BDU-da Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

 

Fevralın 25-də Bakı Dövlət Universitetində (BDU) Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə BDU-nun rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov mənfur ermənilərin bütün bəşəriyyət üçün təhlükəli işğalçılıq siyasəti apardıqlarından danışıb.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə bədnam düşmənin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyilə Xocalıda törətdiyi qanlı hadisələrdən bəhs edən Firudin Qurbanov diqqətə çatdırıb ki, xalqımıza qarşı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca qəddarcasına qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Qeyd olunub ki, bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymət dahi rəhbər, ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra verilib.

Firudin Qurbanov Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun rolundan bəhs edib. Bildirilib ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində bu qanlı faciə ilə bağlı həqiqətlər dünya ictimaiyyətinə çatdırılır.

O, həmçinin Azərbaycan ordusunun gücü və qələbə çalmaq əzmindən, uğurlu Aprel döyüşlərindən danışıb. Firudin Qurbanov ermənilər tərəfindən işğal olunmuş torpaqlarımızın Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində tezliklə azad ediləcəyinə əminliyini vurğulayıb.

BDU-nun professoru, Milli Məclisin deputatı Fəzail İbrahimli Xocalı qırğınının dəhşətlərindən bəhs edib, bu faciənin xalqımızın nisgili, dərdi olduğunu diqqətə çatdırıb, qəsbkar ermənilər tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıldığını deyib.

Sonra tələbələr mövzu ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

 

Azərbaycan.- 2019.-26 fevral.- S.4.