Xocalı soyqırımı haqqında həqiqətləri
dünyaya çatdırmaq hər birimizin borcudur
İstanbulun Bahçeşehir Universitetində Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib, faciə qurbanlarının xatirəsi yad edilib.
Çıxış edən Bahçeşehir Universiteti rektorunun müavini, professor Tunc Bozbura türklərin əsrlər boyu bir çox qətliamlara məruz qaldıqlarını bildirib. Qeyd edib ki, bütün olanlara baxmayaraq, türk milləti olaraq hər zaman gələcəyə ümid bəsləmişik. Lakin tarixdə baş verən qanlı hadisələri heç bir zaman unutmayacağıq və bunu gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur.
T.Bozbura gələcəkdə daha yaxşı izlər qoymaq uğrunda mübarizə aparmağın vacibliyini vurğulayıb. Xocalı qətliamını insanlıq tarixində görülmüş ən böyük vəhşiliklərdən biri adlandıran professor, qardaş ölkə Türkiyənin bu qanlı hadisənin səbəbkarlarının cəzalandırılmasını tələb etdiyini bildirib.
Tədbirdə çıxış edən universitetin dosenti Mehmet Çelik Azərbaycanın yalnız azərbaycanlıların deyil, bütün türk dünyasının Vətəni olduğunu bildirib. Qeyd edib ki, bu səbəbdən Azərbaycanın kədəri bütün türk dünyasının kədəridir. “Biz bu gün burada 27 il öncə vəhşicəsinə qətlə yetirilmiş doğmalarımızı yad edirik”, - deyən M.Çelik Xocalıda öldürülənlər arasında dinc sakinlərin - uşaqların, qadınların və qocaların çoxluq təşkil etdiyini, bu səbəbdən Xocalıda baş verənlərin məhz soyqırımı, qətliam olduğunu vurğulayıb. Bildirib ki, bu qətliam ermənilərin işğalçı siyasətinin bir hissəsidir və Xocalıda cəsədlərin üzərində törədilmiş vəhşiliklər insanlıqdan kənar davranışdır.
M.Çelik bu tarixin təkrarlanmaması və ədalətin bərqərar olması uğrunda mübarizə aparmağın vacibliyini qeyd edib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Bəhruz Həsənov bildirib ki, 27 il keçməsinə baxmayaraq, Xocalı soyqırımı beynəlxalq platformada hələ də yetərincə tanınmayıb. Qeyd edilib ki, illər boyu təkcə Xocalıda deyil, Azərbaycanın digər bölgələrində də ermənilər tərəfindən müxtəlif qanlı hadisələr törədilib. O zaman müstəqilliyini yeni qazanmış Azərbaycanın bu hadisələrin qarşısını almağa gücü yetmədi. Belə ki, o zamanlar Azərbaycan Ordusu formalaşmamışdı və könüllülərdən ibarət dəstələr ermənilərə qarşı öz gücləri hesabına mübarizə aparmağa çalışırdı. Bunun nəticəsidir ki, biz bu gün Azərbaycan xalqına qarşı törədilmiş növbəti qanlı hadisənin ildönümünü qeyd edirik. Hazırda Azərbaycan dünyanın ən inkişaf etmiş və güclü orduya sahib dövlətlərindən biridir. Lakin buna baxmayaraq, ərazi bütövlüyümüzün bərpasını istəyirik, eyni zamanda, sülhün, əmin-amanlığın tərəfindəyik.
“Xocalı həqiqətlərini
və ermənilər tərəfindən törədilmiş
bu kimi digər
qanlı hadisələri dünya ictimaiyyətinə
çatdırmaq bizim borcumuzdur”,
- deyən B.Həsənov bu məsələdə
sosial mediadan istifadənin
vacibliyini vurğulayıb. Qeyd edib ki, artıq
dünyada sosial media klassik medianı üstələyir. Öz həqiqətlərimizi dünya ictimaiyyətinə
çatdırmaq üçün
xüsusən gənclər
sosial medianın gücündən geniş
istifadə etməlidir.
Hazırda dünyada informasiya
müharibəsi məhz
sosial media üzərindən
aparılır və Azərbaycan həqiqətlərini
dünyaya çatdırmaq
bizim əlimizdədir.
B.Həsənov Azərbaycan
torpaqlarının 20 faizinin
erməni işğalı
altında olmasına,
bir milyondan çox insanın öz vətənində məcburi köçkün
vəziyyətində yaşamasına
və Xocalı kimi qətliamların törədilməsinə baxmayaraq,
beynəlxalq ictimaiyyətin
bu hadisələrə
səssiz qaldığını,
ermənilərin hələ
də cəzalandırılmadığını
vurğulayıb. Bildirilib ki,
bu hal dünya
ölkələri üçün
sülhün təhdid
edilməsi deməkdir.
Bildirilib
ki, Xocalı soyqırımını yalnız
anım günlərində
deyil, hər bir beynəlxalq platformada xatırlamaq bizim üçün vacibdir. Biz həqiqətləri
dünyaya tanıtmalı
və geniş təbliği ilə məşğul olmalıyıq.
Xocalı soyqırımı haqqında bütün həqiqətləri dünyaya
çatdırmaq hər
birimizin borcudur.
Tədbirdə çıxış edən
Xocalı faciəsinin
canlı şahidi, Milli Məclisin deputatı Elman Məmmədov
o qanlı gecə haqqında iştirakçılara
ətraflı məlumat
verib.
Sonda azərbaycanlı tələbələrlə
görüş keçirilib,
onları maraqlandıran
suallar cavablandırılıb.
Azərbaycan.- 2019.-26 fevral.- S.5.