Livanın kütləvi informasiya vasitələri Xocalı soyqırımından yazır

 

Livanın bir sıra kütləvi informasiya vasitəsi Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı məqalələr yayıb.

AZƏRTAC xəbər verir ki, “Menanews 24”, “Alseyasa”, “Arab voice”, “Morakeb” xəbər saytlarında verilmiş məqalələrdə ermənilərin Dağlıq Qarabağı işğal etmələrindən və mülki əhaliyə qarşı törətdikləri vəhşiliklərdən bəhs olunub.

Yazılarda Azərbaycanın Xocalı şəhərinin tarixi, coğrafistrateji mövqeyi barədə məlumat verilir. Qeyd edilir ki, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal etməsi nəticəsində digər yaşayış məskənlərimiz kimi Xocalı şəhəri də erməni silahlı birləşmələri tərəfindən dağıdılıb. Şəhəri tərk etməyə çalışan mülki əhali ermənilər tərəfindən pusquya salınıb. Erməni silahlıları qadın, qoca və körpə uşaqlara qarşı vəhşilik edərək onları qətlə yetirib, cəsədlərini təhqir ediblər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xocalıda 613 nəfəri qətlə yetirib, yüzlərlə mülki insanı ağır yaralayıb, 1275 nəfəri isə girov götürüblər. Girov götürülənlərin bir çoxu haqqında bu günə kimi heç bir məlumat yoxdur.

Məqalələrdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımının pislənildiyi, Xocalı faciəsinin Pakistan, Meksika, Kolumbiya, Peru, BosniyaHerseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya, Honduras, Qvatemala, Panama, Sloveniya, Cibuti, Paraqvay parlamentləri tərəfindən beynəlxalq hüquq normaları müstəvisində tanındığı bildirilir. Habelə ABŞ-ın artıq 22 ştatının qanunverici orqanlarında Xocalı soyqırımını pisləyən müvafiq qətnamələrin qəbul olunduğu diqqətə çatdırılır. Məqalələrdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət!” kompaniyasının Xocalı həqiqətlərinin dünyada tanıdılması istiqamətində rolu qeyd olunub.

Bildirilir ki, ümummilli lider Heydər Əliyevin fəaliyyəti sayəsində Xocalı faciəsi hüquqi-siyasi qiymətini alıb. Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində həll oluna biləcəyini dəfələrlə bildirib.

Qeyd edək ki, erməni diasporunun ən güclü olduğu ölkələrdən birinin məhz Livan olmasını nəzərə alsaq, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin bu ölkənin ictimaiyyətinə çatdırılması çox önəmlidir.

 

Azərbaycan.- 2019.-26 fevral.- S.4.