Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyinin
tabeliyində İnnovasiyalar Agentliyinin fəaliyyətinin təmin edilməsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Azərbaycan Respublikası
Nəqliyyat, Rabitə
və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar
Agentliyinin yaradılması
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2018-ci il 6 noyabr tarixli 325 nömrəli Fərmanının
icrası ilə əlaqədar qərara alıram:
1. "Azərbaycan
Respublikası Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
2. "Azərbaycan
Respublikası Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin Strukturu” təsdiq edilsin (əlavə olunur).
3. Müəyyən
edilsin ki, Azərbaycan Respublikası
Nəqliyyat, Rabitə
və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar
Agentliyinin (bundan sonra - Agentlik) ilkin nizamnamə fondu 500 000 (beş
yüz min) manatdır
və dövlət büdcəsi vəsaiti hesabına formalaşdırılır.
4. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
4.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
4.4. "Azərbaycan
Respublikası Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin yaradılması haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 6 noyabr tarixli 325 nömrəli Fərmanının
6.4-cü bəndinə uyğun
olaraq Agentliyin balansına verilən dövlət əmlakının
qiymətləndirilərək Agentliyin nizamnamə fondunda nəzərə alınması üçün
müvafiq təkliflərini
üç ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
4.5. innovasiya
fəaliyyətinə təsir
edəcək normativ hüquqi aktlar hazırlanarkən bu fərmanın 6-cı hissəsinin
icrasını nəzarətdə
saxlasın;
4.6. bu
fərmandan irəli gələn digər məsələləri həll
etsin.
5. Azərbaycan Respublikasının Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi:
5.1. Azərbaycan Respublikasının ərazisində
innovasiya fəaliyyətinin
dəstəklənməsi məqsədilə
xarici dövlətlərin
və beynəlxalq təşkilatların maliyyələşdirdikləri
proqramların (layihələrin)
əlaqələndirilməsini həyata keçirsin;
5.2. bu
fərmanın 6-cı hissəsində
göstərilən normativ
hüquqi aktların razılaşdırılması ilə bağlı tədbirlər görsün;
5.3. Agentliyin vəsaitindən istifadə
qaydasının layihəsini
bir ay müddətində
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin.
6. Mərkəzi icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan
və paylarının
(səhmlərinin) nəzarət
zərfi dövlətə
məxsus olan hüquqi şəxslər
və dövlət adından yaradılan publik hüquqi şəxslər hazırladıqları
innovasiya fəaliyyətinə
təsir edəcək
normativ hüquqi aktların normayaratma orqanına təqdim edilməzdən əvvəl
"Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası
Konstitusiya Qanununun 46-cı
maddəsinə uyğun
olaraq Azərbaycan Respublikasının Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə razılaşdırılmasını təmin etsinlər.
7. Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi bu fərmanın 3-cü hissəsində
göstərilən məbləğdə
maliyyələşməni təmin etsin.
8. Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
22 fevral 2019-cu il
Azərbaycan.- 2019.-24 fevral.-
S.2.