Günter Ottinger: “Azərbaycan öz iqtisadiyyatının şaxələndirilməsi ilə fəal şəkildə məşğul olur

 

Enerji əməkdaşlığı layihələri digər sahələrin inkişafını da stimullaşdırır

 

Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı beynəlxalq qurumların hesabatlarında yüksək qiymətləndirilməklə yanaşı, mötəbər konfransiclaslarda da qeyd edilir. "Cənub qaz dəhlizi” Məşvərət Şurasının Bakıda keçirilən beşinci toplantısının iştirakçıları tərəfindən də bu, dönə-dönə vurğulanıb. Azərbaycanın öz iqtisadiyyatını şaxələndirmək istiqamətində həyata keçirdiyi ardıcıl tədbirlərin bəyənildiyi bildirilib.

Azərbaycan dövləti düzgün və məqsədyönlü siyasət yeridərək enerji sektorundan əldə edilən gəlirləri infrastruktur layihələrinə, qeyri-neft sektorunun inkişafına yönəldir. Dörd seqmentindən üçü artıq fəaliyyətdə olan, sonuncusu gələn il işə düşəcək "Cənub qaz dəhlizi” ölkəmizə yeni gəlir gətirərək bu istiqamətdə tədbirlərin ardıcıllıqla davam etdirilməsinə imkan verəcək.

Məşvərət Şurasının toplantısında "Əsrin müqaviləsi”nin imzalandığı 1994-cü ilin Azərbaycanın inkişafı baxımından dönüş nöqtəsi olduğu xatırlandı. Bildirildi ki, həmin vaxtdan ölkəyə milyardlarla dollar xarici sərmayə cəlb edildi, on minlərlə yeni yerləri açıldı. Azərbaycan münbit sərmayə mühitinə malik dövlət olduğunu nümayiş etdirdi. Bunun nəticəsində neftdən gələn gəlirlər iqtisadiyyatın şaxələndirilməsinə və müasir infrastrukturun yaradılmasına yönəldildi. Qeyri-neft sektorunu inkişaf etdirmək üçün geniş imkan yarandı. Dövlət bu sektorun inkişafını prioritet elan etsə də, enerji sektoru yenə də iqtisadiyyatın aparıcı sahəsi və regional əməkdaşlığın mühüm komponentlərindən biri olaraq qalır.

Sözügedən tədbirdə Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı, məşvərət şurasının fəaliyyətdə olan həmsədri Günter Ottinger demişdir: "Azərbaycan güclü artım tempinə malik ölkədir və çağırışların öhdəsindən inamla gəlir. Azərbaycan həmçinin öz iqtisadiyyatının şaxələndirilməsi ilə fəal şəkildə məşğul olur. Bu, açıq-aşkar sizin əməkdaşlığı genişləndirə biləcəyiniz sahədir”.

G.Ottinger Azərbaycanın təkcə enerji sahəsində deyil, digər sahələrdə də əməkdaşlığı genişləndirmək marağında olduğunu qeyd etmişdir. Bildirmişdir ki, kənd təsərrüfatı məhsullarının emalına, su idarəetməsinə, yol, dəniz və dəmir yolu dəhlizlərinə, habelə ölkənin rəqəmsal infrastrukturuna sərmayə yatırmaqla Azərbaycan iqtisadiyyatının gələcək şaxələndirilməsi ilə bağlı böyük imkanlar mövcuddur. Avropa İttifaqı enerji məsələlərində, məsələn, neftqaz üzrə əməkdaşlığa sadiq olduğu qədər Azərbaycanın şaxələndirmə planlarını da dəstəkləyir.

Məşvərət şurasının toplantısında ayrı-ayrı ölkələri təmsil edən nümayəndələr Prezident İlham Əliyevlə görüşlərində də "Cənub qaz dəhlizi” layihəsindən bəhs edərkən digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunmuşlar. ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Sandra Oudkirklə söhbətdə bərpa olunanalternativ enerji, eləcə də digər sahələrdə iki ölkə arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.

İtaliya Respublikasının iqtisadi inkişaf nazirinin müavini Andrea Cioffi ilə görüşündə Prezident İlham Əliyev İtaliya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən neft-qaz, tikinti və iqtisadiyyatın digər sektorlarında da uğurla fəaliyyət göstərdiklərini və ölkəmizin onların fəaliyyətindən məmnun olduğunu bildirmişdir.

Azərbaycan enerji layihələri çərçivəsində özünü dünyaya etibarlı tərəfdaş kimi təqdim etmiş, mükəmməl əməkdaşlıq formatı yaratmışdır. Azərbaycan xarici investisiyaları 100 faiz qoruyan ölkədir. Bu səbəbdən də investorlar onlarla bağlanan müqavilələrdə bir sözün belə dəyişdirilməyəcəyinə əmindirlər. Beləliklə, digər sektorlara da sərmayə cəlb etməyə imkan yaranır. Bu da öz növbəsində iqtisadiyyatı şaxələndirməyə, islahatları uğurla həyata keçirməyə dəstək verir.

Məşvərət şurasının iclasında Prezident İlham Əliyev bir daha qeyd etmişdir ki, "enerji resursları və gəlirlərindən düzgün istifadə sayəsində biz infrastruktura, sosial infrastruktura böyük həcmdə investisiya yatırmağa, əhalinin yaşayış səviyyəsini qaldırmağa nail olmuşuq”. Dövlət başçısı bu baxımdan "Cənub qaz dəhlizi” layihəsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2019.- 24 fevral.- S.1; 5.