İnsanlıq tarixinin ən dəhşətli
terror aktı
XX əsrin Xocalı faciəsindən əvvəl dünyada iki yaşayış məntəqəsi eyni üsulla Yer üzündən silinmiş və sakinləri məhv edilmişdir. Bunlardan birincisi Belarusun Xatın kəndidir. 1941-ci ildə faşistlər Xatın kəndini tamamilə yandırmış, dinc sakinləri məhv etmişdilər.
Buna oxşar ikinci hadisə Vyetnam müharibəsi zamanı Sonqmi kəndində baş vermişdir. Sonqmi kəndinin sakinləri partizanlara dəstək vermək bəhanəsi ilə böyükdən-kiçiyə bütünlüklə məhv edilmişdir.
Bu iki hadisə müharibə tarixinə dinc əhalinin soyqırımı kimi daxil olmuş və bütün dünyada əks-səda doğurmuşdur. Həmin faciələr yalnız Xocalıdan əvvəl erməni silahlı birləşmələri tərəfindən yandırılan, sakinləri qətlə yetirilən Kərkicahan, Meşəli, Cəmilli, Malıbəyli, Quşçular və Qarabağlı ilə oxşardır. Lakin Xocalı soyqırımı miqyasına və böyüklüyünə görə onların hamısından dəhşətlidir. Ümummilli lider Heydər Əliyev bununla bağlı demişdir: "Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”.
1988-ci ildə Ermənistandan zorla çıxarılan 250 min azərbaycanlının bir hissəsinin Xocalıda yerləşdirilməsini, onlara torpaq sahəsi ayrılmasını nə Əsgəran, nə də Xankəndi erməniləri qəbul edirdi. Buna görə Xankəndi-Xocalı-Əsgəran istiqamətində azərbaycanlılara məxsus avtomobilləri ermənilər əzir, sahiblərinə müxtəlif xəsarətlər yetirirdilər. Həmin il sentyabrın 18-də Xankəndidə keçirilən nümayişdən sonra 12 minə qədər erməni 10 kilometrlik məsafəni piyada qət edərək Xocalıya tərəf üz tutur. Ermənilərdən irəlidə isə 4 "Kraz” və "KamAZ” yük avtomobilləri gedirdi. Onların arasında xüsusi təlim keçmiş döyüşçülər də çox idi. Ermənilər benzin doldurulmuş butulkalarla, ucu itilənmiş armaturlarla silahlanmışdılar. Xocalıya iki kilometr qalmış ermənilərə qarşı az bir qüvvə ilə həmləyə keçən xocalılılar onları geriyə qayıtmağa məcbur etdilər.
1991-ci ildə Xocalıya gələn yollar ermənilər tərəfindən tez-tez bağlanırdı. Həmin ilin oktyabrından isə tam mühasirədə saxlanan Xocalıya gedən bütün avtomobil yolları bağlandı. Artıq şəhərlə gediş-gəliş yeganə nəqliyyat vasitəsi kimi vertolyotla həyata keçirilirdi. Belə vəziyyət şəhərin özünümüdafiəsi üçün ciddi problemlər yaradırdı.
1992-ci il fevralın 18-də Xocalı istiqamətində olan yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmiş, yüksək mövqelər ermənilər tərəfindən tutulmuşdu. Ermənilər üçün əsas hədəf Xocalı idi. Onların başlıca məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət strateji əhəmiyyətli ərazidə maneəni aradan qaldırmaq idisə, digər tərəfdən Xocalı soyqırımını törətməklə Dağlıq Qarabağı və əlavə Azərbaycan torpaqlarını ələ keçirməklə xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini zəbt etdilər. Şəhəri toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutdular. Fevralın 26-sı səhər saat 5 radələrində şəhər tamam alova bürünmüşdü. Belə bir vəziyyətdə erməni silahlıları əhatəsində olan 2500 nəfərə yaxın əhali şəhəri tərk etməyə məcbur olmuşdu. Şəhəri yerlə yeksan edən erməni silahlı dəstələri dinc əhaliyə divan tutdular. Bu qırğının nəticəsində 63 uşaq, 106 qadın, 70 qoca, 8 ailə tamamilə məhv edilmişdir. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. 487 nəfər yaralanmış, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür.
Erməni silahlı dəstələrinin Xocalıya hücumunu şəhərin coğrafi mövqeyi şərtləndirirdi. 7000 əhalisi olan Xocalı Xankəndidən 10 kilometr cənub-şərqdə, Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşirdi. Qarabağdakı yeganə aeroport da Xocalıda idi. Xocalıya üç istiqamətdə hücum edildiyindən əhali Əsgəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdu ki, bu, hiylə imiş. Naxçivanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləbaran olunmuşlar. Qarlı aşırımlarda və meşələrdə taqətdən düşmüş insanların çoxu Əsgəran-Naxçıvanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdi. Ermənilər vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular.
Fevralın 28-də tərkibində yerli jurnalistlər də olan qrup iki vertolyotla azərbaycanlıların həlak olduqları yerdə olub. Gördükləri mənzərə hamını dəhşətə gətirib - düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyit götürmək mümkün olmuşdu. Martın 1-də yerli və xarici jurnalistlərin daha dəhşətli mənzərə ilə - meyitlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərin çıxarılması, ətrafların kəsilməsi, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları ilə rastlaşmışdılar.
Əslən Xocalıdan olan, əməkdar həkim Məmməd Nağıyev deyir ki, fevralın 26-na keçən gecə Xocalı özünümüdafiə dəstələri zirehli texnikanın qarşısını almağa çalışsalar da, təpədən-dırnağadək silahlanmış düşmənin güclü müqavimətini qıra bilmədilər. Mühasirə halqası getdikcə daralır, nankorlar şəhərə doluşurdu. Erməni cəlladları dinc əhaliyə amansız divan tutur, işgəncələr verir, adamları kütləvi şəkildə qırırdılar. Qaçmağa məcbur olduq. Güllələr üstümüzə od kimi yağır, hamı canını qurtarmağa çalışırdı. Məndən irəlidə anası ilə gedən 10-11 yaşlı uşağı yaraladılar. Onun vahiməli qışqırtısına ermənilər tökülüşüb gəldilər. Bizim dəstədə olanların hamısını girov götürdülər. Yol gedə-gedə 14 nəfər ağır yaralının qanaxmasının qarşısını aldım. Paltarlarını cırıb sarğı kimi istifadə edirdim. Bizə olmazın əzab və işgəncələr verdilər.
Özümdə-sözümdə deyildim. Sonra bildim ki, Matan nənənin üç oğlunu - Zakir, Əliyar və Elşadı seçib aparanda yalvarıb-yaxarır ki, heç olmasa Məmməd həkimə dəyməyin, onu mənə bağışlayın.
Təsadüf nəticəsində sağ qalmış hansı bir xocalılını dindirsən, quldurların bundan da betər vəhşiliklərindən danışar. Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərəkətləri insan haqlarının kobud pozulması, Cenevrə Konvensiyasının, Ümumdünya İnsan Haqları Bəyannaməsinin, Vətəndaş və siyasi hüquqlar barədə Beynəlxalq Sazişin, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinin, habelə digər beynəlxalq təşkilatların qətnamə və qərarlarına əməl edilməməsi deməkdir.
Rəhman SALMANLI
Azərbaycan.
- 2019.-26 fevral.- S.8.