ADA
Universitetində Azərbaycanın işğal altındakı
ərazilərində qeyri-qanuni fəaliyyətlərlə
bağlı hesabat təqdim edilib
Azərbaycanın işğal
olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət beynəlxalq
hüquqa ziddir. Ciddi narahatlıq doğuran fakt bəzi ölkələrin
hüquqi və fiziki şəxslərinin Ermənistan və
qeyri-qanuni rejimlə əməkdaşlıq edərək, Azərbaycanın
işğal altındakı ərazilərində qeyri-qanuni
iqtisadi və digər fəaliyyətlə məşğul
olmasıdır. Bu sırada Avropa ölkələrinin
hüquqi və fiziki şəxsləri də yer alırlar.
AZƏRTAC xəbər verir ki, bu
fikirlər fevralın 25-də ADA Universitetində “Azərbaycanın
Ermənistanın işğalı altında olan ərazilərində
qeyri-qanuni fəaliyyətlər: Peykdən çəkilmiş
şəkillərlə sübutlar” adlı hesabatın təqdimatında
səsləndirilib.
Hesabatda Azərbaycanın
işğal olunmuş ərazilərində aparılan
qeyri-qanuni fəaliyyəti sübut edən kifayət qədər
konkret faktlar təqdim olunub. İşğal edilmiş ərazilərin
“AzərKosmos” ASC tərəfindən əldə olunan yüksək
görüntülü peyk şəkilləri, ümumilikdə,
peyk məlumatları 2016-cı ilin hesabatında verilən
informasiyanı sübuta yetirir və həmin hesabatın bir
sıra əsas nəticələri burada göstərilir.
Hazırkı hesabat isə altı hissədən ibarətdir.
Buraya məskunlaşdırma işinin aparılması və
bu məqsədlə daimi sosial infrastrukturların tikintisi, təbii
ehtiyatların istismarı və talan edilməsi, daimi
infrastruktur dəyişiklikləri, kənd təsərrüfatı
və su ehtiyatlarının istismarı, dövlət və
özəl mülkiyyətin, o cümlədən tarixi və
mədəni irsin dağıdılması və ətraf
mühitə vurulan ziyan daxildir.
“Azərbaycanın Ermənistanın
işğalı altında olan ərazilərində
qeyri-qanuni fəaliyyətlər: Peykdən çəkilmiş
şəkillərlə sübutlar” adlı hesabatın təqdimatında
ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev tədbirin əhəmiyyətinə
toxundu. Qeyd etdi ki, təqdimatda çox sayda nüfuzlu qonaqlar
iştirak edir. Dağlıq Qarabağ münaqişəsinə
ikili standartlardan yanaşıldığını deyən
rektor işğal olunmuş ərazilərdə peykdən
çəkilən şəkillərin beynəlxalq təşkilatlara
təqdim edilməsinin əhəmiyyətinə toxundu.
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev
çıxış edərək bildirdi ki, Prezident İlham
Əliyev Azərbaycanın işğal olunmuş ərazilərində
qeyri-qanuni fəaliyyət mövzusunun daha da inkişaf etdirilməsini
davamlı olaraq diqqət mərkəzində saxlamaq
üçün tapşırıqlar verir. Müasir peyk
texnologiyalarının münaqişələrin xəritələrinin
çəkilməsində, qeyri-qanuni fəaliyyətin, hərbi
cinayətlərin və bəşəriyyətə
qarşı cinayətlərin sənədləşdirilməsində
və sübutların təmin edilməsində böyük
rol oynadığını deyən Hikmət Hacıyev qeyd
edib ki, münaqişə ərazisi kimi Azərbaycanın
işğal olunmuş əraziləri barədə məlumat əldə
etməkdə çətinliklər var. Ermənistan tərəfi
orada törətdiyi cinayət əməllərini gizlətmək
üçün müxtəlif vasitələrə əl
atır. Amma bu gün peyk dövləti Azərbaycan öz peyk
imkanları vasitəsilə işğal olunmuş ərazilərimizdə
qeyri-qanuni əməlləri ifşa etmək və onu beynəlxalq
ictimaiyyətə təqdim etmək imkanlarına malikdir.
“ATƏT-in 2005-ci və 2010-cu illərdəki
faktaraşdırıcı və qiymətləndirmə
missiyaları Azərbaycanın zəbt edilmiş
torpaqlarında qeyri-qanuni fəaliyyətin, o cümlədən
qeyri-qanuni məskunlaşdırmanın fundamental
sübutlarını müəyyən ediblər”, - deyən
Prezident Administrasiyasının rəsmisi həmin vaxtdan etibarən,
Ermənistanın bu qəbildən növbəti qiymətləndirmə
missiyalarının təşkil edilməsinə hər vəchlə
mane olduğunu diqqətə çatdırıb. 2016-cı
ildə Azərbaycan tərəfinin hazırladığı
“Azərbaycanın işğal olunmuş ərazilərində
qeyri-qanuni iqtisadi və digər fəaliyyət”
başlıqlı hesabat göstərdi ki, qeyri-qanuni hərəkətlərin
coğrafiyası və miqyası inanılmaz dərəcədə
genişlənib. Beynəlxalq humanitar hüquqa, ATƏT-in Minsk
qrupunun və beynəlxalq ictimaiyyətin
çağırışlarına məhəl qoymadan, Ermənistan
və ona tabe olan qanunsuz rejim, işğal edilmiş ərazilərdə,
o cümlədən Azərbaycanın Dağlıq Qarabağ
regionunun ətrafında yerləşən rayonlarda ermənilərin
sayının süni şəkildə artırılmasına
çalışaraq, tam əksinə mövqe nümayiş
etdirir. Beynəlxalq hüquq, o cümlədən beynəlxalq
humanitar hüquq nöqteyi-nəzərindən işğal
olunmuş ərazilərdə qanunsuz fəaliyyətin
aparılması qadağandır. Bu qəbildən olan fəaliyyət
hərbi cinayət kimi təfsir olunmalıdır.
“Biz beynəlxalq ictimaiyyətə
müraciət edərək, onu həm Ermənistandan, həm
də xarici ölkələrdən insanları işğal
altındakı ərazilərə köçürmək və
həmin yerlərdə qeyri-qanuni iqtisadi və digər fəaliyyətləri
aparmaq istiqamətində Ermənistanın bu gün göstərdiyi
səyləri pisləməyə
çağırırıq”, - deyən Hikmət Hacıyev
vurğulayıb ki, eyni zamanda, Azərbaycan Respublikası, beynəlxalq
hüquq əsasında öz öhdəliklərinə
uyğun olaraq, beynəlxalq ictimaiyyətin bütün üzvlərinə
üz tutaraq, onlardan xahiş edir ki, Azərbaycanın
suverenliyinə və ərazi bütövlüyünə
qarşı öz ərazilərindən olan hər hansı
fiziki və hüquqi şəxslər tərəfindən
aparılan fəaliyyətə, xüsusən də,
Dağlıq Qarabağ bölgəsində və Azərbaycanın
digər işğal edilmiş ərazilərində hər
hansı qeyri-qanuni fəaliyyətin aparılmasına və ya
onun üçün şəraitin yaradılmasına son qoya
biləcək öz milli qanunvericiliyi əsasında səmərəli
tədbirlər görsünlər.
“AzərKosmos” ASC-nin sədri Rəşad
Nəbiyev deyib ki, bu mövzu nəinki Azərbaycana,
ümumilikdə regiona aiddir. İşğal olunmuş ərazilərdə
qeyri-qanuni fəaliyyət Dağlıq Qarabağ
münaqişəsinin həllinə mənfi təsir göstərir,
- deyən Rəşad Nəbiyev vurğuladı ki, peykdən əldə
olunmuş şəkillər qeyri-qanuni fəaliyyəti tam
sübut edir və Azərbaycan peyklərindən işğal
altında olan tarixi torpaqlarımızda ermənilərin
törətdiyi talanlar, vəhşikliklər və
dağıdıcı fəaliyyətlə bağlı konkret
dəlillərin əldə olunmasında istifadə edilir.
Şəkillər həm də müxtəlif yerlərdə
təbii ehtiyatların intensiv şəkildə talan
olunmasını göstərir.
Dağlıq Qarabağ və
işğal altında olan digər torpaqlarımızda mədəni
abidələr dağıdılır, kənd təsərrüfatı
üçün torpaqlarda yanğınlar törədilir, su
ehtiyatları məhv edilir və bu fəaliyyət ümumilikdə
regionun ekoloji durumuna mənfi təsir göstərir.
Sonra tədbir
iştirakçılarının sualları
cavablandırıldı.
Azərbaycan. - 2019.-26 fevral.- S.5.