O gün tezliklə gələcək

 

Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da erməni işğalçıları tərəfindən işğal olunanda minlərlə sakin el-obasından didərgin düşdü. O vaxtdan 25 il keçməsinə baxmayaraq, zəngilanlılar yurd-yuvalarını unutmur, doğma rayonlarına dönəcəkləri günü səbirsizliklə gözləyirlər.

Zəngilanlılar respublikanın 46 rayon və şəhərində, əksər hissəsi isə Bakı və Sumqayıt şəhərlərində məskunlaşıblar. Belə bir böyük əraziyə səpələnmiş zəngilanlıların sosial, kommunal, səhiyyə, təhsil və digər məsələri ilə məşğul olmaq, onların üzləşdikləri problemləri vaxtında həll etmək üçün icra strukturları xüsusi rejimi ilə işləyirlər.

Məcburi köçkünlər onlara olan dövlət qayğısını daim hiss edirbunu real həyatlarında görürlər. Bu qayğının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderin prioritet məsələlərdən biri kimi yanaşdığı qaçqın və məcburi köçkünlərə dövlət qayğısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir.

Təkcə bu faktı qeyd etmək kifayətdir ki, dövlət başçısının müvafiq sərəncamları ilə Abşeron rayonunda zəngilanlı məcburi köçkünlər üçün qəsəbə salınıb. Hazırda 760 ailə həmin yaşayış massivində tam təmin olunmuş mənzillərdə yaşayır. Rayonun icra strukturları, dövlət təşkilatları da Masazırda fəaliyyət göstərir.

"Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq Abşeron rayonunun Masazır qəsəbəsində Zəngilan rayonundan olan ailələr üçün yeni salınmış şəhərcikdə tarix muzeyinin fəaliyyəti də bərpa olunub.

Muzeydə rayonun inzibati xəritəsi, kəndlərinin, sosial müəssisələrinin, ecazkar təbiət nümunələrinin şəkilləri asılıb. Bu şəkillər vasitəsilə rayon barədə ətraflı təəssürat yaradır. Muzeydə ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin apardıqları siyasəti və respublikamızın inkişafında əvəzsiz xidmətlərini təcəssüm etdirən fotolara da geniş yer ayrılıb, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı imzalanan sərəncam və fərmanlar öz əksini tapıb. Burada videoçarxlar nümayiş olunur.

Tariximizin yaşadılması və unudulmamasında gənc nəslin rolunun xüsusi əhəmiyyət kəsb etdiyi üçün rayon təhsil şöbəsi ilə birlikdə xüsusi proqram da hazırlanıb. Muzeyin kollektivi rayon məktəblərində açıq dərslər təşkil edir, Zəngilanın keçmişibu günü barədə informasiyalarla insanların bilgilərini zənginləşdirirlər. Rayon sakinlərinin məskunlaşdıqları digər yerlərdəki təhsil müəssisələri ilə sıx əlaqə saxlanılır.

Hazırda respublika sənayesinin müxtəlif sahələrində - tikinti, neft sektoru, kənd təsərrüfatında və digər istehsalat müəssisələrində çalışan xeyli zəngilanlı var. Sahibkarlıq fəaliyyəti ilə məşğul olanların da sayı ilbəil artır.

Məlum olduğu kimi, "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda insanların sağlamlığının qorunması məsələləri də öz əksini tapıb. Zəngilan Rayon Mərkəzi Poliklinikasında 11 həkim kabineti fəaliyyət göstərir. Daha bir həkim məntəqəsi Sabirabad rayonunda insanların sağlamlığının keşiyində durur. Şəkərli diabet xəstələrinə dərman vasitələri pulsuz paylanır və onların müalicəsi üçün digər lazımi tədbirlər görülür. Zəngilanlılar köçkün həyatı yaşasalar da, ölkənin iqtisadi-sosial həyatında fəal iştirak edir, respublika iqtisadiyyatının inkişafına öz töhfələrini verir, xidmətləri ölkə rəhbərliyi tərəfindən qiymətləndirilir.

Bir sözlə, respublikamızda qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, sağlamlıqlarının müdafiəsi, məşğulluğunun artırılması, ölkə rəhbərinin uğurlu xarici siyasəti sayəsində atılan addımlar zəngilanlılarda da belə inam yaradıb ki, ata-baba torpaqlarına qayıdacaqları günə çox az qalıb.

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2019.-24 fevral.- S.1; 5.