatlarla
formalaşmış münasibəti öz müdrik siyasi iradəsi
sayəsində dəyişə bildi. Heydər Əliyevin təşəbbüsü
və iradəsi ilə 1994-cü ilin fevral ayında Azərbaycan
Respublikasının Milli Məclisi Xocalı
soyqırımına hüquqi-siyasi qiymət verdi”, - deyə
S.Möhbalıyev vurğulayıb.
Sədr daha sonra deyib ki, illər
ötsə də xalqımızın bu soyqırımı
yarası köz bağlamır. Xalqımız dünya
ictimaiyyətindən, nüfuzlu beynəlxalq qurumlardan ədalətli
qərarlar tələb edir. Haqqın bərpa olunması, cinayətkarların
cəzalandırılması uğrunda yorulmaz mübarizə
aparır. Bu mübarizənin önündə isə Azərbaycan
Respublikasının Prezidenti, Ümummilli Liderin layiqli
davamçısı İlham Əliyev durur. Düzdür,
ölkə Prezidentinin, respublikamızın Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın, Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın səyləri
nəticəsində artıq dünyanın bir çox
ölkəsində Xocalı faciəsi soyqırımı kimi
tanınıb. Bu istiqamətdə işlər davam edir.
İnanırıq ki, yaxın gələcəkdə erməni
yalanları, hiylələri, saxta göz yaşları
artıq keçərli olmayacaq.
Səttar Möhbalıyev
çıxışının sonunda bildirib ki, dünya bizə
doğru gəlir. Dünya sözünə, vədinə
düz, dostluqda sədaqətli Azərbaycan adlı məmləkətlə
əməkdaşlığa üstünlük verir. Yaxın,
uzaq ölkələrin rəğbətini qazanmış
dövlətimiz gündən-günə güclənir.
Bütün xalqımız, o cümlədən onun tərkib
hissəsi olan həmkarlar ittifaqı üzvləri inanırlar
ki, biz Prezident İlham Əliyevin rəhbərliyi ilə
tarixi, əzəli torpaqlarımızın
bütövlüyünü təmin edəcəyik.
Xalqımıza qarşı törədilən cinayətlərin
icraçılarının cəzalandırılmasına nail
olacağıq.
Tədbirdə digər
çıxış edənlər Xocalı
soyqırımı günahkarlarının dünyaya
tanıdılması üçün səylərin birləşdirilməsinin
vacibliyini vurğulayıblar.
Azərbaycan.- 2019.-23 fevral.- S.6.