Abdulla Şaiqin doğum
günü qeyd edildi
Öz ölməz misraları ilə sanki bugünümüzə üz tutmuş, "Yad et məni, Şaiqanə yad et” demiş Azərbaycan ədəbiyyatının klassiki, yazıçı, şair, dramaturq, pedaqoq Abdulla Şaiq fevralın 22-də Birinci Fəxri xiyabanda anıldı. Anadan olmasının 138-ci ildönümünə həsr edilmiş tədbir Abdulla Şaiqin mənzil muzeyi və Abdulla Şaiq adına 2 nömrəli kitabxananın birgə təşkilatçılığı ilə keçirildi.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun alimləri, Bakı muzeylərinin əməkdaşları, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələri, Abdulla Şaiq adına 54 saylı orta məktəbin müəllim və şagirdləri, Rusiya İnformasiya Mərkəzi nümayəndələri və KİV nümayəndələri iştirak etdilər.
Abdulla Şaiqin mənzil muzeyinin direktoru Ülkər Talıbzadə tədbiri giriş sözü ilə açdı. Daha sonra Abdulla Şaiq irsinin tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru Arzu Hacıyeva ədibin Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində xidmətlərindən danışdı. O, Abdulla Şaiqin şair, nasir, dramaturq, pedaqoq, ədəbiyyatşünas, publisist kimi Azərbaycan ədəbi fikir tarixinə verdiyi töhfələri diqqətə çatdırdı. Filologiya elmləri doktoru Baba Babayev Abdulla Şaiq yaradıcılığının çoxdiapazonlu mahiyyətindən, bütün zamanlar üçün aktuallığından söz açdı. Abdulla Şaiqin adını daşıyan 2 nömrəli kitabxananın direktoru Yəmən Əmirova, 54 saylı orta məktəbin ədəbiyyat müəllimi Rəfiqə Hüseynova çıxışlarında Abdulla Şaiq irsinin tərbiyəvi əhəmiyyətini vurğuladılar.
Tədbir 54 saylı orta məktəbin şagirdlərinin, A.Şaiq adına 2 saylı kitabxananın kiçikyaşlı fəal oxucularının çıxışları ilə davam etdirildi. Şagirdlər böyük şairin "Qızılgül”, "Qərənfil”, "Vətən”, "Ülkər” və başqa şeirlərini səsləndirdilər.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.-
2019.-23 fevral.- S.8.