Xocalı
soyqırımının dünyada tanınması tarixi zərurətdir
Tarixi faktlar göstərir
ki, Azərbaycan xalqı erməni millətçilərinin
davamlı olaraq etnik təmizləmə, soyqırımı və
təcavüzkarlıq siyasətinə məruz qalaraq, öz
tarixi torpaqlarından didərgin salınmış,
qaçqın və məcburi köçkünə
çevrilmişlər.
"Böyük Ermənistan” ideyası ilə yaşayan ermənilər öz məqsədlərinə çatmaq üçün xarici himayədarların köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara qarşı terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparmışlar. Təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə – 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmələrə məruz qalmışdır.
AZƏRTACAzərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun "Xocalı soyqırımının dünyada tanınması tarixi zərurətdir” sərlövhəli məqaləsini təqdim edir.
XX əsrin əvvəllərində erməni millətçiləri "Daşnaksütyun” partiyasının proqramında irəli sürülən "Böyük Ermənistan” ideyasını reallaşdırmaq istiqamətində fəaliyyətini genişləndirərək öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları planlı surətdə doğma yurdlarından qovmaqla etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirmiş, nəticədə 1905-1906-cı illərdə ermənilər Bakıda, Gəncədə, Qarabağda, İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzdə, Tiflisdə, Zəngəzurda, Qazaxda və başqa yerlərdə dinc azərbaycanlılara qarşı qırğınlar törətmiş, əhali amansızlıqla qətlə yetirilmiş, şəhər və kəndlər yandırılmış və dağıdılmışdır. Erməni silahlı dəstələri Şuşa, Zəngəzur və Cəbrayıl qəzalarında, İrəvan və Gəncə quberniyalarında azərbay-canlılar yaşayan 200-dən artıq yaşayış məntəqəsini viran qoymuş, on minlərlə soydaşımız öz doğma yurdlarından qaçqın və məcburi köçkün düşmüşlər.
Bu prosesin davamı olaraq, 1917-ci ilin dekabrında Qafqaz işləri üzrə müvəqqəti fövqəladə komissar təyin edilən S.Şaumyan azərbaycanlıların kütləvi qırğınının təşkilatçısı və rəhbərinə çevrildi. Erməni silahlı qüvvələri tərəfindən 1917-ci ilin əvvəllərindən 1918-ci ilin mart ayına qədər olan dövrdə İrəvan quberniyasında 197 kənd, Zəngəzur qəzasında 109, Qarabağda 157 kənd dağıdılmış, digər bölgələrdə 60 yaşayış məskəni məhv edilmiş, yandırılmış və viran qoyulmuşdur.
1918-ci il martın 31-də və aprelin ilk günlərində minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə məhv edildi. Həmin günlərdə erməni-bolşevik birləşmələri Bakıda 12 min dinc azərbaycanlını qətlə yetirdilər. Bu qanlı hadisələr zamanı insanlar evlərində diri-diri yandırılmış, eləcə də xüsusi işgəncələrlə və amansızlıqla öldürülmüşdür.
Ümumilikdə, 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir, Lənkəranla yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə amansız şəkildə davam etdirilməsi nəticəsində on minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilmişdir.
1948-1953-cü illərdə Ermənistan SSR-də yaşayan azərbaycanlıların tarixi torpaqlarından, xüsusilə də İrəvan və onun ətraf rayonlarından kütləvi şəkildə deportasiya olunması nəticəsində 150 minə yaxın soydaşımız zorakılıqla Azərbaycanın aran rayonlarına köçürülmüşdür.
XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməyi ilə yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər.
1988-ci ildən başlayaraq qonşu Ermənistan dövləti beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq, BMT üzvü olan digər bir suveren ölkəyə - Azərbaycana qarşı ərazi iddiaları qaldıraraq, ölkəmizin Dağlıq Qarabağ Muxtar Vilayətini və ətrafdakı 7 rayonunu işğal etmiş (dövlətin ümumi ərazisinin 20%), bir milyondan artıq dinc əhalini (ölkə əhalisinin hər 8 nəfərindən birini) öz doğma yurd-yuvasından didərgin salmaqla etnik təmizləmə həyata keçirmişdir. Ermənistanın bölgədə apardığı təcavüzkar siyasətin nəticəsi olaraq 30 ilə yaxındır ki, Cənubi Qafqazda silahlı münaqişə və qanlı toqquşmalar davam edir. Azərbaycanın və beynəlxalq sülhyaratma qurumlarının, ilk növbədə BMT və ATƏT-in bütün səylərinə baxmayaraq hələ də Ermənistan işğal etdiyi torpaqlardan geri çəkilmək istəmir və bölgədə dayanıqlı sülhün bərqərar olmasına ciddi maneə törədir. Hazırda Cənubi Qafqazda hər an yeni silahlı toqquşmalar və qanlı müharibələr başlaya bilər ki, bu da yeni-yeni insan fəlakətlərinə səbəb olar.
Davakar erməni millətçiləri son iki əsrə yaxın bir müddətdə dövlət səviyyəsində Cənubi Qafqazdakı tarixi Azərbaycan torpaqları və Türkiyənin Şərqi və Cənub-Şərqi Anadolu ərazilərində mifik "Böyük Ermənistan” dövləti yaratmaq ideyasını gerçəkləşdirmək məqsədilə davamlı olaraq Türkiyə türklərinə və azərbaycanlılara qarşı qanlı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə kimi bəşəri cinayətlər törətməkdə davam edirlər. Onlar yenə də dövlət səviyyəsində rəsmi millətçi-şovinist ideologiya həyata keçirərək, erməni "alim”lərinin əli ilə bölgənin real tarixini saxtalaşdırmış, erməni xalqının bir neçə nəslinə milli müstəsnalıq, türk-müsəlman xalqlarına qarşı düşmənçilik ruhu aşılamış, kəskin mənəvi təcavüz kampaniyası apararaq indiki Ermənistan ərazisini yerli azərbaycanlılardan tam təmizləmişlər. Cənubi Qafqazda yaşanan və beynəlxalq hüquqa zidd bütün belə proseslər, törədilən bütün insanlığa sığmayan hadisələr dünyadakı erməni diasporu tərəfindən bilərəkdən təhrif edilmiş, dünya ictimaiyyətinin nəzərində "əzabkeş və məzlum” erməni, "zalım” türk-müsəlman və azərbaycanlı obrazları yaradılmışdır.
XX əsrin 80-ci illərinin
ikinci yarısında da ermənilər SSRİ-də
yaranmış siyasi vəziyyətdən istifadə edib, dərhal
Azərbaycana qarşı açıq ərazi iddiası irəli
sürmüş, bir neçə günün içərisində
Ermənistanda yaşayan 200 minə qədər azərbaycanlını
kütləvi şəkildə deportasiyaya məruz qoymuş,
ardınca Dağlıq Qarabağın azərbaycanlı
icmasına qarşı kütləvi terror və
qırğınlar həyata keçirməyə
başlamışlar. Ermənistan SSR Ali Soveti
1989-cu il dekabrın 1-də Dağlıq Qarabağ Muxtar Vilayətinin
Ermənistana birləşdirilməsi barədə hüquqa
zidd qərar qəbul etmiş və bununla da Dağlıq
Qarabağ probleminin əsil mahiyyətinin Azərbaycana
qarşı əsassız ərazi iddialarından ibarət
olduğunu nümayiş etdirmişdir. Eyni
federativ dövlətdə birləşən bir
respublikanın digər respublikaya qarşı ərazi iddiasına
heç bir hüquqi reaksiya verilməmiş, əksinə,
Sovet İttifaqının o zamankı rəhbərliyinin ermənipərəst
siyasəti mövcud vəziyyətin getdikcə kəskinləşməsinə,
DQMV ərazisində və Azərbaycanın Ermənistanla həmsərhəd
bölgələrində ermənilər tərəfindən
azərbaycanlılara qarşı terror, kütləvi
qırğın və etnik təmizləmə cəhdlərinin
geniş miqyas almasına təkan vermişdir. Qeyd
etmək lazımdır ki, Ermənistan Ali Sovetinin həmin qərarı
sonra da ləğv edilməmiş, Robert Köçəryan
1989-cu ildə Ermənistan parlamentinin deputatı, 1998-ci ildə
isə Ermənistan prezidenti seçilərkən həmin qərarın
ona tamhüquqlu Ermənistan vətəndaşlığı
verməsi "faktı”na istinad etmişdir. Eyni
"hüquq”dan sonradan onun varisi olan Serj Sarkisyan da bəhrələnmişdir.
1992-ci ilin əvvəllərindən
Ermənistan silahlı qüvvələri öz təcavüzkar
siyasətlərini genişləndirərək Dağlıq
Qarabağ və ətraf ərazilərdəki azərbaycanlılar
yaşayan bütün yaşayış məntəqələrini
bir-birinin ardınca işğal etməyə
başlamışdır. Qısa zaman kəsiyində
Xocavənd, Cəmilli, Meşəli, İmarət-Qərvənd,
Kərkicahan, Malıbəyli, Quşçular, Qaradağlı
və digər kəndlər zəbt olunmuş, əhalinin bir
qismi əsir götürülmüş, onların əmlakı
və mal-qarası mənimsənilmişdir.
1992-ci il
fevralın 25-dən 26-na keçən gecə Ermənistan dövlətinin
nizami hərbi birləşmələri keçmiş sovet
ordusunun Xankəndi şəhərində yerləşən
366-cı motoatıcı alayının iştirakı ilə
aylarla mühasirədə saxlanılan Xocalı şəhərinə
hücuma keçərək, bir gecənin içində onu
yerlə yeksan etmişlər. Bu qanlı aksiya
zamanı dinc əhaliyə amansızlıqla divan tutulmuş,
613 nəfər qətlə yetirilmiş, meyitlər təhqir
olunmuş, 1275 nəfər girov
götürülmüşdür. Onlardan
150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri
uşaq, 106 nəfəri qadın və 70 nəfəri
ahıl qoca idi. Hərbi təcavüz nəticəsində
8 ailə tamamilə məhv edilmişdir.
Xocalı
soyqırımını törətməkdə düşmənin
məqsədi Azərbaycan xalqını sarsıdaraq onun
suverenlik əzmini qırmaq, ərazi bütövlüyü
uğrunda apardığı mübarizədən çəkindirmək
və torpaqlarını zorla ələ keçirmək idi. XX əsrin
sonunda dünyanın gözü qarşısında baş
verən, qəddarlığı və
amansızlığı ilə xüsusi fərqlənən
Xocalı soyqırımı təcavüzkar erməni siyasətinin
ən qanlı səhifəsidir. Bu
ağır cinayətə görə siyasi-hüquqi məsuliyyət
birbaşa Ermənistanın o zamankı və sonrakı rəhbərliyinin,
həmçinin Dağlıq Qarabağdakı
separatçı rejimin üzərinə düşür.
Ermənistan Xocalı faciəsini
törətdikdən sonra Azərbaycana qarşı hərbi təcavüzün
miqyasını daha da genişləndirmiş, sərəncamında
olan qoşunlarının dəstəyi ilə Dağlıq Qarabağın
hüdudlarından kənara çıxaraq daha 7 rayonu
işğal etmiş, bir milyona yaxın azərbaycanlını
öz doğma ev-eşiyindən didərgin salaraq
qaçqın və məcburi köçkünə
çevirmişdir.
Azərbaycan dövləti başda
Ümummilli Lider Heydər Əliyev olmaqla, sonrakı 15 ildə
isə Prezident İlham Əliyevin rəhbərliyi altında
Xocalı soyqırımının dünyada
tanıdılması, Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsi barədə həqiqətlərin
beynəlxalq ictimaiyyətə çatdırılması, təcavüzkarın
ifşası və işğal edilmiş
torpaqlarımızın azad olunması üçün
bütün zəruri addımları atıb və
atmaqdadır. Azərbaycan dövləti belə
taleyüklü məsələnin həlli ilə
bağlı bütün milli resursların, o cümlədən
də diaspor qurumlarının imkanlarından həmişə
istifadə etmiş, bu istiqamətdə irəli sürülən
əksər ictimai təşəbbüsləri dəstəkləmişdir.
Son illərdə Heydər Əliyev Fondunun vitse-
prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü
ilə dünyada geniş vüsət almış
"Xocalıya ədalət” (Justice for Khojaly) beynəlxalq
kampaniyasına Azərbaycanda və xaricdə fəaliyyət
göstərən çoxsaylı vətəndaş cəmiyyəti
institutları da qoşularaq, ayrı-ayrı ölkələrin
dövlət qurumlarını və ictimaiyyətini, beynəlxalq
təşkilatları bu faciəyə adekvat qiymət verməyə
çağırırlar.
Hazırda:
• dünyanın
13 ölkəsi parlament səviyyəsində,
• ABŞ-ın 22 ştatı parlament
səviyyəsində,
• İslam Əməkdaşlıq
Təşkilatı Xocalı soyqırımını rəsmən
tanımışdır.
• Avropa İnsan Haqları Məhkəməsi
22 aprel 2010-cu il tarixli qərarında
Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin
qırılmasını "müharibə cinayətləri
və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə
bilən xüsusilə ağır əməllər" kimi
müəyyən etmişdir.
Bundan başqa, Azərbaycanın ərazi
bütövlüyü məsələsi və Ermənistanın
işğalçı dövlət olması faktı:
• BMT Təhlükəsizik
Şurasının 1993-cü il aprel-noyabr
aylarında qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrində,
• ATƏT-in 1996-cı il
Lissabon Sammitinin qərarında,
• BMT Baş Assambleyasının
60-cı (2006) və 62-ci (2008) sessiyalarının
çıxardığı "Azərbaycanın
işğal edilmiş ərazilərində vəziyyət”
adlı qətnamələrində,
• AŞPA-nın (2005) qərarında,
• Avropa Parlamentinin (2010) qətnaməsində,
• Avropa İttifaqının
"Şərq tərəfdaşlığı” Sammitinin Bəyannaməsində
(2017),
• Avropa İttifaqı-Azərbaycan
"Tərəfdaşlıq Prioritetləri”
razılaşmasında (2018),
• Qoşulmama Hərəkatı
dövlət və hökumət
başçılarının XVI (Tehran, 2012) və XVII
(Marqarita, 2016) sammitlərinin qərarlarında ,
• İslam Əməkdaşlıq Təşkilatının(İƏT) dövlət
və hökumət başçılarının VII (Mərakeş,
1994), VIII(İran, 1997) və IX konfranslarında (Qətər,
2000) qəbul edilmiş qətnamələrdə, XI (Seneqal,
2008) və XII (Misir, 2013) zirvə toplantılarının yekun
sənədlərində, eləcə də İƏT xarici
işlər nazirləri şurasının müxtəlif
konfranslarında qəbul edilmiş çoxsaylı qətnamə
və yekun sənədlərində,
• ECO-nun 13-cü Sammitinin
(İslamabad, 2017) yekun bəyanatında və s. beynəlxalq
qurumların qərarlarında Azərbaycanın ərazi
bütövlüyü və suverenliyinə, beynəlxalq səviyyədə
tanınmış sərhədlərinin
toxunulmazlığına hörmət ifadə edilmiş,
münaqişənin məhz bu prinsiplər əsasında həllinin
vacibliyi qeyd olunmuşdur.
Eyni zamanda:
• NATO-nun 2006-cı ildən bəri
keçirilən əksər zirvə
toplantılarının, o cümlədən Nyuport (2014),
Varşava (2016) və Brüssel (2018) sammitlərinin yekun
kommunikelərində Cənubi Qafqazdakı münaqişələrin
ölkələrin ərazi bütövlüyü, suverenliyi
və Helsinki Yekun Aktına əsaslanaraq həlli prinsipinin
öz əksini tapması Azərbaycanın mənafeyinə
cavab verir.
Lakin bütün bunlara
baxmayaraq, hazırda Ermənistan beynəlxalq hüquq
normalarını pozaraq öz işğalçılıq
siyasətini davam etdirir və Cənubi Qafqazda dayanıqlı
sülhün bərqərar olmasına ciddi maneçilik
törədir.
Lakin dünyadakı erməni diasporu və lobbisi Dağlıq
Qarabağ problemini, Ermənistan dövlətinin
işğalçılıq siyasətini, evindən
qovulmuş bir milyona yaxın azərbaycanlının
böyük faciəsini, Azərbaycan torpaqlarının
işğal altında saxlanması faktını, Xocalı qətliamını
və bu qəbildən olan digər qanlı cinayətləri
unutdurmaq, diqqətdən kənarda saxlamaq məqsədilə
xüsusən də bizim fəallaşdığımız
ildönümü tədbirləri zamanı, davamlı olaraq,
1915-ci il hadisələrini gündəmə gətirib
qardaş Türkiyəyə qarşı qondarma "erməni
soyqırımı” iddiası qaldırırlar.
Türkiyə Prezidenti cənab Rəcəb
Tayyib Ərdoğanın rəhbərlik etdiyi AKP hakimiyyətə
gəldikdən sonra ilk atdığı addımlardan biri
1915-ci il hadisələri ətrafında
aparılan kampaniyanın qərəzini ifşa etmək
olmuş, Türkiyə bu yöndə bir çox beynəlxalq
tədbirlərin təşəbbüsçüsü və
ev sahibi kimi çıxış etmişdir. Təəssüf
ki, cənab Ərdoğanın tarixin obyektiv
araşdırılması üçün arxivlərin açılması
və birgə komissiyaların təşkili haqqında
çağırışları əks tərəfdən gərəkli
dəstək almamışdır. Bu
gün Türkiyə və Azərbaycan prezidentləri həm
ölkələrimizin daxilində, həm də beynəlxalq
müstəvidə türk-müsəlman dünyasının
maraqlarının müdafiəsi, problemlərinin həlli
naminə nümunəvi birgə fəaliyyət, həmrəylik
nümayiş etdirirlər.
Bu həmrəylikdən örnək
götürərək həm Azərbaycanın, həm də
qardaş Türkiyənin vətəndaş cəmiyyəti təşkilatları,
əli qələm tutan bütün ziyalıları rəsmi
dövlət orqanlarının həyata keçirdiyi tədbirlərə hər cür dəstək
verməklə Xocalı soyqırımı və Azərbaycan
torpaqlarının işğalı, eləcə də 1915-ci
il hadisələri ilə bağlı gerçək
faktları dünya ictimaiyyətinin diqqətinə
çatdırmalı, tarixin obyektiv qavranılmasına və
adekvat hüquqi-siyasi qiymətinin almasına
çalışmalıdırlar. Ümumiyyətlə,
bu işləri daha fəal, davamlı və sistemli şəkildə
həyata keçirməklə biz mütləq nəticələr
əldə edə bilərik.
Bu məqsədlə Azərbaycan
və türk diaspor təşkilatları da öz
çevikliyini və mütəşəkkilliyini
artırmalı, koordinasiya olunmuş şəkildə fəaliyyət
göstərməlidir. 2007-ci ilin noyabrında Türkiyə və Azərbaycan
prezidentlərinin birgə təşəbbüsü ilə
Bakıda keçirilmiş Türk Dövlət və Cəmiyyətlərinin
XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq
Qurultayında Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılması, azərbaycanlılara
qarşı erməni işğalçıları tərəfindən
törədilmiş soyqırımı, terror aktları və
digər cinayətlərin beynəlxalq miqyasda ifşası
istiqamətində türkdilli ölkələr və icmalar tərəfindən
birgə tədbirlərin görülməsi haqqında
tövsiyələrin həyata keçirilməsi ilə
bağlı fəaliyyətlərini genişləndirməlidir.
Bilirsiniz ki, bəzi dövlətlər
qondarma "erməni soyqırımı” haqqında əsasız
qərarlar qəbul ediblər. Biz həmin ölkələrdə də
ardıcıl iş aparılmalı, onların vətəndaş
cəmiyyətləri ilə işləməyin məqbul səmərəli
üsullarını tapmalıyıq. Soydaşlarımız
yerli və beynəlxalq ənənəvi media, eləcə də
sosial şəbəkələr vasitəsilə geniş
kampaniyalar təşkil etməli, soyqırımı problemlərini,
o cümlədən Xocalı faciəsinə dair real
faktları elmi konfranslarda, simpoziumlarda və digər
toplantılarda təqdim etməlidirlər.
Məlumdur ki, münaqişənin
nizama salınması üçün aparılan
danışıqlarda da Ermənistan qeyri-konstruktiv mövqedən
çıxış edərək işğalçılıq
siyasətindən əl çəkmir. Digər tərəfdən
isə, BMT və ATƏT kimi beynəlxalq təşkilatların
öz təklif və qətnamələrini həyata
keçirmək üçün konkret fəaliyyət
göstərməməsi danışıqlar prosesində irəliləyişin
əldə olunmasına maneə törədir. Bununla
yanaşı, keçən 27 il ərzində
ATƏT çərçivəsində yaradılan Minsk qrupu
və bu qrupa həmsədrlik edən dövlətlər
"ikili standartlar” prinsipindən çıxış edərək,
münaqişənin ədalətli həll olunması
üçün Ermənistana qarşı heç bir təzyiq
göstərmək niyyətində olmamışlar.
Buna baxmayaraq, Azərbaycan
dövləti beynəlxalq təşki-latların, xüsusilə
də münaqişəni dinc vasitələrlə nizama salmaq
üçün fəaliyyət göstərən ATƏT-in
sülhyaratma təkliflərinə hörmətlə
yanaşaraq onun işində müntəzəm və əməli
şəkildə iştirak edir. Bu da münaqişənin
nizama salınması istiqamətində aparılan
danışıqlarda Azərbaycanın ilk növbədə
sülh variantına üstünlük verdiyinə sübutdur.
Münaqişənin nizama salınmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır. Yəni problem yalnız Azərbaycanın ərazi bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüquq normaları və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır. Eyni zamanda, münaqişənin dinc vasitələrlə nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər Azərbaycanın mövqeyinin bir daha gücləndirilməsi və məsələnin beynəlxalq hüquq prinsipləri əsasında həllinin təsdiqlənməsi deməkdir.
Bu səbəbdən,
Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin
məlumatlandırılması istiqamətində keçirilən
tədbirlərin coğrafiyasını genişləndirməli
və Ermənistanın işğalçılıq siyasətinin
beynəlxalq aləmdə ifşa olunmasına nail olmaq
üçün bütün qüvvələrimizi birləşdirərək
bundan sonra da daha ciddi çalışmalı, Azərbaycan
dövlətinin bu istiqamətdə apardığı siyasətə
öz töhfəmizi verməliyik.
Əli
HƏSƏNOV
Azərbaycan
Respublikası Prezidentinin
ictimai-siyasi məsələlər
üzrə köməkçisi, professor
Azərbaycan.-
2019.-26 fevral.- S.1; 3.