Aqrar sektorun inkişafı aqronomluq peşəsinə yeni baxış tələb edir

 

Aqrar sektorun dinamik inkişafı, ərzaq təhlükəsizliyinin təminatı dövlətin prioritet kimi qarşıya qoyduğu vəzifələrdəndir. Bu məqsədə nail olmaq üçün ölkədə peşəkar aqronom kadrlarına böyük ehtiyac var. Respublikada belə kadrların hazırlanmasında Azərbaycan Dövlət Aqrar Universiteti zəngin pedaqoji irsə malikdir. Yüksəkixtisaslı aqronom kadrların hazırlanması işində bu təhsil müəssisəsinə hər cür dövlət yardımı göstərilir.

Nəticədə müasir dövrün tələblərinə cavab verən müxtəlif ixtisaslı, o cümlədən taxılçı, tərəvəzçi, meyvəçi, pambıqçı, üzümçübaşqa sahələr üzrə aqronomlar hazırlanır və istehsalatda çalışmağa göndərilir.

Yüksək elmi-praktiki bilik və bacarığa malik olan aqronomların hazırlanmasında peşəkar müəllim-professor heyəti ilə yanaşı, dünya praktikasından da geniş istifadə olunmalıdır. Odur ki, dünyada müvafiq universitetlərlə sıx elmi əlaqələrin qurulması, qarşılıqlı tələbə, elmi və təcrübə mübadiləsi dövrün tələbinə çevrilmişdir.

Aqronomluq ixtisasını seçən tələbələr universitetin müvafiq kafedralarında botanika, əkinçilik, mikrobiologiya, aqrokimya, aqrometeorologiya, torpaqşünaslıq, bitki fiziologiyası, genetikaseleksiya, habelə başqa elm sahələrini mənimsəyib öz fəaliyyətlərində tətbiq edirlər. Müasir dövrdə ADAU-nun Aqronomluq fakültəsində bütün ixtisasların əsasən dövlət sifarişi ilə təşkil olunması, tələbələrin təhsil haqqının dövlət tərəfindən ödənilməsi, bununla yanaşı, aqronomluq ixtisasında tədrisin Azərbaycan, ingilisrus dillərində aparılması yüksək peşəkarlığa malik olan aqronom kadrların hazırlanmasında yeni bir mərhələni təşkil edir. Universitetin beynəlxalq əlaqələrinin inkişafı nəticəsində tələbələrin dünyanın bir sıra aqrar universitetlərində təhsillərini və tədqiqatlarını davam etdirmələri, müxtəlif əməkdaşlıq proqramları sayəsində qısa və uzunmüddətli təcrübə mübadiləsi keçmələri yüksək ixtisaslı aqronom kadrların hazırlanmasında böyük səmərə verir. Bu kimi beynəlxalq tədbirlər təbii ki, şagirdlərin aqronomluğa maraqlarını daha da stimullaşdırır.

İndiki dövrdə respublikada müvafiq dövlət proqramları əsasında ayrı-ayrı kənd təsərrüfatı bitki sortlarından ibarət aqrosenozların əkin sahələrinin genişləndirilməsi işlərinin peşəkar aqronomlara həvalə olunması daha məqsədəuyğundur. Azərbaycanda fəaliyyət göstərən, yaxud da yeni yaradılan ailə və fermer təsərrüfatlarında, aqraryönümlü şirkətlərin nizamnamələrində aqronom kadrların işə cəlb edilməsinin rəsmən tələb olunması ümumi işin xeyrinə olardı. Çünki aqrar sahədə ixtisaslı aqronomlardan məqsədyönlü istifadə olunması gələcək iqtisadi nailiyyətlərin əsasını təşkil edir.

Aqronomluq şərəfli peşədir və ən çox zəhmət tələb edən ixtisaslardan biridir. Hər bir aqronomun əsas işi aqrar sektorda becərilən bitkilərin aqrobiologiyasının öyrənilməsi, ayrı-ayrı aqrosenozların becərilməsi, onları qoruyan mübarizə vasitələrindən və gübrələrdən səmərəli istifadə olunması üçün landşaftın yararlılığının qiymətləndirilməsi və onlardan səmərəli istifadə yollarının müəyyənləşdirilməsidir. Müasir dövrdə ölkəmizdə kənd təsərrüfatını inkişaf etdirmək üçün strateji sahələr müəyyənləşdirilir, adamlarına, fermerlərə güzəştli kreditlər verilir, istehsal sahələrində aqronomların rolu getdikcə artırılır. Kənd təsərrüfatı məhsulları istehsal edən özəl təşkilatlara aqronom kadrların rəhbərlik etmələri, yaxud onların idarəetmədə yaxından iştirakı dövrün tələbinə çevrilib.

Qeyd etmək lazımdır ki, respublikamızda ayrı-ayrı ərzaq bitkilərinin əkin sahələrindən əldə olunan ümumi məhsuldarlıq və iqtisadi səmərəlilik Avropa ölkələrindən və inkişaf etmiş dövlətlərdən ən azı 40-60 faiz aşağı göstəricilərə malikdir. Taxılçılıqdan, tərəvəzçilikdən, meyvəçilikdən, üzümçülükdən, pambıqçılıqdan əldə olunan iqtisadi səmərə dövrün tələbatını tam şəkildə ödəmir. Ayrı-ayrı bölgələr üzrə taxılçılıqda, tərəvəzçilikdə, bostançılıqda, meyvəçilikdə, üzümçülükdə, pambıqçılıqda istifadə olunan sort seçimində bəzən nöqsanlara yol verilir. Müxtəlif kənd təsərrüfatı bitkilərinin əkilib-becərilməsində əkin sahəsinin fiziki-kimyəvi tərkibi, relyefi, dəniz səviyyəsindən hündürlüyü, havanın nisbi rütubəti, torpağın susaxlama xüsusiyyəti, suvarma mənbələri və başqa abiotik amillər tam şəkildə nəzərə alınmır. Aqrosenozların yaradılmasında aqronomik qaydalara əməl olunmur. Peşəkar aqronom kadrların çatışmazlığı nəticəsində əkilən sortların genetik potensialından tam şəkildə istifadə edilmir. Sahələrdə xəstəlik və zərərvericilərlə yoluxma miqyası ildən-ilə genişlənir, virus, bakterial və göbələk mənşəli xəstəliklər yayılır, onlara qarşı aparılan kimyəvi, biolojiaqrotexniki mübarizə üsulları istənilən səmərəni vermir. Bu da nəticə etibarı ilə insanların ayrı-ayrı ərzaq məhsullarından zəhərlənmələri ilə müşayiət olunmaqla məhsuldarlığı və iqtisadi səmərəliliyi aşağı salır.

Məlumdur ki, aqronomun əsas işi torpağın xassələri və kənd təsərrüfatı bitkilərinin tələbatı əsasında torpaq münbitliyinin fasiləsiz artımını təmin edən aqrotexnikimeliorativ tədbirlər sisteminin həyata keçirilməsindən ibarətdir. Kənd təsərrüfatında istehsalat təcrübəsindən də məlum olduğu kimi, becərilməkdə olan hər bir bitki sortunun ekoloji-coğrafi baxımdan fərqli olan bölgələrdə əkilməsi müsbət nəticə vermir. Hər bölgənin özünəməxsus bitki örtüyü və becərildiyi sortlar var. Abşeron şanısı, Hövsan soğanı, İmişli qarpızı, Gədəbəy kartofu, Naxçıvan qırmızı kişmişi və digər sortlar xalq arasında böyük şöhrət qazanmışdır. Naxçıvan MR-də ayrı-ayrı ərazilərdə becərilən Naxçıvan göycəsi sortunun məhsulunun yetişmə müddəti, meyvəsinin dadı və biokimyəvi tərkibi bir-birindən fərqlənir. Elə meyvə sortları var ki, ancaq düzən ərazilərdə daha yaxşı məhsul verir. Dağətəyi və ya dağlıq ərazilərdə yaxşı məhsuldarlıq göstəricilərinə malik olan meyvə sortları da çoxdur. Bitki sortlarının müvafiq ərazilər üzrə seçilməsi, əkin qaydalarının müəyyənləşdirilməsi, xəstəliklərin, zərərvericilərin öyrənilməsi, onlara qarşı mübarizə üsullarının tədqiq olunması və başqa aqrotexniki üsulların hazırlanması məhz aqronomların öhdəsinə düşən əsas vəzifələrdəndir.

Ölkəmizdə aqrar sahənin inkişafına, xüsusilə yüksəkixtisaslı aqronom kadrların hazırlanmasına dövlət tərəfindən göstərilən diqqət və qayğı ildən-ilə artmaqdadır. Həyata keçirilən aqrar islahatlar, dövlət dəstəyinin əhəmiyyətli dərəcədə gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi kənd təsərrüfatında mühüm kəmiyyət və keyfiyyət dəyişikliklərinə, eləcə də bu sahəyə inamın artmasına, fəallığın yüksəlməsinə səbəb olmuşdur. Peşəkar aqronom kadrların hazırlanması istiqamətində kütləvi informasiya vasitələrində, məktəblərdə, gənclər arasında məqsədyönlü təbliğat işləri aparılsa da, belə tədbirlərin gücləndirilməsi məqsədəuyğundur. Bu kimi məqsədyönlü tədbirlər ölkədə aqrar sektorun inkişafı üçün mühüm əhəmiyyət kəsb edər, nəticə etibarı ilə Azərbaycanda aqrar sektorun strateji inkişafına xidmət edər.

 

Varis QULİYEV,

aqrar elmlər üzrə elmlər doktoru, dosent,

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun laboratoriya rəhbəri

 

Azərbaycan.- 2019.-23 fevral.- S.7.