Avropa Parlamentinin üzvləri Xocalı soyqırımı qurbanlarının xatirəsini hər il anım günü kimi qeyd etməyə çağırıblar

 

Xocalı soyqırımının ildönümü ərəfəsində Avropa Parlamentinin 60-dan çox üzvü bəyanat imzalayıb. Bəyanatda bildirilir ki, gələcəkdə bəşəriyyətə qarşı belə cinayətlərin qarşısını almaq məqsədilə Xocalı soyqırımının günahsız mülki qurbanlarının xatirəsi ehtiramla yad edilməlidir.

AZƏRTAC xəbər verir ki, bəyanatda Xocalıda baş vermiş qanlı hadisələrin qurbanları olmuş qadın, uşaq və yaşlı insanlar haqqında məlumat da yer alıb.

Hesab edirik ki, gələcəkdə bəşəriyyətə qarşı belə cinayətlərin bir daha baş verməməsi üçün Xocalıda törədilmiş dəhşətli hadisələr zamanı həyatını itirmiş insanların xatirəsini yad etmək böyük əhəmiyyət kəsb edir. 27 il öncə Azərbaycanın Dağlıq Qarabağ regionunda baş vermiş Xocalı qətliamının günahsız qurbanlarının xatirəsini böyük hüznlə yad edir və onların ailələrinə başsağlığı veririk. Xocalı faciəsi zamanı həyatını itirmiş insanların ailələrinin kədərini bölüşürük. Biz, Avropa Parlamentinin üzvləri bütün həmkarlarımızı Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etməyə və hər il bu günü qurbanların xatirəsinə hörmət əlaməti olaraq anım günü kimi qeyd etməyə çağırırıq”, - deyə bəyanatı imzalayan Avropa Parlamentinin üzvləri öz həmkarlarına müraciət ediblər.

Xatırladaq ki, ötən ilin fevral ayında Xocalı soyqırımının ildönümü ərəfəsində ilk dəfə Avropa Parlamentinin 22 deputatı Xocalı qətliamının müharibə cinayətləri kimi tanınması ilə bağlı bəyanatla çıxış edib və faciə qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq ölkəmizə başsağlığı veriblər. Qurumdakı deputatlarımız bir il ərzində Avropa Parlamentində 1992-ci il fevralın 26-da erməni işğalçıları tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında məlumatlandırma aksiyasını genişləndirib və bu təşəbbüsə qoşulan deputatların sayı cari ildə 3 dəfə artıb.

Xocalı soyqırımı ilə bağlı bəyanatı imzalayan deputatlar Avropa İttifaqına üzv ölkələrin yarısından çoxunu (28 üzv ölkədən 15-ni) və Avropa Parlamentində yer alan 8 siyasi qrupdan 6-sını təmsil edirlər.

 

Azərbaycan.- 2019.-26 fevral.- S.9.